Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev “Qeyri-neft sektorunda rəqabətqabiliyyətli daxili istehsalın dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.
“Yeni Müsavat” xəbər verir ki, sərəncamla Nazirlər Kabineti ölkədə istehsal edilməyən yeni rəqabətqabiliyyətli məhsullar istehsalının təşkili üçün “Azərbaycanda ilk” (“First in Azerbaijan”) investisiya təşviqi mexanizmi; mikro, kiçik və orta sahibkarlıq subyektlərinin rəqabətqabiliyyətli istehsalının dəstəklənməsi məqsədilə daxili bazar araşdırmalarına dövlət dəstəyi mexanizmi; mikro, kiçik və orta sahibkarlıq subyektlərinin istehsal fəaliyyətinin dəstəklənməsi üçün onların kadr potensialının artırılmasına dövlət dəstəyi mexanizmi; ölkədə istehsal olunmayan və daxili istehsalda istifadə edilən xammalın idxalına gömrük güzəştlərinin tətbiqi; mikro və kiçik sahibkarlıq subyektlərinin istehsal etdikləri məhsulların ticarət şəbəkələrində satışının genişləndirilməsi barədə təkliflərini və normativ hüquqi akt layihələrini üç ay müddətində hazırlayıb prezidentə təqdim etmək tapşırılıb.
Sənədlə İqtisadiyyat Nazirliyinə tapşırılıb ki, qeyri-neft sektorunun rəqabət və ixrac qabiliyyətinin artırılması məqsədilə ölkədə fəaliyyət göstərən müəssisələrin qlobal dəyər zəncirlərinə qoşulmasına dair təkliflərini üç ay müddətində Prezidentə təqdim etsin; müqayisəli üstünlük əsasında yerli istehsalı rəqabətqabiliyyətli olan konkret məhsulların siyahısının hazırlanmasını və istehsalının təşkili kommersiya cəhətdən səmərəli olan məhsulların təşviqini təmin etsin.

Prezident sərəncamını şərh edən iqtisadçı-ekspert Pərviz Heydərov bildirir ki, 2014-2015-ci illərdə dünya neft bazarında qiymətlərin kəskin enməsi nəticəsində Azərbaycan iqtisadiyyatında böyük təlatüm yaradıb: “Bu hadisə illər boyu formalaşmış makroiqtisadi sabitliyi əməlli-başlı silkələdi. Düzdür, bundan əvvəl də hökumət qeyri-neft sektorunun inkişafını prioritet elan etmişdi, dövlət başçısı bütün çıxışlarında bunu vurğulayırdı. Lakin qeyd etdiyim prosesdən sonra qeyri-neft sektorunun inkişafı labüd, qaçılmaz zərurətə çevrildi, bu sahədə işlər sürətləndirildi. Dünənki sərəncam prezident tərəfindən qeyri-neft sektorunun inkişafı məqsədilə imzalanan növbəti sənəddir. Lakin onu digərlərindən fərqləndirən əsas məqam bilavasitə və konkret olaraq rəqabət qabiliyyətli qeyri-neft məhsullarının istehsalının təşviqini nəzərdə tutulmasıdır. Burada diqqəti cəlb edən əsas məsələlərdən biri də daxili bazarın təhlil olunmasının nəzərdə tutulmasıdır. Məsələ burasındadır ki, Azərbaycanda heç iri şirkətlərin çoxusunda belə bazarı araşdırıb normal proqnozlaşdırma aparmaq qabiliyyəti yoxdur. Bu, xüsusilə kənd təsərrüfatında özünü çox açıq büruzə verir. Bir il kartof yüksək qiymətə gedir, gələn il hamı kartof yetişdirir, qiymət düşür, məhsul qalır əllərdə. Soğan, sarımsaq və sairlə bağlı da eyni vəziyyət yaranır. Lazımdır ki, bazar hərətərəfli öyənilsin, daha sonra istehsalın proqnozlaşdırılması həyata keçirilsin”.
Ekspertin dediyinə görə, neft-qaz sektoru hələ uzun illər boyu ölkə iqtisadiyyatının əsas lokomotivi olaraq qalacaq. Lakin bu sektorla yanaşı, qeyri-neft iqtisadiyyatının inkişafı qətiyyən diqqətdən kənara qoyulmamalıdır: “Qeyri-neft sektorunda görülən işlərin təsirini görmək üçün neftə nisbətən daha uzun müddətli dövr tələb olunur. Buna görə də atılan addımların dərhal nəticə verəcəyini gözləmək düzgün olmazdı. Bunun üçün çoxsaylı addımlar atılmalıdır: müvafiq istehsal sahələrinin yaradılması, daxili bazarın qorunması, kiçik və orta sahibkarlıq üçün geniş imkanların formalaşdırılması, vergi və gömrük siyasətinin buna uyğunlaşdırılması və sair. Bu baxımdan, prezidentin sərəncamında ölkədə istehsal olunmayan məhsulların istehsalının təşviq olunmasının nəzərdə tutulması çox müsbət haldır. Düşünürəm ki, ilk növbədə xammal bazası ölkə daxilində mövcud olan istehsal sahələrinin inkişafına diqqət yetirilməlidir. Belə məhsulların istehsalını qurub, xarici bazara çıxarandan sonra xammalı kənardan gətirilən məhsulların istehsalına diqqət ayırmaq olar".
