Badamdardakı sürüşmə zonasında gərgin vəziyyət davam edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan qərargahdan “Yeni Müsavat”a verilən məlumata görə, sürüşmə sahəsinin sol hissəsindəki çatlarda böyümə var.
İstinad divarının solunda yeni qövsvari çatlar əmələ gəlib. Uçqun divarının yanındakı evin hasarında cüzi deformasiya müşahidə olunub. Nazirliyin ekspedisiya rəisi Əziz Qaralov söyləyib ki, sürüşmənin qarşı hissəsində də uçqun prosesləri gedir:
“Ərazidəki yarımçıq tikili də demək olar ki, havadan asılı vəziyyətdə qalıb. Ümumilikdə stabil vəziyyət qalmaqdadır. Bayılda Buxta küçəsində isə ötən gün 9 nömrəli evin uçmasından sonra vəziyyət gərgin olaraq qalıb. Uçan evə qonşu olan mənzillərin divarlarında da deformasiya baş verib”.
Badamdar ərazisində baş verən sürüşmə ilə əlaqədar müvafiq qurumlar tərəfindən monitorinqlər davam etdirilir. Lakin ilkin ehtimal kimi bildirilir ki, sürüşməyə səbəb ərazidəki kanalizasiya sularıdır. Çünki Badamdar qəsəbəsinin kanalizasiya sistemi yoxdur. Bu problemlə bağlı adı ən çox hallanan məmur, hazırda baş nazirin müavini olan Hacıbala Abutalıbovdur.
Abutalıbov sürüşmə günü mətbuata açıqlama verərək bildirdi ki, hadisəyə səbəb ərazidə tikilən qanunsuz evlərdir. Onun sözlərinə görə, həmin evlər söküləcək və sahiblərinə də heç bir kompensasiya ödənilməyəcək. Sakinlər isə deyir ki, bütün sənədləri yerindədir. Sakinlər iddia etdilər ki, tikintiyə razılığı elə Abutalıbovun özü verib. Lakin Abutalıbov mətbuata açıqlamasında bu iddianı da qəti şəkildə təkzib etdi. Ardınca Bakı Şəhər İcra Hakimiyyəti də rəsmi məlumat yayaraq bildirdi ki, tikintilər 1990-cı illərə aiddir.
Azpolitika.az saytı məsələ ilə bağlı araşdırma yazıda qeyd edib ki, bu rəsmi açıqlamaya görə tikililər 1995-2000-ci illərə aiddir. Sayt yazır ki, böyük ehtimalla Bakı Şəhər İcra Hakimiyyətinin rəsmi açıqlamasında məhz bu illər nəzərdə tutulur. Xatırladaq ki, həmin illərdə Bakının meri mərhum Rafael Allahverdiyev olub. Sayta daxil olan özəl məlumatda qeyd edilir: “Torpaqlar sərəncamla və sərəncamsız satılıblar. Hərəsinin öz qiyməti olub. Sərəncamsız torpaq satışını əvvəlcə Sədaqət Məmmədova, sonra isə Hacıbala Abutalıbovun anasının xalası nəvələri Qafar Əhmədovla Əli Əsgərov həyata keçiriblər. Bunlardan birincisi Qanunsuz Tikililərlə mübarizə, ikincisi isə Ərazi İdarəetmə Orqanları ilə İş şöbəsinə rəhbərlik ediblər. Hər ikisi milyonların içərisində üzür...”
“Yeni Müsavat”ın reportyor qrupu ərazidən reportaj hazırlayan zaman müşahidə edib ki, qanunsuz adlandırılan evlərin əksəriyyətinin divarları yenidir, darvazaları da iri, müasir tiplidir. Ərazidə son bir neçə ildə tikilmiş binaların olduğunu müşahidə etdik.
Məlumat üçün onu da qeyd edək ki, Badamdarda hazırda torpağın 1 sotunun qiyməti 40-60 min manat arasında dəyişir.
![]()
“Yeni Müsavat”a danışan Bakı Baş Tikinti İdarəsinin rəisi və Bakı Şəhər Soveti sədrinin 1-ci müavini vəzifəsində işləmiş Əzim Məsimov söyləyib ki, əslində 1990-cı illərdə də bu ərazidə torpaqlar satılıb: “Həmin ərəfədə ərazidə torpağın sotunu 2 min dollara satırdılar. Sonradan qiymət 8-10 min dollara qalxdı. Lakin Hacıbala Abutalıbov Bakı şəhər icra başçısı olduğu zaman bu ərazilərə ciddi nəzarət etməli idi. Badamdarda kanalizasiya sisteminin yoxluğu, tikililərin necə gəldi tikilməsi Bakının Baş planının olmaması ilə bağlıdır. Bakının indiyə qədər Baş planının hazırlanmamasının birinci günahkarı da Hacıbala Abutalıbovdur. Baş plan olmadan hansısa işi görmək olmaz. Çünki orada hər bir detal qeyd olunur və bu detallara baxmadan böyük tikintilər aparmaq bu cür faciələrlə nəticələnə bilər. Badamdardakı bu vəziyyət dövlətimizin böyük xərcə düşməsinə səbəb olacaq. Eyni zamanda vətəndaşlar da zərər çəkirlər. Ona görə də hər bir işi vaxtında görmək lazım idi. Bundan sonra da gec deyil. Yenə də ərazidə kanalizasiya xətlərini çəkmək mümkündür. Mən bir müddət öncə müraciət etmişdim ki, şəhərin inkişafı bu cür davam edə bilməz. Çünki görürdüm ki, şəhərə son 10 il ərzinə edilən pisliklər, indiyə qədər heç zaman edilməyib. Badamdara bir neçə milyon kub kanalizasiya suyu çöküb. Bu su da müəyyən qatdan sonra gilə çatır. Nəticədə gilin üstündən də təbəqələr sürüşür. Problem də budur. Bunun üçün hansısa monitorinq aparmaq lazım deyil. Hər şey aydındır. Bu suyun qarşısını almaq üçün sadəcə olaraq, kanalizasiya xətti çəkmək lazımdır. Quyu qazmaqla iş həll olmaz”.
