İnşaat şirkətlərinin hasarlarının, ticarət obyektlərinin divarlarının yarısını işğal etdiyi səkiləri bir tərəfdən də köşklər və onların "qol-budaq" atan soyuducuları işğal edir. "Memar Əcəmi", "20 Yanvar", "Nərimanov" və digər bir çox metrostansiyaların yaxınlığında piyadaların rahat hərəkət etməsi üçün salınmış səkilərdə köşk əlindən tərpənmək mümkün deyil. Səkilər hər keçən ay hissə-hissə "işğal"a məruz qalır, piyadalar səkilərdən avtomobil yoluna çıxmağa məcbur olur.
Dar səkilər işıqlandırma dirəkləri ilə, geniş səkilər isə həmin köşklərlə məşğul edilir. Yaxınlığından avtomobil yolunun salındığı parklarda, küçə və prospektlərdə piyadalar səkilərdən avtomobil yoluna çıxmağa məcbur olur.
Vətəndaşlar aidiyyəti qurumların bu köşkləri və onların yaratdığı maneələri görməzlikdən gəlmələrini tənqid edirlər. Fərid Mirzəyev qeyd edir ki, səki üzərində olan soyuducuların hər biri əlavə puldur. O pul verilməsə biri də qalmaz: "Balaca məhəllə dükanları “icazəsiz” bir palet meyvə qoysa, dükanın qabağında həmin dəqiqə görürlər, hətta cərimələyirlər. Bunları isə “görən” yoxdur. Yəqin ki, səbəbi “icazəli” olmasıdır".
Vətəndaşlar bu köşklərlə bağlı reydlərin keçirilməsinə rast gəlmədiklərini qeyd edirlər. Həqiqətən də qeyd olunan problemləri yaradan köşklərin əslində tam olaraq hansı quruma tabe olması, hansı agentliyin balansında olması bizə tam olaraq məlum deyil. Ancaq görünən odur ki, bu köşklər onları işlədən şəxslər tərəfindən pərakəndə yerləşdirilir, səkilərdə hərəkət edən piyadaların təhlükəsizliyi və rahat keçidi nəzərə alınmır. Köşklərin yerləşdirilməsini və nəzarətini həyata keçirən bir qurum varsa (ki, təbii olaraq, var), Bakı küçələrini və səkilərini sözün əsl mənasında işğal etmiş bu köşklərin sayını məhdudlaşdırmaları və qanuna müvafiq olaraq yerləşməni həyata keçirmələri zərurət təşkil edir.
Bizimyol.info