Ölkəmizin müxtəlif bölgələrində kənd təsərrüfatı sahəsində payızlıq əkinə hazırlıq işləri gedir. Çörəyi torpaqdan çıxanlar bu dəfə də yaşadıqları rayonun iqliminə uyğun olaraq hansı məhsulu əkib nə qədər qazanacaqlarını, növbəti mövsümdə hansı məhsula daha çox tələbat olacağını hesablamağa çalışırlar.
Bundan başqa, becərilən məhsulun satış imkanları, bazarı, saxlanılması və sair kimi məsələlər də nəzərə alınır. Bəzən isə fermerlər dövlətin təşviq proqramlarından faydalanmaq üçün məhz strateji məhsulların becərilməsinə üstünlük verirlər. Təcrübədə fermerlərə hansı bitkinin əkilməsini inzibati qaydada diqtə edilməsi hallarına da təsadüf edilir.
Bəs görəsən, ümumiyyətlə, aqrar sektorda ən çox gəlir gətirən məhsul hansıdır?
“Yeni Müsavat”ın sualını cavablandıran iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, əkin üçün nəzərdə tutulan sahələrdə hansı məhsulların becərilməsinə fermerlərin özləri bazardakı tələbatı öyrənərək qərar versə daha yaxşı olar: “Dövlət tərəfindən hazırda təşviq proqramları keçirilir və bu proqramlar çərçivəsində müəyyən subsidiyaların ayrılması nəzərdə tutulur. Birillik bitkilərdən hələlik ən çox subsidiya pambığın becərilməsinə ayrılıb. Dövlətin diqqətində olan əsas sahələrdən biri məhz pambıqçılıqdır. Həm bu istiqamətdə ayrılan subsidiyanın miqdarı artıb, həm də bu sahədə müxtəlif istiqamətlər üzrə subsidiya verilməsi məsələsi həllini tapıb. Əgər fermerlər pambıqçılıqla məşğul olmaq istəyirlərsə, bu sahədə müxtəlif subsidiyalardan yararlana bilərlər”.
![]()
İqtisadçı onu da vurğuladı ki, hansı məhsulların becərilməsinin sərfəli olduğunu bilmək üçün ətraf ölkələrdəki bazarların öyrənilməsinə ehtiyac var: “Qonşu ölkələrdə hansı aqrar məhsulların satışı daha yaxşı həyata keçirilirsə, həmin məhsullara üstünlük verilə bilər. Azərbaycan üçün əsas bazarlardan biri Rusiya bazarıdır. Orada da tərəvəz məhsullarına daha çox tələbat var. Birillik məhsullardan pomidor, xiyar, kələm və sair daha yaxşı satılır. Artıq bəzi məhsullar üzrə Rusiyaya ixracda ”yaşıl dəhliz" prinsipi də tətbiq olunub və proses daha da asanlaşıb. Bunu nəzərə alaraq Rusiyaya yönəlik məhsulların əkilməsini də daha məqsədəuyğun saymaq olar".
N.Cəfərlinin fikrincə, dövlətin bu prosesdə fermerlərə dəstəyini artırmaq üçün subsidiyalaşma proqramına yenidən baxılmasına ehtiyac var: “Bizdə hələ də bəzi məhsul növləri və bitkilər üzrə stimullaşdırma və dotasiyaların verilməsi doğru yanaşma ilə həyata keçirilmir. Hələ də əkilən ərazinin sahəsinə görə hesablanan dotasiya proqramları mövcuddur. Bundan birdəfəlik imtina etməli və son məhsulun həcminə və keyfiyyətinə görə dotasiya verilməsinə keçilməlidir. Fermerlər məhz o zaman daha çox və daha keyfiyyətli məhsul istehsal etməkdə maraqlı olacaqlar”.
