Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında “Azərbaycan üzrə Fəaliyyət Proqramının Maliyyələşdirmə Sazişi” imzalanıb. Sazişdə Avropa İttifaqının Lənkəran iqtisadi rayonunda meyvə-tərəvəz sektorunun rəqabət qabiliyyətliliyinin gücləndirilməsinə, sahibkarlıq və investisiya mühitinin daha da yaxşılaşdırılmasına dəstək göstərməsi nəzərdə tutulur.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən “Yeni Müsavat”a verilən məlumata görə, sənədi iqtisadiyyat naziri Şahin Mustafayev və Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Yankaus imzalayıb.
Layihə bir neçə əsas komponentdən ibarətdir. Bunlardan birincisi Lənkəran iqtisadi rayonunda regional ərazi inkişaf planının hazırlanmasıdır. Bu komponent ərazinin hərtərəfli planının hazırlanmasını nəzərdə tutur. Planda iqtisadi rayonda torpağın quruluşu, suvarma imkanları, hansı bitkilərin əkilib-becərilməsinə qədər bütün istiqamətlər əhatə olunacaq. Layihənin ikinci əsas komponenti yeni iqtisadi və icmalararası kooperasiya mərkəzləri şəbəkəsinin formalaşdırılmasına dəstəyin verilməsidir. Bazar tədqiqatlarının aparılması, məlumat bazasının genişləndirilməsinə dəstək də layihə komponentlərindən biridir. Layihənin ümumi dəyəri 13,5 milyon avro təşkil edir.
Onu da qeyd edək ki, Avropa İttifaqı Azərbaycanın əsas xarici ticarət tərəfdaşlarındandır. Avropa İttifaqı ölkələrinin Azərbaycanın xarici ticarətindəki payı 2017-ci ildə 42 faiz, 2018-ci ilin ilk 8 ayı ərzində isə 43,5 faiz təşkil edib. Avropa İttifaqı ölkələrinin Azərbaycanda 1500-dən çox şirkəti fəaliyyət göstərir. Son 6 il ərzində Avropa ölkələri Azərbaycan iqtisadiyyatına 16 milyard dollara yaxın investisiya yatırıb. Avropa İttifaqı ilə müxtəlif proqramlar (Twinninq, TAİEX və s.) çərçivəsində də səmərəli əməkdaşlıq həyata keçirilir. Azərbaycan Twinninq alətindən ən çox istifadə edən ölkələrdəndir. Artıq 34 Twinninq layihəsinin icrası müvəffəqiyyətlə başa çatıb, 10 Twinninq layihəsi isə icradadır.
