|
Neft 100 dolları keçəcək

Dünya bazarında neftin qiyməti sürətlə artmağa davam edir. Artıq Brent markalı neftin qiyməti 80 dolları keçib. Görünən odur ki, dünya nef bazarı ABŞ prezidenti Donald Trampın Neft İxracatçıları Ölkələri Təşkilatına (OPEK) yönəlik ittihamlarına deyil, reallığa reaksiya verir. Xatırladaq ki, bir neçə gün əvvəl Tramp yenidən OPEK-i “inhisarçı” adlandıraraq, dərhal neftin qiymətlərini aşağı salmağa çağırıb. Amerikalı lider bu fikirləri özünün twitter səhifəsində yazıb. Tarmp bildirib ki, biz Yaxın Şərq ölkələrini müdafiə edirik, onlar uzun müddət biz olmadan təhlükəsiz vəziyyətdə qala bilməzlər: “Bununla belə, yenə də qiymətləri artırmaqda davam edirlər. İnhisarçı OPEK neftin qiymətlərini dərhal aşağı salmalıdır”.

Bloomberg-in yazdığına görə, heç OPEK də bu dəfə Trampın hədələrini adekvat cavablandırmır. Əsas ticarət mərkəzləri 2014-cü ildən bəri ilk dəfə olaraq neft qiymətlərinin yenidən 100 dollarlıq həddi keçəcəyindən danışırlar. OPEK isə bu zaman Amerika sanksiyalarına görə bazardan çəkilən İran neftinin yerini doldurmaq üçün nəticəsiz cəhdlər etməkdədir. Ötən gün Brent markalı neft son dörd ildə ən yüksən həddə çatıb. Prezident Donald Tramp isə məhz belə qiymət sıçrayışlarına yol verməməyə çalışır. Onun OPEK-ə yönəlmiş ittihamları da bundan qaynaqlanır. Lakin Əlcəzairdə keçirilən toplantıda təşkilat brimənalı şəkildə anlatdı ki, ABŞ-ın sürətlə neftin qiymətini aşağı salmaq tələbinə boyun əymək niyyətində deyil. Bu siqnal Sinqapurda toplaşan neft sənayesi təmsilçiləri, treyderlər, neft emalçıları və bankirlərin neftin qiyməti ilə bağlı optimist proqnozlarının səslənməsinə səbəb olub.

Asiya-Sakit okean neft konfransında çıxış edən “Merkuri Enerji Qrup”un həmtəsisçisi Daniel Jeqqi (Daniel Jaeggi) bildirib ki, “bazarın dördüncü rübdə gündəlik azalacaq 2 milyon barel təklifə veriləcək cavabı yoxdur”: “Fikrimcə, qiymətin 100 dollara qədər sıçrayacağını qətiyyən istisna etmək olmaz”.

“Mayda Tramp İrana qarşı sanksiyaların sərtləşdiriləcəyini açıqladıqda bazarda azalacaq neft təklifinin gündəlik cəmi 300-700 min barel olacağı gözlənilirdi” - bunu “Trafiqura Qrup” şirkətinin treydinq bölməsinin həmdirektoru Ben Lakok(Ben Luckock) deyir. Onun sözlərinə görə, artıq böyük çoxluq bu fikirdədir ki, gündəlik azalma 1,5 milyon barel təşkil edəcək. Lakokun fikrincə, Milad bayramına qədər neft qiymətləri 90 dollarlıq, 2019-cu ilin əvvəlində isə 100 dollarlıq həddi keçəcək. Buna səbəb olan digər amil isə Venesuelada hasilatın gündən-günə azalmasıdır. Belə ki, dünyanın neftlə ən zəngin ölkəsində gündəlik neft hasilatı bu ilin iyununda 1,5 milyon barelə - son 30 ildə ən aşağı səviyyəyə düşüb. Hazırda müstəqil mənbələr hasilatın 1,2 milyon barel təşkil etdiyini bildirirlər.

Bu mürəkkəb şəraitdə OPEK hələ ki gözləmə mövqeyi tutur. Səudiyyə Ərəbistanı, Rusiya və Birləşmiş Ərəb Əmirlikləri ötən bazar Əlcəzairdə baş tutan toplantıda bazarda azalan təklifin yerini dolduracaq qədər imkanlarının olduğunu, lakin həmin imkanlardan vaxtından əvvəl yararlanmaq niyyətində olmadıqlarını bəyan ediblər.

Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Falih bildirib ki, onların hasilatı artırmamalarının bir səbəbi var: “Bizdən neft alan bütün alıcılara istədikləri qədər neft veririk Tələbat artmalıdır ki, təklif də artsın”. Nazir ölkəsinin sentyabr-oktyabr aylarında hasilatı artırmaq niyyətində olduğunu desə də, konkret nə qədər artacağını açıqlamayıb.

“Bank of Amerika”nın xammal məhsullarının tədqiqatı bölməsinin rəhbəri olan Fransisko Blanç birinci gün müştərilərə yönlik xəbərdarlıqla çıxış edərək bildirib ki, OPEK-dən gələn siqnallar “bu şərtlərlə neftin qiymətindəki sıçrayış ehtimalı 2008-ci ildəki kimi, qiymətlərin çökməsi ehtimalını da artırır”. Xatırladaq ki, 10 il əvvəl Brent neftinin qiyməti 150 dollara qədər yüksəldi və bir neçə aydan sonra kəskin eniş yaşadı. Buna qlobal maliyyə böhranı nəticəsində tələbin kəskin azalması səbəb oldu. Bu dəfə isə qiymətlərə təhlükə ABŞ-Çin ticarət müharibəsindən gəlir. Bu müharibə nəticəsində Asiyada iqtisadi artım azala, neftə tələbat da ona uyğun aşağı düşə bilər. Buna görə də “Bank of Amerika” gələn il üçün neftin qiymətinin 80 dollar ətrafında dəyişəcəyini proqnozlaşdırır.