|
ABŞ-ın Azərbaycana hərbi-siyasi müşaviri səfir göndərməsinin pərdəarxası

Sülhəddin Əkbər: “Bu təyinat onu göstərir ki, qarşıdakı müddətdə Amerika üçün bölgədə hərbi-təhlükəsizlik məsələləri ön planda olacaq”

ABŞ prezidenti Donald Tramp Azərbaycana səfir postuna Dövlət Departamentində yüksək siyasi vəzifə tutan peşəkar diplomat İrli Litsenberqenin namizədliyini irəli sürüb. İ.Litsenberqer Dövlət Departamentinin hərbi-siyasi məsələlər üzrə Bürosunun baş müşaviridir və bu vəzifəyə 2018-ci ilin yanvarında təyin edilib. Həmin vəzifədə Litsenberqer Büronun idarə edilməsinin bütün aspektlərinə rəhbərlik edir.

Dövlət katibinin köməkçisinin birinci müavini yerində olmadıqda İrli Litsenberqer onun səlahiyyətlərini icra edir. Litsenberqer bundan əvvəl ABŞ-ın NATO-dakı missiyasının rəhbərinin müavini (2014-2017) olub, Serbiya, Qırğızıstandakı səfirliklərdə işləyib. NATO-nun Əfqanıstandakı baş mülki nümayəndəsinin müavini (2013-2014) olub. Habelə ABŞ-ın Avropa İttifaqındakı missiyasında, Qazaxıstan, Bolqarıstan və Əlcəzairdəki səfirliklərdə, Fransanın Marsel şəhərindəki ABŞ konsulluğunda işləyib. Dövlət katibinin müavininin dəftərxanasında, Yaxın Şərq işləri Bürosunda və Hərbi-Siyasi işlər Bürosunda müxtəlif vəzifələr tutub. Fransız, rus, bolqar və serb-xorvat dillərini bilir.

Litsenberqerin Bakıda səfir təyinatı üçün onun namizədliyi Senat tərəfindən təsdiqlənməlidir...

Qeyd edək ki, indiyə qədər Azərbaycanda fəaliyyət göstərmiş ABŞ səfirləri enerji məsələləri və ya sosial məsələlərlə məşğul olmuş kadrlar idi. Son 15 ildə ilk dəfədir ki, ABŞ prezidentinin Azərbaycana göndərmək istədiyi səfir sırf siyasi-hərbi-təhlükəsizlik məsələləri üzrə mütəxəssisdir.

Bəs məhz bu cür kadrın üzərində seçilməsində hansı məqamlar rol oynayır?

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər “Yeni Müsavat”a şərhində bildirdi ki, hər bir səfir, o cümlədən ABŞ-ın səfiri təmsil etdiyi ölkənin hökumətinin rəsmi təmsilçisidir, eyni zamanda ABŞ-ın dövlət başçısının təmsilçisidir. Amerika kimi böyük strateji düşünən dövlətlərdə səfir təyin olunarkən ilk növbədə iki əsas məsələyə diqqət yetirilir:“Birincisi, ABŞ-ın səfir təyin edilən ölkəyə, indiki halda Azərbaycana yönəlik siyasətinin prioritetləri nəzərə alınır. İkincisi, təyin olunan şəxsin şəxsi və iş keyfiyyətləri. Yəni ona diqqət edilir ki, ABŞ-ın Azərbaycana yönəlik siyasətinin öncəliklərinə təyin olunan səfir nə dərəcədə şəxsi və iş keyfiyyətlərinə, peşəkarlığına görə cavab verir. Bu baxımdan heç şübhəsiz Azərbaycana səfir göndərilmək üçün namizədliyi irəli sürülən yeni səfiri də ABŞ hökumətinin hazırda Azərbaycana yönəlik siyasətinin öncəlikləri və həmin kadrın yuxarıda dediyimi keyfiyyətləri nəzərə alınaraq seçilib. Bu, onu göstərir ki, qarşıdakı müddət ABŞ üçün bölgədə siyasi məsələlər, hərbi-təhlükəsizlik məsələləri ön planda olacaq. Bu da heç şübhəsiz ki, İran məsələsi ilə bağlıdır. İran məsələsi aktuallaşdığı bir dönəmdə Azərbaycan ABŞ üçün strateji önəmi artmış bir ölkədir. 8 mayda Donald Trampın ABŞ-ın İranla imzalanan nüvə sazişindən çıxmasını elan etməsindən sonra İran məsələsi Vaşinqtonun gündəliyində aktuallaşıb. Noyabrın 4-dən isə İrana qarşı sanksiyaların daha ciddi mərhələsi başlayacaq, Amerikanın İrana yönəlik siyasəti yeni bir mərhələyə qədəm qoyub. Bu baxımdan Azərbaycan həm milli, dini, tarixi, mədəni bağları baxımından, həm də İrana qonşu bir ölkə olduğundan ABŞ üçün çox mühümdür. Səfir seçimi də göstərir ki, ABŞ-ın İrana yönəlik siyasətində Azərbaycan çox mühüm rol oynayacaq. Səfirin təyinatında da görünür, dediyim bu məsələlər nəzərə alınıb”.

S.Əkbər vurğuladı ki, səfirin fəaliyyətinin necə olmasında əsas müəyyənedici səfiri təyin edən ölkənin səfirin olduğu ölkəyə yönəlik siyasətinin öncəlikləridir. Səfirin şəxsi və iş keyfiyyətlərindən də çox şey asılıdır: “Onun göndərdiyi informasiyalar əsasında Vaşinqtonun Azərbaycana yönəlik siyasətində korrektələr aparılması da mümkün və realdır. Səfirin Bakıdan göndərdiyi informasiya və məlumatlar, təkliflər müəyyən rol oynayır”.

“Yeni Müsavat”