Azərbaycanda hakimiyyətlə siyasi qüvvələr arasında dialoq, aktual mövzuların bir araya gələrək müzakirə edilməsi təcrübəsi var. Son illərdə bu təcrübənin ən parlaq və geniş müstəvini əhatə edən nümunəsi kimi 2015-ci il parlament seçkiləri öncəsi hakimiyyət təmsilçisi ilə siyasi partiyaların rəhbərləri arasında ard-arda keçirilən görüşləri xatırlamaq kifayətdir.
Hər kəsin müsbət qiymətləndirdiyi o zamankı dialoq prosesi nədənsə sonradan dayandı. Hakim Yeni Azərbaycan Partiyasından hazırda da müxalifətlə dialoq mühitinin olduğu bu yaxınlarda bəyan edildi. Məsələn, YAP icra katibinin müavini Siyavuş Novruzov bu yaxınlarda bildirmişdi ki, Milli Məclisdə təmsil olunan müxalifət partiyaları ilə hakim partiya arasında yaxşı dialoq mühiti mövcuddur.
Parlamentdə təmsil olunmayan partiyalar isə bəyan edir ki, Azərbaycanın daxil olduğu regionda geosiyasi vəziyyətin getdikcə gərginləşməsi, Qarabağ məsələsinin daha da aktuallaşmaqda olduğu bir vaxtda hakimiyyətlə müxalifət arasında dialoqa, konstruktiv münasibətlərin qurulmasına ehtiyac var. Konstruktiv münasibətlərin qurulması üçünsə siyasi qüvvələr arasında dialoq mühiti ilkin şərtdir.

VİP sədri Əli Əliyev bildirdi ki, əslində əgər həqiqətən ölkə ətrafında vəziyyət təqdim olunduğu kimidirsə, o zaman çoxdan belə kommunikasiya yaranmalı idi. İqtidar-müxalifət təmasları çox normal davranış qaydasıdır: “Ölkənin siyasi qüvvələri cəmiyyətin maraqlarını qorumağı öyrənməlidir. Mən belə görüşlərin, əlaqələrin olmasının tərəfdarıyam. Açıq və dürüst davranış yalnız millətə faydalı ola bilər”.

AĞ Partiyanın sədri Tural Abbaslı da ölkəmizin yaxın ətrafında çox həssas və təhlükəli proseslərin yaşandığını bildirdi. Onun fikrincə, hazırda ölkədə seçki olmasa da, regionda belə qarışıq dövrlərdə atılmalı olan ilk addım hakimiyyətlə müxalifətin, xalqın birgə göstərəcəyi birlik zəruridir: “Bunun üçün də ilk növbədə geniş müxalifət və ictimaiyyət sektorunun təmsil olunduğu dəyirmi masa təşkil olunmalıdır. Məsələn, ilk müzakirəyə Qarabağ məsələsini çıxarmaq olar. Unutmayaq ki, iqtidarın müxalifəti nəzərə almadığı hər bir ölkə kənardan törədiləcək istənilən təxribatlara açıq ölkə olur. Dialoq, islahat, milli barışıq və inkişaf ölkəni xaosdan, təxribatlardan immunitetli ölkə halına gətirir. Biz ölkəmizin güclü immunitetə malik olmasını hər zaman istəyirik”.

ADP sədri Sərdar Cəlaloğlu bildirdi ki, cəmiyyətdə siyasi qüvvələr arasında dialoqa hər zaman ehtiyac var. Amma bu dialoq imitasiya xarakteri daşımamalı, mövcud olan problemlərin həllinə kömək etməlidir: “Hakimiyyət təmsilçiləri də, müxalifət də atılan hər bir addımda yalnız xalqın və dövlətin maraqlarını nəzərə almağa borcludur. Ölkədə siyasi mühitin yumşaldılması, siyasi azadlıqların bərpa edilməsi, vətəndaş sülhünə nail olunması və iqtidar-müxalifət münasibətlərinin sivil bir müstəviyə daşınması istiqamətində addımlar atılmalıdır. İlk növbədə ölkədə siyasi partiyaların təsir imkanlarının artırılması zərurəti var. Biz 10 ildən artıqdır real, ciddi, nəticəli dialoq çağırışlarını edirik. Bu istiqamətdə 2007-ci ildə partiyamızın konkret rəsmi qərarı da olub”.

AMİP katibi Əli Orucov qeyd etdi ki, bu günə kimi iqtidar-müxalifət görüşləri keçirilib. İndi isə iqtidar-müxalifət dialoquna ehtiyac var: “Cəmiyyətdə sivil siyasi partiyaların mövqeləri zəiflədikcə, terroru, terroristi rəğbətlə qarşılama meyllərinin də şahidi oluruq. Siyasi partiyaların cəmiyyətdə mövqelərinin güclənməsi dövlətə lazımdır. Bu və ya digər mühüm səbəbləri nəzərə alaraq hesab edirəm ki, iqtidar-müxalifət dialoqu mütləq keçirilməlidir. Uzağa getməyək, Türkiyə təcrübəsi göstərir ki, iqtidarlı müxalifətli xalq, millət və cəmiyyət bir yerdə olmasa taleyüklü və çətin problemləri həll etmək, xüsusən də milli təhlükəsizliyi indiki qarışıq dünyamızda qorumaq mümkün deyil. Demokratik düşərgə dialoqa həmişə hazırdır. Dialoqun baş tutması üçün hakimiyyətdən ciddi addımın atılması gərəkdir”.
“Yeni Müsavat”
