ABŞ prezidenti Donald Trampın OPEK-i dünya neft bazarında manipulyasiyalarda ittiham edən çıxışlarından sonra bu ölkənin parlamenti daha kəskin addıma hazırlaşır.
Belə ki, Konqresin hüquq məsələləri komitəsi qısa adı NOPEK olan qanun layihəsini “diriltmək” qərarına gəlib. İyun ayında Tramp bəyan edib ki, Konqres neft hasilatçıları və ixracatçılarının kartel sövdələşməsinin əleyhinə yönəlmiş qanun layihəsi hazırlayıb. Bu qanun qəbul olunarsa, ABŞ məhkəmə orqanlarına OPEK üzvü olan ölkələrə qarşı kartel sövdələşməsi ehtimalı üzrə qaldırılmış iddialara baxmaq hüququ veriləcək. “Neft hasilatçı və ixracatçıları kartelinə yox”( No Oil Producing and Exporting Cartels Act) adlandırılan layihənin qəbulu məsələsi ABŞ-da 1978-ci ildən fasilələrlə bir neçə dəfə gündəmə gətirilib.
Analoji layihələrin prezidentlər Buş və Obamanın dövründə də qəbul olunmasına cəhdlər olub. İndi isə söhbət 30 ildən bəri OPEK-in ən qatı tənqidçisi olan Trampdan gedir.
Layihə qanun şəklində qəbul olunarsa nə baş verər? Amerika məhkəmələri OPEK üzvü olan və olmayan ölkələri kartel sövdələşməsində günahkar elan edərək, onların bu ölkədə olan aktivlərinin ABŞ istehlakçılarının xeyrinə müsadirəsinə dair qərar çıxara bilər. Belə ki, neftin baha qiymətinin məhz ABŞ istehlakçılarının benzini baha qiymətə almasına və maddi zərərə düşməsinə səbəb olduğu bildirilir. Bu qərarın icrasını ABŞ onunla məhkəmə sahəsində əməkdaşlıq sazişi imzalamış bütün ölkələrdən tələb edə bilər. Bu isə neft hasilatçısı olan ölkələri çox böyük itkilərlə üz-üzə qoyacaq bir addım olar. Aydın məsələdir ki, məhkəmə qərarı ilk olaraq onların ABŞ-dakı aktivlərinə şamil olunacaq. Hansı ki, ən böyük neft hasilatçısı və OPEK-də aparıcı söz sahibi olan Səudiyyə Ərəbistanının təkcə ABŞ qiymətli kağızlarında 159 milyard dolları var. Ümumilikdə isə bu ölkənin Birləşmiş Ştatlarda 1 trilyon dollara yaxın investisiyası var. Bu təhlükəni nəzərə alaraq Ər-Riyad qanun layihəsinin qəbuluna qarşı hərəkətə keçib. Bu ilin avqustunda Səudiyyənin ABŞ-dakı səfirliyi dünyaca məşhur Gibson Dunn hüquq firması ilə müqavilə imzalayıb. Dəyəri 250 min dollar olan müqaviləyə əsasən firma NOPEK-in qəbuluna qarşı fəaliyyətlər həyata keçirməlidir.

Düzdür, bir çox analitiklər qanunun tətbiqinin ilk dövründə ABŞ-ın ondan qazancının yüksək olacağını proqnozlaşdırırlar. Lakin onu da nəzərə almaq lazımdır ki, qanun qəbul olunan kimi OPEK ölkələri ABŞ-da və bu ölkənin valyutasında olan vəsaitlərini geri çəkməyə, yerini dəyişməyə başlayacaqlar. Bu isə ABŞ qiymətli kağızlar bazarı üçün ciddi itki deməkdir. Eyni zamanda hasilatçılar ABŞ-a neft satmaqdan imtina edəcəklər. Bu isə heç də ABŞ üçün yaxşı perspektiv vəd etmir.
Layihə Konqresin hər iki palatası tərəfindən dəstəklənir. Lakin onun qəbulu yalnız iqtisadi gəlir və ya itkilərlə məhdudlaşmır. Beynəlxalq ekspertlər hesab edirlər ki, layihə qəbul olunaraq imzalanması üçün prezidentə təqdim olunarsa, bu, D.Trampı çox çətin duruma sala bilər. Belə ki, İrana qarşı mübarizədə Səudiyyə Ərəbistanının dəstəyi ABŞ üçün çox böyük əhəmiyyət kəsb edir. Qanunun qəbulu isə Trampın bu dəstəkdən məhrum olması deməkdir. Bundan əlavə, Tramp neft hasilatçısı ölkələrə yüz milyardlarla dollar dəyərində silah satışı müqavilələri imzalayıb. NOPEK reallaşarsa, bu müqaviələr nəinki ləğv olunacaq, hasilatçı ölkələr ABŞ-ın əzəli rəqibi və düşməni olan Çin və Rusiyaya üz tutacaqlar.
ABŞ Enerji Məlumatları İdarəsinin məlumatına görə, OPEK dünya neft ticarətinin 60 faizinə nəzarət edir. ABŞ konqresmenləri hesab edirlər ki, layihənin qəbulu hasilatçıları bazara sanksiyalar üzündən bazardan çıxacaq İran nefti qədər məhsul çıxarmağa vadar edəcək.
Lakin məsələ burasındadır ki, Səudiyyə Ərəbistanının reallıqda bazarda əksiləcək təklifi təmin etmək imkanları çox məhduddur. Səudiyyə Ərəbistanının İran nefti çıxandan sonra bazarda çatışmayan 2 milyon barelə yaxın nefti təmin edə bilib-bilməyəcəyi ciddi sual altındadır. Baxmayaraq ki, bu ölkə bir neçə dəfə hasilatı artıraraq bazarda əksilən İran neftinin yerini doldura biləcəyini bəyan edib, beynəlxalq mərkəzlər bunu real saymırlar. Belə ki, ilkin məlumatlara görə, sentyabrda Səudiyyədə neft hasilatı gündəlik 10,53 milyon barel təşkil edib. Ölkənin yüksək vəzifəli şəxsləri bu göstəricini gündəlik 12-12,5 milyon barelə çatdırmaq imkanında olduqlarını desələr də, beynəlxalq mərkəzlər bu artımın mümkün olmayacağı qənaətindədilər. Məsələ burasındadır ki, 2016-cı ildə Səudiyyə ABŞ neftini bazarda sıxışdırmaq üçün hasilatı artırmaq xətti yürüdəndə maksimum hasilatı gündəlik 10,6 milyon barelə çatdıra bilmişdi. Qərb neft şirkətlərinin mütəxəssisləri hesab edirlər ki, bu ölkə hasilatı hətta gündəlik 11-11,5 milyon barelə belə çatdırmaq imkanında deyil. Hətta Səudiyyədəki bəzi ekspertlər də deyirlər ki, hasilatın gündəlik 11 milyon barelə çatdırılıb, uzun müddət bu həddə saxlanması çox çətin məsələdir.
Müşahidəçilərin fikrincə, qanun qəbul olunub iddia qaldırılarsa, Səudiyyənin yeganə çıxış yolu real imkanlarını ABŞ məhkəməsində sübut etməyə qalacaq.
Buna görə də OPEK üzv dövlətləri neft qiymətlərindən söhbət açmamağa çağırıb. “Reuters” xəbər verir ki, buna səbəb ABŞ tərəfindən antiinhisar xarakterli iddianın irəli sürülməsi ehtimalıdır.
OPEC təmsilçilərinə ABŞ-da təşkilata qarşı yönələn NOPEC qanun layihəsinin qəbulunu əngəlləmək üçün diplomatik lobbiçilik kanallarını araşdırmaq məsləhət görülüb.
