|
Azərbaycana daha bir “Eurovision” qalibiyyəti lazımdırmı?

Bu il Azərbaycanı “Eurovision” mahnı müsabiqəsində Elnur Hüseynov təmsil edəcək. Müsabiqədə ölkəmizi təmsil edəcək mahnı isə “Hour of the Wolf” adlanır.

Elnur Hüseynov bu mahnının avropalılara bir mesaj olduğunu bildirib: “Eurovision 2015” mənim özümü bir solo ifaçı kimi təsdiq etməyim üçün böyük şansdır. Öz mahnıma güvənirəm. Çünki onun çox güclü ismarıcları var. Bu, həqiqətən də böyük mənası olan bir mahnıdır. Ən önəmlisi “bir savaşa layiqdir, ürək” mesajıdır – biz heç vaxt təslim olmamalıyıq. Öz xoşbəxtliyimiz və daha yaxşı gələcəyimiz üçün daim savaşmalıyıq. “Eurovision”a bu ismarışı avropalılarla paylaşmaq üçün gedirəm”.

Lakin bir çox musiqçilər və ekspertlər ölkəmizi təmsil edəcək mahnının zəif oduğunu, Avropa Oyunları ərəfəsində dövlətin bu müsabiqəyə o qədər də önəm vermədiyini qeyd edirlər. Bəziləri isə bu cür müsabiqə və yarışların ölkə büdcəsinə xeyli ziyan vurduğunu bildirirlər.

Bəstəkar Gövhər Həsənzadə musavat.com-a açıqlamasında “Eurovision” mahnı müsabiqəsini “siyasi yarış” adlandırıb: “Hər kəsə məlumdur ki, burda siyasi predmetlər daha çox rol oynayır. Doğrudur, ifaçıdan da çox şey aslıdır. Lakin bir çox məsələlər var ki, onlar müsabiqənin taleyini həll edə bilir”.

“Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu bu yarışmanın Azərbaycan üçün heç bir əhəmiyyət daşımadığını bildirib: “Mən hər zaman bildirmişəm ki, idman, musiqi və s. bu kimi yarışmalar ölkəmizə hər hansı bir divident gətirmir. Bu, bizim ölkəmizin siyasətinə, simasına, onun cəmiyyətinin durumuna aidiyyatı olmayan məsələdir.

Diqqət etsək, görərik ki, bu cür yarışmalar daha çox avtoritar məsələlər zamanı daha çox qabardılır. Hansısa siyasət, insan haqları ilə bağlı olan problemləri həmişə idman və musiqi kimi məsələlərlə qapatmaq, ört-basdır etmək istəyirlər. Bunula da sanki demək istəyirlər ki, bizim mədəni dövlətimiz var, mədəniyyətimiz və idmanımız inkişaf edir, bizdə insan haqları pozula, keçirilən seçkilər saxtalaşdırıla, korrupsiya kimi məsələlər ola bilməz və s. Bu tip məntiqsiz yanaşmalar hələ də var.

O ki, qaldı “Eurovision” mahnı müsabiqəsinə, bu yarışmada Elnur və yaxud bir başqası Azərbaycanı qalib edərsə, burada fəxr ediləsi, qürur duyulası bir şey yoxdur. Ona görə ki, ölkəmiz artıq bir dəfə qalib oldu, bu yarışmaya ev sahibliyi etdi. Lakin bu, bizim dövlətə heç nə qazandırmadı. Bütün bunlar ilk növbədə ölkə üçün böyük və ağır xərc deməkdir.

Hələlik heç kimə mahiyyəti, məğzi bəlli olmayan Avropa Oyunları ölkəmizin büdcəsinə aşağı-yuxarı 8 milyard dollara başa gəlir. Belə olan halda, “Eurovision” və digər bu cür yarış və tədbirlərin keçirlməsinə ehtiyac olmadığnı düşünürəm. Bunlara çəkilən xərclər ölkə iqtisadiyyatına yönələrsə, daha prespektivli addım olar.

Mən heç də mədəni tədbirlərin keçirlməsinin əleyhidarı deyiləm. Azərbaycan mədəniyyətini qorumaq üçün elə öz mədəni irsimizi qorusaq, bu, bizə yetər. Lakin görünən budur ki, artıq telekanallar da Azərbaycanın əls mədəni irsini, musiqisini təbliğ etməkdənsə, ictimai rəyə əsaslanan verilişlərə daha çox önəm verir. Bu, çox anlaşılmaz yanaşmadır və mən buna birmənalı olaraq qarşıyam”.

Ümid Partiyası sədrinin beynəlxalq əlaqələr və strateji məsələlər üzrə müavini, Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılı dövlətin bütün resurslarını bu istiqamətdə səfərbər etməyə gərək olmadığını dedi. Onun sözlərinə görə, daha çox Avropa Oyunlarına diqqət ayırmaq vacibdir: “Düşünürəm ki, dövlət “Eurovision” ilə bağlı bu günədək ənənə yaradıb. Artıq bu işlə peşəkar musiqiçilər və Mədəniyyət və Turizim Nazirliyi məşğul olmalıdır. Dövlətin bütün resurslarını bu istiqamətdə səfərbər etməyə dəyməz. Bu barədə gedən proseslər artıq ixtisaslaşmış olmaldır.

Avropa Oyunları isə mötəbər yarışmadı, ənənəsi yoxdu. Bu səbəbdən də dövlət daha çox resurs sərf etməyə məcburdur. Üstəlik, dövlətin özünü dünyaya təqdim etmək siyasətinin uğurlu olması üçün diqqətli olmaq vacibdi”.

Müsavat Partiyası başqanının müşaviri Dadaş Əhmədov isə Elnur Hüseynovu bu günlərdə 75 illiyi qeyd edilən Vaqif Mustafazadə ilə müqayisə edib: “Qalibiyyət barədə nəsə deyə bilmərəm, onu həmin yarışmada iştirak edən şəxslərin səviyyəsi və səsvermə göstərəcək. Əlbəttə, Elnurun oxuyacağı mahnının, aparılan PR kampaniyasının da təsiri ola bilər.

Bu günlərdə 75 illiyi qeyd edilən Vaqif Mustafazadəni də əvvəl bəyənməyiblər. Amma Gürcüstanda özünü sübut etdikdən sonra onu böyük sənətkar kimi qəbul ediblər. Görünür, tarix təkrar olunur. Elnur da bir müddət nəzərlərdən kənarda qalmışdı. “O səs Türkiyə”dəki qələbəsindən sonra deyəsən, Elnur bizimkilərə şirin görsənməyə başlayıb. Baxmayaraq ki, 2008-ci ildən sonra Elnura olan qiymət heç də adekvat deyildi”.

Musavat.com saytının redaktoru Xalid Kazımlı Elnur Hüseynovun dünya miqyasına çıxara biləcəyimiz yeganə sənətçi olduğunu bildirib. Onun sözlərinə görə, təmsilçimiz ölkəmizə qalibiyyət qazandırarsa, bu müsabiqənin yenidən Azərbaycanda keçirilməsi üçün lazım olan infrastrukturlar ölkəmizdə hazırdır: “Elnur Hüseynovun "Eurovision" yarışmasında ölkəmizin təmsilçisi seçilməsi özlüyündə uğurlu addımdır. Bu gənc onsuz da bir neçə aydır ki, ictimaiyyətin sevimlisinə çevrilib və fakt odur ki, bu saat dünya miqyasına çıxara biləcəyimiz yeganə sənətçimizdir. Uğurlu musiqi nömrəsi seçilsə, yarışma zamanı yaxşı performans göstərsə, təbii ki, Elnur qələbə qazana bilər. Yarışmanın vaxtına iki ay qalmış onun seçilməsi "tələm-tələsik seçim" sayılmaz.

Avropa Oyunları bu il keçirildiyinə görə Elnurun qələbəsi heç bir sıxıntı yarada bilməz. Çünki bu təqdirdə “Eurovision” 2016-cı ildə Bakıda keçirələcək. Bundan ötrü isə hər bir infrastruktur hazırdır. Müvafiq təcrübə də var. Təki Elnur qələbə qazansın. Belə olsa, gələn il Azərbaycan bu yarışmanı 2012-ci ildəkinə nisbətən daha həyəcansız, ekstessiz və izafi maliyyə israfları olmadan yola verə bilər”.

Tanınmış teleaparıcı, "125-lər siyasi klubu"nun sədri İlhamiyyə Rza da qalibiyyət qazanılarsa, yenidən “Eurovision” müsabiqəsinin ölkəmizdə keçirilməsini alqışlamadığını deyib: “Zənnimcə Elnur ölkəmizi təmsil etməyə layiq bir müğənnidir. Bunu artıq 2 dəfə sübut edib. İlk dəfə ölkəmiz “Eurovision” müsabiqəsinə qoşulanda yaxşı nəticələrlə geriyə döndü, ikinci dəfə də “O səs Türkiyə” müsabiqəsində qalib olmaqla... Odur ki, Elnurun seçimini tamamilə doğru hesab edirəm.

Lakin bir məsələni də qeyd etmək lazımdır ki, əgər Elnur bizə qalibiyyət qazandırarsa, yenidən həmin müsabiqə Bakıda keçiriləcək ki, bu da ölkəmiz üçün iqtisadi baxımdan, xeyli böyük məsrəflər bahasına başa gələcək.

Mən neftin qiymətinin aşağı düşməsi nəticəsində milli valyutamızın devalvasiyaya uğradığı bir zamanda daha bir “Eurovision” müsabiqəsinin ölkəmizdə keçirilməsini alqışlamıram.

Əlbəttə bu, ölkəmizin PR-ı üçün lazımdır, lakin artıq keçilmiş bir mərhələdir. Ölkəmzin “Eurovision” müsabiqəsindəki qalibiyyətindən sonra Avropada olarkən özüm şahid olmuşam ki, məhz bu musabiqədəki qalibiyyətimiz sayəsində Azərbaycanı hər kəs tanıyırdı. Hərçənd ki, bundan əvvəl Azərbaycanın harada olduğunu, necə bir ölkə olduğunu xeyli izah etmək lazım gəlirdi.

O ki, qaldı Avropa Oyunlarına, əlbəttə ki, bu beynəlxalq miqyaslı, nüfuzlu bir tədbir ölkəmizə böyük məsrəflər bahasına başa gələcək. Lakin bununla bağlı öhdəliklər artıq götürülüb. Həm də elə bir vaxtda öhdəlik götürülüb ki, həmin vaxtlarda iqtisadi çətinliklər yox idi. Əlbəttə, bu barədə proqnozlar var idi, lakin gördüyünüz kimi, prognoz və reallıq arasında seçim edərkən reallığa üstünlük verilib. İndi isə ölkə öz götürdüyü öhdəliyi ləyaqətlə yerinə yetirməyə çalışacaq. Çünki məhz belə bir tədbiri aşağı keyfiyyətdə keçirməyimiz ölkə üşün qara PR-a çevrilə bilər”.

Xatırladadq ki, Azərbaycan 2008-ci ildə “Eurovision” mahnı müsabiqəsində uğurla debüt etmiş, 2011-ci ildə Ell və Nikkinin ifa etdiyi “Running Scared” adlı mahnı ilə qalib gəlmişdi. 2012-ci ildə Bakı 42 ölkənin iştirakı ilə müsabiqəyə ev sahibliyi etmişdi.//musavat