Müsavat Partiyasının zona müşavirələri davam edir. Partiyadan verilən məlumata görə, Müsavat Partiyasında struktur fəaliyyəti ilə bağlı qəbul olunan qərarlara əsasən 3 aydan gec olmayaraq respublikanın bütün ərazisində partiyanın rayon (şəhər) təşkilatlarının zona müşavirələri keçirilir.
Mart ayının əvvəllərindən partiya rəhbərliyinin nümayəndələrinin iştirakı ilə belə müşavirələr Şəki, Siyəzən, Cəlilabad, Şamaxı, Göyçay, Şirvan, İmişli, Gəncə, Ağstafa, Salyan, Neftçala şəhərlərində keçirilib.
50-dən çox rayon təşkilatlarının nümayəndələrini əhatə edən zona müşavirələrində Müsavat Partiyası Məclisinin Sədri Nüşabə Sadıxlı, İcra Aparatı rəhbəri Gülağa Aslanlı, başqan müavinləri Elman Fəttah, Səxavət Soltanlı, Divan üzvləri Rafiq İsmayıl, İkram İsrafil, Vəfa Cümşüdlü, Başxanım Abbaslı, Nemət Kərimli, MNTK nümayəndələri Sevinc Hüseynova, Xuraman Bağırova, Çingiz Əli, Əli Həsənov, başqan müşavirləri Cahangir Əmirxanlı, Hidayət İsmayılov, Dadaş Əhmədov, Vaqif Davud, Ramazan Əliyev, Mərdan Mehdi, Baha Mikayılov, Azər İsmayıl, Təşkilat Departamentinin rəhbəri Söhrab Məhərrəmov, İstiqlalçı millət vəkili Məryəm Həsənova və başqaları iştirak edib.
Zona müşavirələrində Müsavat Partiyası Məclisinin 25 dekabr tarixli toplantısında qəbul edilən “2015-ci il üçün Müsavat Partiyasının Fəaliyyət İstiqamətləri” haqda sənəddə qəbul olunan vəzifələrin həyata keçirilməsinin vəziyyəti ilə bağlı məsələlər müzakirə edilib. Qərarların icrası, rayon (şəhər) təşkilatların indiki durumu və görüləcək işlər barədə fikir mübadiləsi aparılıb.
Müşavirədə həmçinin ölkədəki iqtisadi böhran, manatın ucuzlaşması və digər ölkədaxili ictimai-siyasi vəziyyətə dair məsələlər, bu durumda Müsavat Partiyasının görəcəyi işlər barədə təkliflər dinlənilib. Parlament seçkilərinə hazırlıq çərçivəsində rayon (şəhər) təşkilatlarının dislokasiyasına daxil olan seçki dairələrindən irəli sürüləcək namizədlərin müəyyən edilməsi, təbliğat kampaniyası dövründə fəaliyyət göstərəcək təbliğatçıların, seçki günü seçkiləri müşahidə edəcək müşahidəçilərin və məntəqə və dairə seçki komissiyalarına təqdim olunacaq komissiya üzvlərinin, həmçinin deputatlığa namizədlər üçün imza toplayacaq nümayəndələrin siyahılarının hazırlanaraq təşkilat departamentinə təqdim edilməsi, eləcə də başqa məsələlərə dair tapşırıqlar verilib. Bu tapşırıqların 6 həftə ərzində icra olunması haqda Divanın qərarı rayon (şəhər) təşkilatı rəhbərlərinin diqqətinə çatdırılıb.//Musavat
