|
KTN rəsmisi: “Pambığın sahədə qalması fermerin məsuliyyətsizliyidir”

Azərbaycanda pambıq yığımının qızğın çağı olan bu günlərdə sosial şəbəkələrdə bu proses barədə müxtəlif məlumatlar yayılmaqdadır. Bir sıra sosial şəbəkə istifadəçiləri məhsul bol olsa da, rayonlarda pambığın sahələrdə qaldığını və yığılmadığını bildirirlər.

Məsələn, iqtisadçı-alim, ADR Hərəkatının rəhbəri Qubad İbadoğlu bildirir ki, ki, neftin qiyməti bahalaşdığına görə pambığa maraq azalıb: “Beyləqandan verilən məlumata görə, pambıq sahələrdə tökülüb, yerdə qalaraq, çürüyür və zay olur. Alış qiymətinin aşağı olmasına görə yerli əhali pambıq yığmağa maraq göstərmir. Hazırda pambığın hər kiloqramını yığmağa görə əhaliyə maksimum 15 qəpik ödənilir”.

Q.İbadoğlunun yazdığına görə, Salyan Rayon İcra Hakimiyyətində bələdiyyələrin və yerli icra nümayəndələrinin iştirakı ilə keçirilən toplantıda icra başçısı pambıq yığımına əhalinin marağının olmamasından gileylənib və təklif edib ki, yığıma səhiyyə və təhsil müəssisələrinin texniki işçiləri məcburi qaydada cəlb edilsin. Bu rayonda kombaynların çatışmazlığı da müzakirə mövzusu olub: “Bir məlumatı da qeyd edim ki, əllə yığılan pambıq maşınla yığılandan daha təmiz olduğuna görə fermerlər pambığın maşınla toplanmasına çox da maraq göstərmirlər. Çünki maşına toplanan pambığın çirklilik dərəcəsi yüksək olduğundan sortu MTK-lar tərəfindən aşağı yazılır və bunun da nəticəsində pambığın alış qiyməti də ucuzlaşır”.

İqtisadçı-alim həmçinin Sabirabadda gələn il üçün məcburi pambıq əkini müqavilələrinin indidən bağlandığını, məktəblərin texniki işçilərinin məcburən pambıq yığımına cəlb olunduğunu qeyd edir: “Pambıq yığımı mövsümü pambıq mövzusunu xeyli aktuallaşdırıb. Regionlardan çoxsaylı məlumatlar daxil olmaqdadır. Verilən məlumata görə, Sabirabad rayonun Ulacalı kəndinə yeni təyin olunmuş icra nümayəndəsi Mehman Cəfərov 21 oktyabr 2018-ci ildə əkinçiliklə məşğul olan sakinləri iclasa toplayaraq onların boynuna gələn il pambıq əkmək öhdəliyi qoyub və məsələni yerindəcə rəsmiləşdirərək məcburi qaydada müqavilə imzalatdırıb. Mehman Cəfərov iclasda deyib ki, analoji müqaviləni sabah kənd məktəbinin müəllimlərinə də bağlatdıracaq. Sabirabad rayonunun icra başçısı adından danışan kənd icra nümayəndəsi pambıq əkmək öhdəliyinə riayət etməyib qarpız, taxıl, yonca və sair əkənlərin sahələrinə traktor salaraq şumlatdıracağını deyərək onları hədələyib”.

qubad ibadoğlu ile ilgili görsel sonucu

Bu rayondan gələn digər məlumatda adının çəkilməsini istəməyən fermer bildirib ki, Sabirabad rayonu Cavad kəndində bu il pambığın məhsuldarlığı çox aşağı olub. Fermer əllə yığılan pambığın hər kiloqramına maksimum 15 qəpik ödədiklərini yazır: “Onsuz da məhsuldarlıq aşağıdır, zərərə düşəcəyik”. Fermerin dediyinə görə, kənddə həyat səviyyəsi aşağı olduğuna, işsizliyin mövcudluğuna görə əhali bu qiymətə pambıq yığmağa könülsüz də olsa razılaşır, çünki işləmək üçün başqa imkan yoxdur. Fermer kənd məktəbinin texniki işçilərinin məcburən pambıq yığımına cəlb olunması faktını da təsdiqləyib.

Bu rayondan aldığım sonuncu məlumata görə, Sabirabad pambıq zavodu xərclərinin artdığını əsas gətirərək traktorçulara verilən günorta yeməyini ləğv edib. Bundan xəbər tutan traktorçular etiraz edərək bir neçə saatlıq işi dayandırıblar. Ancaq etirazlar və danışıqlar bir fayda verməyib, zavoddan traktorçulara verilən günorta yeməyini bərpa etməyəcəklərini bildiriblər".

Kənd Təsərrüfatı Nazirliyinin (KTN) İctimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini Vüqar Hüseynov isə bildirir ki, “əgər hansısa sahədə pambıq yığılmırsa, bu, fermerin günahı, səriştəsizliyidir”. “Yeni Müsavat”a danışan nazirlik rəsmisi qeyd edib ki, pambıq əkini  gəlirli sahədir və onu əkən fermerlər yetərincə qazanc əldə edirlər: “Cənab prezidentin tapşırığı əsasında ötən ay Kənd Təsərrüfatı Nazirliyi və İqtisadiyyat Nazirliyinin nümayəndələri pambıq emalı müəssisələrinin rəhbərləri ilə görüş keçirdi və nəticədə emal müəssisələri ilə xam pambığın alış qiymətinin 50 manat artırılması haqqında qərar qəbul olundu. Yeni qiymətlərə əsasən, emal müəssisələri birinci növ pambığın bir tonunu 650 manatdan alır. Bundan başqa, dövlət emal müəssisələrinə təhvil verilmiş hər ton pambığa görə 100 manat subsidiya ödəyir. Hər hektardan orta hesabla 30 sentner məhsul yığılırsa, bu, təxminən 2250 manat pul deməkdir. Kim bu qazancdan imtina edib, pambığı sahədə çürüdər? Buna görə ya pambığın sahədə çürüməsi iddiaları yanlışdır, ya da fermerin biznes təfəkkürü yoxdur”.

V.Hüseynovun sözlərinə görə, əllə pambıq yığmaq heç kim üçün məcburi deyil: “Burada əsas məsələ sahibkardan asılıdır. Sahibkar elə qiymət təklif etməlidir ki, insanlar əllə yığıma maraq göstərsinlər. Dövlətin pambıq əkininə görə subsidiya verməsinin əsas səbəblərindən biri fermerin əllə yığıma xərclədiyi vəsaitin əvəzini qarşılamaqdır. Bu vəsaiti yığıma sərf etməyib, pambığı sahədə çürütmək məntiqsizlikdən başqa bir şey deyil. Eyni zamanda bir məsuliyyətsiz fermerin məntiqsiz hərəkətini ümumiləşdirmək düzgün deyil. Beyləqan rayonunun pambıq sahələrində bu il məhsuldarlıq kifayət qədər yüksəkdir, sosial şəbəkələrdə bunu təsdiqləyən, fermerlərin çəkib paylaşdığı onlarla videolar var”.

V.Hüseynov gələn il üçün pambıq əkini ilə bağlı Sabirabadda insanlara məcburən müqavilə imzalatdırılması məsələsinə də toxunub. Onun dediyinə görə, bu məsələnin KTN-ə aidiyyəti yoxdur: “Biz nazirlik olaraq heç bir fermerə deyə bilmərik ki, nəyi əksin, nəyi əkməsin. Kiməsə məcburən nəsə etdirirlərsə, aidiyyəti orqanlara müraciət etsin”.

“Yeni Müsavat”