|
Azərbaycan nümayəndə heyəti Minskdə keçiriləcək beynəlxalq forumda iştirak edəcək

Belarusun paytaxtı Minsk şəhərinin Milli Kitabxanasında oktyabrın 18-19-da keçiriləcək “Kitabxana mədəniyyətin fenomeni kimi” mövzusunda V beynəlxalq forumda Azərbaycan nümayəndə heyəti də iştirak edəcək.

AZƏRTAC-ın BELTA-ya istinadən verdiyi məlumata görə, tədbirdə Azərbaycan, Belarus, Polşa, Ukrayna və ABŞ-dan kitabxana üzrə mütəxəssislər, elmi araşdırma mərkəzlərinin nümayəndələri iştirak edəcəklər.

Beynəlxalq forumun əsas mövzusu "Kitabxanaların rahatlığı: yeni texnoloji və maddi-texniki həllər" olacaq. Müzakirələr zamanı kitabxana binalarının dizaynı, qurulması və istismarı, onların arxitekturası, təhlükəsizlik və hesablama texnologiyaları, informasiya axtarış sistemləri təqdim ediləcək, elektron kitabxanaların və digər onlayn resursların işi təhlil olunacaq.