“Əslində Rusiya prezidenti Vladimir Putinin bir insan kimi müəyyən vaxtlarda hər hansı bir məlumatı dövriyyəyə buraxaraq istirahətə getməsi mümkündür. Paralel şəkildə dövlət başçıları əksər vaxtlarda özlərinin yoxluğunu və süni formada yaratdığı hakimiyyət vakumunu idarəçiliyin mühüm texnologiyasına və elementinə çevirə bilirlər.”
Bu sözləri millət vəkili Zahid Oruc, son günlər Rusiya hakimiyyəti, xüsusi ilə prezident Vladimir Putin ətrafında baş verən informasiya müharibəsinə münasibət bildirərkən qeyd edib.
1991-cı ildə də Qorbaçovun Dövlət Çevrilişi Komitəsi ilə üz-üzə qaldığını söyləyən Zahid bəy, “həmin əməliyyat tarixə “FOROS” əməliyyatı kimi düşüb. Lakin sonradan bəlli oldu ki, bu əməliyyat tamamilə SSRİ-nin saxlanmasında kimlərin rol oynayacağını müəyyənləşdirmək üçün qurulub”, - deyə bildirdi:
“İddia etmirəm ki, hazırda da Rusiyada eyni proseslər baş verir. Sadəcə olaraq Putin bir neçə günlük yoxluğundan istifadə edərək çox ustalıqla siyasi hakimiyyətinin kimlər tərəfindən dəstəklənib-dəstəklənmədiyini müəyyənləşdirdi. O, bununla da post Putin dövrünə hazırlıqlar adı altında məsələlər ortalığa çıxardı.”
Müsahib onu da bildirdi ki, Putin hazırda hakimiyyətdədir və onu hansısa formada güc orqanlarının əli ilə devirmək qeyri-realdır:
“Əslində Putinlə bağlı yayımlanan informasiyalar onun təbliğinə nə qədər müsbət təsir göstərdisə, bu proses əks cəbhəyə bir o qədər də mənfi təsir göstərdi. Putinin qarşıdan gələn 10 illiklər üçün də mühüm planları vardır. Bu baxımdan şayələrə əsasən mövqe qurmalı deyilik.“ (interaz)
