|
Abutalıbov torpaq alverini təkzib etdi və daha nələr dedi...

Badamdar qəsəbəsi, 20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmə zonasında gərginlik davam edir.  Baş nazirin müavini Hacıbala Abutalıbov oktyabrın 16-da bildirib ki, sürüşmə zonasında olan 11 ev söküləcək.

Abutalıbov mətbuata açıqlamasında bu evləri qanunsuz tikililər adlandırsa da, iddialar var ki, ərazini sakinlərə elə Abutalıbovun özü satıb. Abutalıbov isə modern.az saytına açıqlamasında bütün bu iddiaları təkzib edib. O bildirib:

 “Birincisi, o torpaqlar dövlət torpağıdır və satılmır. İkincisi, mən 3 gündür ərazidəyəm. 11 evin hamısının sakinləri ilə də görüşərək, xəbərdarlıq etmişəm. Hər birinə demişəm ki, bu evlərin hamısı söküləcək. Əgər o torpaqlar sakinlərə mən Hacıbala Abutalıbov tərəfindən - hansı ki bu, ömrümdə ola bilməz - yaxud bir başqası tərəfindən satılsaydı, sözsüz, bu 11 nəfərdən biri etiraz edərdi. Çıxıb mənə deyərdi ki, ”ay Hacıbala müəllim, siz satıbsız axı". Bu sözü eşitməmişəm. Çünki belə bir şey olmayıb. Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Eldar Əzizovun mənə verdiyi məlumata görə, həmin evlər 1990-cı ildə inşa olunmuş tikililərdir. İkincisi, evlər sökülsə də, sahiblərinə kompensasiya verilməyəcək. Çünki əhali bilirdi ki, orada ev tikmək olmaz" - deyə, Abutalıbov bildirib.

“Yeni Müsavat”a danışan hüquqşünas Əsabəli Mustafayev söyləyib ki, hər hansı bir tikili inşa olunduğu zaman ona heç bir qurum qarışmırsa və orada bir müddət də yaşayış olubsa, bunu qanunsuz saymaq olmaz: “Həmin tikili dövlət ehtiyatları üçün alına, təbii fəlakət və digər məsələlərlə bağlı sökülə bilər. Bu şəxslər də ev tikiblər. Onların rəsmi və ya qeyri-rəsmi icazə almalarından asılı olmayaraq, tikintilər dövlət orqanlarının nümayəndələrinin gözü önündə aparılıb. Bu tikililərin inşasının dayandırılmasına isə heç bir cəhd olmayıb. Yəni dövlət orqanları susmaqla həmin tikililərin qanuniliyini tanıyıblar. Deməli, onların sökülməsinin nəticəsində sakinlərə dəyən zərər ödənilməlidir. Əvvəlcədən bilinirdi ki, ora sürüşmə zonasıdır və ərazidə fəlakət baş verər, bundan isə vətəndaşlar və dövlət orqanları zərər çəkə bilərlər. Bunu müvafiq qurumlar bilib, tədbirlər görməli idilər. Tədbirlər görülməyibsə, onlara qarşı müəyyən məsuliyyət tətbiq edilə bilər. Bu, həm vəzifədən azad edilmə, vəzifənin  kiçildilməsi, həm də hüquqi münasibət ola bilər. Məsələn, əgər orada şifahi, yaxud da susmaqla razılıq olubsa, deməli, vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı onlara məsuliyyət tətbiq edilə bilər”.

İqtisadçı ekspert Natiq Cəfərli “Yeni Müsavat”a bildirib ki, qanunsuz tikililərə görə Bakı Şəhər İcra Hakimiyyəti məsuliyyət daşıyır: “Qanunvericiliyə görə də əgər qanunsuz tikili varsa, bu, Bakı Şəhər İcra Hakimiyyətinin birbaşa məsuliyyətindədir. Bu məsələlərdə kanalizasiya və su sistemindən də söhbət gedir. Kanalizasiya sistemi üçün ”Azərsu" Açıq Səhmdar Cəmiyyəti məsuliyyət daşıyır. Bu quruma su və kanalizasiya sisteminin yenidən qurulmasına son illər xeyli vəsait ayrılıb. Lakin həmin vəsait normal xərclənməyib və nəticə də göz önündədir. “Azərsu” ilə Bakı Şəhər İcra Hakimiyyəti ona görə məsuliyyət daşıyır ki, Bakıda tikinti bumu olan zaman yağış kanalları kanalizasiya xətlərinə birləşdirildi. Buna nəzarət edilmədi. İndi də kanalizasiya xətləri yükləndiyi üçün yağış yağan zaman Bakı küçələrini su basır. Əslində sürüşmə zonasındakı tikililərə görə Abultalıbov cəzalandırılmalıdır. Əgər doğrudan da sərəncamlarda Bakı Şəhər İcra Hakimiyyətinin imzası varsa, bu, qeyri-qanuni ola bilməz. Çünki dövlətçilik anlayışında şəxsin imzası önəmli deyil. Önəmli olan dövlət qurumunun həmin məsələyə icazə verib-verməməsidir. Əgər Abutalıbov imza çəkibsə və bu, qeyri-qanunidirsə, cavab verməlidir. Bakı Şəhər İcra Hakimiyyəti məsuliyyəti üzərinə götürüb, icazə veribsə, söküntü işlərini aparan zaman da vətəndaşı  razı salacaq şəkildə kompensasiya verilməlidir".

İlgili resim

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov  bildirib ki, artıq ərazidəki evlərin birinin hasarı uçub: “Öncə onu deyim ki, 2012-ci ildə də Badamdarda eyni ərazidə sürüşmə  baş vermişdi. Həmin ərazi tərəfimizdən hazırlanan sürüşmə zonalarının qeyd olduğu atlasda hələ o zamandan qeyd edilib. 2013-cü ildə Fövqəladə Hallar Nazirliyi orada bərkitmə işləri apardı. Bu il, oktyabrın 1-də isə ərazidə gərginliyi hiss edib, müvafiq orqanları bu barədə məlumatlandırdıq. Oktyabrın 13-də ərazidə sürüşmə baş verdi. Oktyabrın 15-də sürüşmə zonasında evlərdən birinin hasarı uçdu. Müşahidə etdik ki, hasardan sonra orada tikilən yardımçı binanın da altında ovulmalar baş verib. Sürüşmənin əhatə dairəsi artıq yaşayış evlərinin divarlarına çatıb. Bunun başvermə səbəbi əsasən insan amilidir. Yəni kanalizasiya suları, suvarma və digər məişət axınları bu prosesə təkan verib. Badamdar yaylasında xeyli ev var ki, onların kanalizasiya sistemi yoxdur”.

“Qafqazinfo”nun hadisə yerində olan əməkdaşlarının məlumatına görə, ərazidə tikilmiş villaların ətrafında quyular qazılır. Qazıntı işləri Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılır. Quyulardan suyun səviyyəsinin aşağı salınması məqsədilə istifadə olunacaq. Belə ki, su bu quyulardan nasoslar vasitəsilə çəkiləcək.

Ərazidə evi olan vətəndaş Fərid Axundov iddia edir ki, rəsmilər əvvəllər burada  11 quyunun olduğunu desə də, onların sayı cəmi 7 olub. Onlara da sonradan xidmət göstərilmədiyi üçün işləməyib.

“Yeni Müsavat”