|
Daşkənddə MDB ölkələri Müdafiə Nazirləri Şurasının iclası keçiriləcək

Oktyabrın 12-də Daşkənddə Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin Müdafiə Nazirləri Şurasının iclası keçiriləcək.

Trend-in məlumatına görə, iclasın gündəliyinin layihəsi 20 bənddən ibarətdir.

İclasda Mərkəzi Asiya regionunda vəziyyət və beynəlxalq terrorizmə qarşı mübarizənin prioritet vəzifələri, MDB ölkələri arasında hərbi əməkdaşlığın inkişaf istiqamətləri, radiasiya, kimyəvi və bioloji mühitin Birgə Nəzarət və Qiymətləndirmə Sisteminin perspektivləri barədə müzakirələr planlaşdırılır.

Şura üzvləri Müdafiə Nazirləri Şurasının 2019-cu ilədək iş planını qəbul etməyi, üzv ölkələrin silahlı qüvvələri ilə bağlı birgə kommunikasiya sisteminin inkişaf etdirilməsi, 2022-ci ilə qədər silahlı qüvvələrin fəaliyyətinə informasiya dəstəyi, naviqasiya, topoqrafiya və geodeziya sahəsində əməkdaşlığa dair sənədləri imzalamaq niyyətindədirlər.

Həmçinin iclasda 2019-cu ildə MDB ölkələrinin hava hücumundan müdafiə sistemi ilə bağlı birgə tədbirlərinin təsdiq edilməsi və bir sıra digər məsələlərin müzakirəsi planlaşdırılır.