NATO-nun baş katibi Yens Stoltenberq Gürcüstana səfər edəcək. Y.Stoltenberqin səfər çərçivəsində NATO-Gürcüstan birgə hərbi təlimlərində iştirak edəcəyi nəzərdə tutulub.
NATO-nun baş katibinin Gürcüstana səfər edəcəyi barədə yayılan xəbərlərin ardından bu ölkənin quruma üzvlüyü məsələsi yenə aktuallaşıb. Buna səbəb də NATO-Gürcüstan hərbi təlimlərinin son illərdə tez-tez keçirilməsidir. Ekspertlər proseslərin bu şəkildə davamının rəsmi Tiflisin getdikcə NATO yolunu açdığını dilə gətirirlər.
Ekspertlər oktyabrın 28-də Gürcüstanda keçiriləcək prezident seçkilərindən sonra yeni iqtidarın NATO-ya üzvlük prosesini sürətləndirəcəyini bildirirlər. Politoloq Əhəd Məmmədli hesab edir ki, Gürcüstan NATO-ya doğru addımlayır:“Doğrudur, bu yolda irəliləmək istəyir, ”amma"lar isə çoxdur. NATO baş katibindən əvvəl bu yaxınlarda Almaniya kansleri Cənubi Qafqaza səfəri zamanı Gürcüstanda da oldu, bundan əvvəl ABŞ-ın ovaxtkı prezidenti Buş da Tiflisdə olmuşdu. Bunlar çox mühüm səfərlərdir, amma Buşun səfərindən sonra nələr baş verdiyini hamımız gördük. Rus tankları Tiflisin 20 kilometrliyində dayanmışdılar. Abxaziya və Cənubi Osetiya de-yure itirildi. Heç kəs Cənubi Osetiya, Abxaziya məsələləri həll edilməyənə qədər Gürcüstanı NATO-ya qəbul edən deyil. Prezident seçkilərindən sonra bu proses aktivliyə doğru gedəcək.

Yeni hakimiyyət bu prosesi tezləşdirmək istəyəcək, lakin bu məsələlərdə istəmək kifayət deyil. İşğal olunmuş ərazilər məsələsi həll olunmayana qədər Gürcüstan NATO-ya üzv olan deyil. ABŞ, Britaniya, Fransa, Almaniya balaca Gürcüstana görə Rusiyaya qarşı açıq qarşıdurma müstəvisinə keçən deyillər. Gürcüstanın NATO üzvü olmaq üçün bu ölkə ya ərazi bütövlüyünə güclə qovuşmalıdır və ya da bu ərazilərindən imtina etməlidir. İndiki zamanda bunun heç biri mümkün olmadığı üçün Gürcüstan NATO-ya üzv olan deyil. Balanslaşdırılmış siyasətə gəldikdə isə Gürcüstan balanslaşmış siyasətdən çoxdan imtina edib və qərbyönümlü siyasi vektorunu seçib. Bundan sonra Gürcüstanın yeni iqtidarı da qərbyönümlü siyasət yürüdəcək".
![]()
Beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev bunları dedi: “Gürcüstan və NATO arasında əməkdaşlıq və sonradan üzvlüklə bağlı danışıqlar Saakaşvilinin prezidentliyi dövründə başlayıb və kifayət qədər irəli getmişdi. Gürcü ordusu NATO standartlarına uyğun silahlandırıldı, birgə təlimlər həyata keçirdilər. Nəticə olaraq NATO üzvlüyü hələ də reallaşmayıb. Bir sıra NATO ölkəsi liderlərinin bu prosesin həyata keçməsinin hələ mümkün olmamasını deməsi Gürcüstanın buna hazır olmaması ilə bağlı deyil, əksinə, bir çox parametrləri ilə buna artıq hazırdırlar. Hesab edirəm ki, ortada siyasi səbəblər mövcuddur. Çünki bu gün qəbul baş verərsə, bu anlama gələcək ki, Cənubi Qafqaz birmənalı olaraq ABŞ nəzarətinə keçdi . Kremlin etiraf elədiyi kimi, belə hal Rusiyanın milli təhlükəsizliyinə təhlükədir. Sözsüz ki, Rusiya bunun həyata keçməməsi üçün müxtəlif vasitələrdən istifadə edəcək ki, bundan da Gürcüstan zərər görə bilər. Ola bilsin ki, üzvlüyün hələlik rəsmiləşdirilməməsi ilk növbədə Gürcüstanı sonradan yaranacaq problemlərdən sığortalamaq üçün nəzərdə tutulub. Digər tərəfdən, hesab edirəm ki, NATO Baltik respublikalarından sonra Rusiyanı bu şəkildə bazaları ilə halqaya almağı hələlik planlaşdırmır. Onsuz da ABŞ-ın, NATO-nun Gürcüstanla hərbi sahədə ikitərəfli əlaqələri, yardımları mövcuddur. Hətta məhdud sayda olsa da hərbi kontingenti də var. Yəni üzv olmaqla rəsmi şəkildə hərbi bazaların yarana bilməsindən söhbət gedirsə, Abxaziya və Cənubi Osetiya problemi ortada ikən, eyni zamanda Yaxın Şərqdə Rusiya ilə aralarında gərginlik varkən və orada işini bitirmədən Cənubi Qafqazda Rusiya ilə növbəti gərginlik ocağının yaranması maraqlarına ziddir. Bütün bunlar o demək deyil ki, NATO-nun bölgəyə marağı yoxdur.
Çox böyük maraq var və bu maraqlar çərçivəsində işini həyata keçirdir. Ancaq söhbət NATO-ya üzvlükdən gedirsə, yəqin ki, bunu vəziyyətdən asılı olaraq gələcəkdə həyata keçirəcəklər. Gürcüstanda son konstitusiya dəyişikliyindən sonra prezident səlahiyyətləri çox məhdudlaşdırılıb və onun ölkənin idarə olunmasında rolu təmsilçilik səviyyəsinə enib. Odur ki, növbəti prezidentin kim olmasının ölkə də aparılan siyasətin gedişatına elə də təsirləri olmayacaq. Bu gün Bidzina İvanaşvili baş nazir olmasa da, lider kimi baş nazirin və digər nazirlərin təyinatında söz sahibidir və ölkənin bütün xarici və daxili siyasətini o formalaşdırır. Baxmayaraq ki, Kremllə yaxın münasibətləri olan siyasətçi kimi qəbul olunur. O, baş nazir olanda da, indi də Gürcüstanın NATO üzvlüyünə qəbul olunması üçün dəfələrlə çağırış edib. Hesab edirəm ki , Gürcüstan üzünü birdəfəlik Qərbə elə çevirib ki, istiqamətin dəyişdirilməsi İvanaşvili üçün də mümkünsüz görünür. Məhz ona görə bu bəyanatları verməyə məcburdur. Mənə elə gəlir ki, Rusiya Gürcüstanı birdəfəlik itirdiyi ilə çoxdan barışıb. Ona Gürcüstanı öz yaratdığı hərbi, siyasi ittifaqlara cəlb etmək imkansız görünür və bunu heç istəmir də. Yalnız o ərazidə öz rəqibinin bazalarının olmasına müqavimət göstərir. O səbəbdən ki, Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımaqla gürcü xalqı ilə körpüləri birdəfəlik yandırıb. Bundan sonra heç bir gürcü siyasi lider Rusiya ilə yaxınlaşmaqla bağlı manevrlər etməyə cəhdlər etməz. Çünki bu onun siyasi sonluğu ola bilər”.
