Son günlər "Azadlıq" Radiosunun Bakı redaksiyasının bağlanması və fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı məsələ yenidən gündəmə gəlib. Xarici işlər naziri Elmar Məmmədyarovun ABŞ nümayəndə heyəti ilə görüşündə bu məsələ daha geniş müzakirə olunub.
Qeyd edək ki, Elmar Məmmədyarovla görüşdə Birləşmiş Ştatların Azərbaycandakı səfiri Robert Sekutanın rəhbərlik etdiyi və ABŞ-ın Yayım Şurası idarə heyətinin beynəlxalq yayımlar üzrə bürosunun direktor müavini Cefrey Trimbli və "Azadlıq" Radiosunun maliyyə məsələləri üzrə vitse-prezidenti Con Giambalvonun da yer aldığı nümayəndə heyəti iştirak edib. Görüşdə Azərbaycanla ABŞ arasında ikitərəfli əməkdaşlığa dair fikir mübadiləsi aparılıb və "Azadlıq" Radiosunun fəaliyyətinə aid məsələlər müzakirə olunub.
Toplantıdan sonra Robert Sekuta Azadlıq Radiosu barəsində mətbuata açıqlama verib: “Biz hesab edirik ki, "Azadlıq" Radiosu işləməli və jurnalist standartına ən uyğun şəkildə fəaliyyətini davam etdirməlidir”.
Ekspertlər hesab edirlər ki, son görüşlər və ABŞ səfirinin bu açıqlaması "Azadlıq" Radiosunun fəaliyyətinin bərpa edilməsinə, həbsdəki jurnalist Xədicə İsmayılın azad olunmasına müsbət təsir edəcək.

“Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu danışıqların aparılmasının müsbət effekt verəcəyini düşünür: “Əgər XİN və "Azadlıq" Radiosunun Yayım Şurasının vitse-prezidenti səviyyəsində danışıqlar gedirsə, bu müsbət tendensiyadır. "Azadlıq" Radiosu geniş auditoriyası olan, ölkənin inkişafında böyük rol oynayan bir media qurumudur. Hesab edirəm ki, istənilən medianın qapadılması yanlışdır. Dövlət və cəmiyyətin xeyrinə heç nə vəd etmir. Aydın məsələdir ki, rəsmi danışıqdan əvvəl hər hansı bir anlaşma əldə olunur. Yəni danışıq prosesinin özünün başlamaqla bağlı razılığı nəzərdə tuturam. Azərbaycan tərəfi artıq bu barədə danışıqlara başlayıb. Ümid etmək olar ki, bu müsbət nəticələr verəcək. Amma təbii ki, münasibətlər tam aydınlaşmayıb. Azərbaycan-ABŞ münasibətlərində müzakirə olunmalı çox məsələlər var. Hər halda Azərbaycan ikitərəfli münasibətlərdə müsbət addımlar atır. Bunun nəticələrini zaman göstərəcək. Amma müzakirənin özünün başlaması müsbətdir”.
Ə.Oruclu danışıqların Xədicə İsmayılın azadlığa buraxılmasına müsbət təsir edib-etməyəcəyi barədə sualımıza belə cavab verdi: “Bu barədə fikir söyləmək çox çətindir. Məlumat da yoxdur. Amma istənilən halda Xədicə İsmayıl sıradan bir jurnalist deyil. Uzun müddət "Azadlıq" Radiosunda çalışıb. Bakı ofisinin rəhbərlərindən biri olub. Bu baxımdan onunla bağlı danışıqların olması istisna deyil. Prosesə təsir göstərəcəyi barədə fikir söyləmək çətindir. Çünki son vaxtlar tamam başqa şeylər gördük. Şahidi olduq ki, Con Kerri ilə telefon danışığının ardından Xədicə İsmayıl həbs olundu. Daha sonra ABŞ rəsmisinin səfəri ərəfəsində Xədicə İsmayıla yeni ittihamlar irəli sürüldü. Hər şey dövlət başçısının qərarından asılıdır. Xədicə İsmayılla bağlı məsələlərin arxasında qərəz dayanır. Qərəzin aradan qaldırılması mənə daha çətin görünür”.
Politoloq Azərbaycanın ABŞ-a qarşı sərgilədiyi mövqeyə də toxundu: “Bunlara müxtəlif ad vermək olar. Onu qeyd edə bilərəm ki, Azərbaycanın hazırda ABŞ-a qarşı siyasəti müsbət heç nə vermir. Bu gün açıq şəkildə görürük ki, Rusiya bizim üçün daha böyük təhlükədir. Son bir həftədə baş verənlər heç kəsə aydın deyil. Bütün bunların arxasında daha aqressiv Rusiya görə bilərik. Bizə çoxşaxəli siyasət lazımdır. Təəssüf ki, şaxələrin çoxu sıradan çıxarılıb. Bunu bərpa etməyin nə qədər zamana başa gələcəyini deyə bilmərəm. Bir qədər daha çevik siyasət aparmaq vacibdir. Çünki proseslər düşündüyümüzdən daha sürətlə dəyişir”.//musavat.com
