|
Azərbaycan Çexiyadan yeni silah - sursat ala bilər

Çexiyaya işgüzar səfərdə olan müdafiə naziri general-polkovnik Zakir Həsənov burada keçirilən “Beynəlxalq Gələcək Qüvvələr Sərgisi 2018"də iştirak edib.

Sərginin rəsmi açılış mərasimindən sonra general-polkovnik Z.Həsənov çexiyalı həmkarı Lubomir Metnar ilə ikitərəfli görüş keçirib. 

Görüşdə Azərbaycan ilə Çexiya arasında hərbi əməkdaşlığın hazırkı vəziyyəti, inkişaf perspektivləri, eləcə də regiondakı təhlükəsizlik məsələləri barədə ətraflı fikir mübadiləsi aparılıb. Onu da qeyd son zamanlar Azərbaycanla Çexiya arasında hərbi əməkdaşlıq genişlənməkdədir. Ötən ilin sentyabr ayında isə  Azərbaycan Çexiya istehsalı olan “DANA” özüyeriyən artilleriya qurğusunu almışdı. Bu artilleriya qurğuları hərbi paradda nümayiş olundu. İyunun 27-də isə Çexiyadakı erməni diasporu Praqa şəhərində Azərbaycana silah satışına qarşı aksiya keçirdilər. Ermənistanı narahat edən digər məqam Çexiyanın Azərbaycanla hərbi əməkdaşlığı davam etdirməsidir. Məlumatlara görə, Çexiya Azərbaycana artilleriya qurğuları ilə yanaşı, daşınabilən raketlər və yaylım atəşi açan reaktiv sistemlər də satmağa hazırlaşır.

Üzeyir Cəfərov ile ilgili görsel sonucu

“Yeni Müsavat”a danışan hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra bir sıra ölkələrlə hərbi, iqtisadi-siyasi əlaqələrini genişləndirir: “Bu ölkələrdən biri də Çexiya Respublikasıdır. Çexiya hər zaman NATO-nun sayılıb-seçilən üzvlərindən biri kimi fərqlənir. Azərbaycan Çexiya ilə sıx hərbi əlaqələrə malikdir. Çexiya Azərbaycanda özünün hərbi attaşesi ilə təmsil olunub. Azərbaycan Çexiyaya çox böyük önəm verir. Ölkənin hərbi sahəyə cavabdeh olan birinci şəxsinin də Çexiyaya səfəri, sıradan, adi səfər sayıla bilməz. Çünki onlar qeyd etdiyimiz kimi Azərbaycana hər zaman önəm veriblər. Baxmayaraq ki, bizim bədnam qonşularımız bundan çox böyük əndişə keçirirlər. Son zamanlar Azərbaycan Silahlı Qüvvələrinin arsenalına Çexiyada istehsal olunan müasir raket kompleksi daxil edilib. Müdafiə naziri budəfəki səfəri zamanı təkcə Müdafiə Nazirliyi sistemi ilə deyil, o cümlədən də onların müdafiə sənayesi kompleksi ilə də yaxından tanış oldu, Çexiyanın əlaqədar şəxsləri ilə bir sıra görüşlər keçirdi. Bunun özü onu deməyə əsas verir ki, yaxın zamanlarda biz Çexiyadan növbəti silah-sursatın alınmasının şahidi olacağıq. Bu da çox normal haldır. Çünki Azərbaycan silahlı qüvvələrinin döyüş qabiliyyətini artırmaq üçün nə lazımdırsa edilir və bundan sonra da ediləcək. Bu, Azərbaycan siyasi rəhbərliyinin qətiyyətidir. Bunu hər zaman qeyd ediblər”.

Ekspert bildirib ki, 2018-ci ilin sonu Azərbaycan Çexiyadan növbəti silahlar ala bilər: “İnanıram ki, biz bu ilin sonu, gələn ilin əvvəllərində Azərbaycanın Çexiyadan daha modern silah-sursat  almasının şahidi olacağıq. Bunu biz heç zaman gizlətməmişik və belə bir fikrimiz də yoxdur. Çünki nə qədər ki, düşmən işğal olunmuş ərazilərimizdən çıxmaq niyyətində deyil, biz onu məcbur etmək üçün yeni silahlar almalıyıq və belə də olacaq. Bunun da çox böyük  ənənəsi var. Ermənilər Çexiyanın Ermənistandakı səfirliyi vasitəsilə hay-küy salmaq istədilər. Onlar da açığı dedilər ki, bu, dövlət səviyyəsində deyil, Çexiyaya yaxın olan özəl hərbi şirkətlər tərəfindən həyata keçirilmiş bir addım idi. Bu da çox normaldır. Açığını deyim ki, Çexiyanın istehsal etdiyi məhsulların çox yaxşı keyfiyyəti var. Yəni bu silah-sursatlar müasir tələblərə cavab verir. Bunun da bir qismini Azərbaycan Silahlı Qüvvələri əldə edib. Digər bir tələb olunan qismi isə yaxın zamanlarda silahlı qüvvələrin arsenalında görəcəyik”.