|
GUAM-ı “diriltmət” cəhdi - üzv ölkələrin XİN rəhbərləri görüşəcək

BMT Baş Assambleyası çərçivəsində GUAM ölkələrinin xarici işlər nazirlərinin görüşü keçiriləcək. “Trend”in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov mətbuat konfransında bildirib.

Nazir deyib ki, BMT Baş Assambleyası çərçivəsində Nyu-Yorkda GUAM - Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilata üzv olan ölkələrin xarici işlər nazirlərinin görüşünün keçirilməsi barədə razılığa gəlinib.

Bu görüşün olacağı barədə yayılan xəbərlərin ardından GUAM-ın taleyi məsələsi bir daha gündəmə gəlib. Bu da təsadüfi deyil. Belə ki, GUAM son zamanlar “ölü” bir quruma çevrilib. Yalnız ara-sıra bu tipli görüşlər olur. Mövcud olduğu 21 il ərzində ciddi bir fəaliyyətinin şahidi olmamışıq. Halbuki yarandığı ilk vaxtlar bu təşkilata ümidlər böyük idi. Hətta quruma üzv ölkələrin vahid ordusunun yaradılacağı deyilirdi. Amma bunların heç biri baş vermədi. Əksinə, GUAM-ın üç üzv ölkəsinin-Azərbaycan, Gürcüstan və Ukraynanın ərazilərində işğal faktoru var. Gürcüstan və Ukrayna əraziləri məhz GUAM mövcud olduğu illərdə təcavüzə məruz qalıblar.

Bu səbəblərdən təşkilatın buraxılması, yaxud başqa formatda yenisi ilə əvəzlənməsi barədə zaman-zaman fikirlər səslənməkdədir. Azərbaycanın qurumda qalıb-qalmaması məsələsi də müzakirə edilir və bu istiqamətdə müxtəlif fikirlər meydana çıxır.

Картинки по запросу Elxan Şahinoğlu: “GUAM-dan

Qərb Universitetinin Tətbiqi Politologiya Mərkəzinin rəhbəri Elxan Şahinoğlu gedən müzakirələrə bu cür mövqe sərgilədi: “GUAM-ın fəaliyyəti bir çoxlarının haqlı tənqidinə tuş gəlsə də, təşkilat yaşayır və fəaliyyətini davam etdirir. İl ərzində GUAM-a üzv dövlətlərin xarici işlər nazirlərinin bir araya gəlməsi təqdirəlayiqdir. Bu toplantılarda ərazi bütövlüyü, enerji və ticarət əməkdaşlığı müzakirə olunur. Bu mövzuların hər bir üzv dövlət üçün faydası var. Hələ ki GUAM-ın nüvəsini Gürcüstan-Azərbaycan əməkdaşlığı təşkil edir. Buna baxmayaraq, son illərdə Ukrayna-Azərbaycan əlaqələri də yüksək templə inkişaf edir, enerji əməkdaşlığı və ticarət mübadiləsi artır. Ukrayna Azərbaycanın nəqliyyat imkanlarından da istifadə etməyə başlayıb. Bu prosesdə Moldova bir az zəif görünür. Fikrimcə, GUAM-a üzv ölkələrin prezidentlərinin də yaxın müddətdə görüşünü təşkil etməyə ehtiyac var. GUAM-dan indiki əməkdaşlıq səviyyəsindən artığını tələb etmək doğru deyil. GUAM hərbi bloka çevrilə bilməz, vahid ordu da yarada bilməz. GUAM ölkələrindən üçünün - Moldovanın, Gürcüstanın və Ukraynanın Rusiya ilə münasibətləri soyuqdur. Azərbaycanın isə Rusiya ilə normal tərəfdaşlıq münasibətləri var. Ona görə də Azərbaycan GUAM çərçivəsində Rusiyanı qıcıqlandıracaq addımlar atmamağa çalışır”.

Politoloq hesab edir ki, Azərbaycan GUAM-da üzvlüyünü davam etdirməlidir: “Bu üzvlük rəsmi Bakının elan etdiyi balanslaşdırılmış xarici siyasətə də uyğundur. Azərbaycan GUAM vasitəsilə beynəlxalq təşkilatlarda ərazi bütövlüyü məsələsini diqqətdə saxlayır. Məsələn, BMT Baş Assambleyası çərçivəsində GUAM ölkələri nazirlərinin görüşü keçiriləcək. GUAM ölkələrinin xarici işlər nazirləri hər il BMT sessiyasında görüşürlər. Bundan başqa, BMT-də GUAM ölkələrinin ərazi bütövlükləri ilə bağlı qətnamənin müzakirəyə çıxarılması da planlaşdırılır. Bu, birbaşa Azərbaycanın maraqlarına cavab verir. Və ya bu günlərdə Yaponiyanın xarici işlər naziri Bakıya gəlmişdi. Yaponiya GUAM-a da maraq göstərir. Təsadüfi deyil ki, bu il sentyabrın 20-də Nyu-Yorkda, BMT Baş Assambleyasının sessiyası çərçivəsində növbəti dəfə GUAM-Yaponiya görüşü keçiriləcək. Yaponiyanın GUAM-la əməkdaşlığı Azərbaycan üçün vacibdir. Çünki bu yolla Yaponiya GUAM-a üzv olan ölkələrin, o cümlədən Azərbaycanın ərazi bütövlüyünə dəstəyini ifadə etmiş olur. GUAM çərçivəsində əməkdaşlığın genişləndirilməsi mümkündür. Kiyevdə təşkilatların katibliyi fəaliyyət göstərir və ortaq layihələr hazırlayır. Digər dövlətlər GUAM-a üzv olmasalar da, müşahidəçi qismində təşkilatın toplantısına qatılır və üzv ölkələrin ortaq çalışmalarına dəstək verirlər”.