|
Qalmaqallı icra başçılarının vərdişləri

Qalmaqallı icra başçılarının vərdişləri

 

Bu gün cəmiyyətdə insanlarda qıcıq yaradan xeyli dövlət məmuru postundan kənarlaşdırılıb. Uzun müddət Ziya Məmmədov, Fazil Məmmədov medianın diqqətini cəlb edən nazirlər kimi yadda qalmışdı. Amma onlar qısa zaman ərzində postlarını itirdilər. Maraqlıdır, bəs icra başçıları arasında ən çox qalmaqal yaradan başçılar kimlərdir?

Cia.az saytının apardığı monitorinqə görə ilk üçlükdə dayanan qalmaqallı icra başçıları aşağıdakılardır.

1. Seyidəliyev Ənvər: 1950-ci ildə Ağsu rayonunun Pirhəsənli kəndində anadan olmuşdur. Azərbaycanlıdır. 1975-ci ildə Azərbaycan Politexnik İnistitutunu bitirmişdir. 1975-1976-cı illərdə hərbi xidmətdə olmuşdur.

 1977-1983-cü illərdə Ağsu rayonunda müxtəlif vəzifələrdə çalışmışdır. 

1983-1985-ci illərdə Bakı Ali Partiya Məktəbinin dinləyicisi olmuşdur. 

1985-1989-cu illərdə Ağsu rayon partiya komitəsində təlimatıçı, 1989-2003-cü illərdə Ağsu rayon Maddi-Texniki Təchizat və Mexanikləşdirmə İstehsalat Birliyinin müdiri, 2003-2007-ci illərdə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-də idarə rəisi vəzifələrində işləmişdir. 

Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2007-ci il tarixli Sərəncamı ilə Ağsu Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir.

QEYD:

Uzun illər nazir postunda çalışan Səlim Müslümovun qohumu olan Ənvər Seyidəliyevin adı daha çox vətəndaşlara qarşı sayğısızlıq etməkdə hallanıb. Bundan başqa icra başçısının adı bir sıra reket jurnalistləri ilə əlaqədə və müəyyən zamanlarda şantaja məruz qalmaqda çəkilib. 

2. Nazim İsmayılov : 24 iyul 1952-ci ildə Göyçay rayonu Kürdşaban kəndində anadan olub. 1974-cü ildə Azərbaycan Neft və Kimya İnstitutunun, istilik energetik mühəndisi fakültəsini bitirib. 1991-ci ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda politoloq fakültəsi üzrə ali təhsilini başa vurub. 1983-1985, 1988-1990, 1992-1994 –cü illərdə Göyçay rayon Xalq Deputatları Sovetinin (XDS) deputatı olub. 

31.05.1994 - 19.04.2001-ci illərdə Göyçay rayonu İcra Hakimiyyəti başçısının müavini, 19.04.2001 - 07.07.2006-ci illərdə Göyçay rayonu İcra Hakimiyyəti başçısı vəsifəsində çalışıb. Sonradan iş yeri dəyişdirilən N.İsmayılov 07.07.2006 - 21.04.2011-ci il aralığında Şamaxı rayonu İcra Hakimiyyətinin başçısı postunu tutub. 

Prezident İlham Əliyevin 21 aprel 2011-c il sərancamına əsasən, Nazim İsmayılov Şamaxı rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. 

Elə həmin gün onun Sabirabad rayonu İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında da sərəncam imzalanıb.

QEYD:

Nazim İsmayılovun adı da mətbuatda ən çox hallanan icra başçılarındandır. Onun işə həddindən artıq biganə yanaşmaqda, vətəndaşları faktiki qəbul etməməkdə və spirtli içkilərə alüdə olmaqda hallanır.

3. Əhəd Abıyev :1958-ci il yanvarın 15-də Masallı rayonunun Kürdəbaz kəndində anadan olmuşdur. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun iqtisadiyyat və planlaşdırma fakültəsini və "Təfəkkür" Universitetinin hüquq fakültəsini bitirmişdir. 

Əmək fəaliyyətinə Masallı Konserv Zavodunda başlamışdır. 1977-1979-cu illərdə hərbi xidmətdə olmuşdur. 

1979-1980-ci illərdə Azərbaycan Avtomobil Nazirliyinin 1 saylı tikinti-quraşdırma idarəsində usta, 1980-1982-ci illərdə Bakı şəhər Mənzil İdarəsində texnik, 1982-1984-cü illərdə "Azərittifaq" Universal bazasında iqtisadçı, 1984-1991-ci illərdə Bakı şəhər Soveti İcraiyyə Komitəsində böyük müfəttiş, böyük iqtisadçı, 1991-1995-ci illərdə Bakı Şəhər İcra Hakimiyyəti əhalinin sosial müdafiəsi və məşğuliyyəti şöbəsinin müdiri vəzifələrində çalışmışdır. 

Yeni Azərbaycan Partiyasının üzvüdür. Birinci, ikinci və üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. Parlamentdəki fəaliyyəti dövründə Milli Məclisin Regional məsələlər daimi komissiyasının üzvü, Azərbaycan-Portuqaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Əlcəzair, Azərbaycan-Hindistan parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olmuşdur. 

Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2011-ci il tarixli Sərəncamı ilə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir.

QEYD:

Əhəd Abıyev mətbuatın diqqətini  hər zaman maraqlı və ağılasığmaz bəyanatlar verməklə cəlb edib. Dəfələrlə onun hakimiyyət daxilində müəyyən qruplaşmalara qarşı savaş açdığı da xüsusi olaraq qeyd edilir.

Cia.az