Azərbaycan Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən, tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin kommunal xidmətlərinə qoşulması qadağandır.
Hurriyyet.az xəbər verir ki, məsələ ilə bağlı əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev referans.az-a bildirib ki, bu qanun keçən il oktyabr ayının 1-dən sonra tikilən evlərə şamil olunacaq:
“Oktyabr ayının birindən sonra əgər hər hansısa bir ev tikilirsə, tikilib qurtarırsa, tikilmək üzrədirsə, onların çıxarışı olmadığı halda onlara kommunal xidmətlərin çəkilişi həyata keçirilməyəcək. Amma bu qanun yalnız fərdi həyət evlərinə şamil olunur, yəni bu oktyabr ayından əvvəl tikilmiş sənədsiz fərdi və qeyri-yaşayış evlərinə aid deyil. Hazırda Bakıda və Bakıətrafı ərazilərdə 100 minlərlə evlər var ki, tikilib və hələ də onların sənədi yoxdur. Evin sənədi yoxdur, amma qaz, işıq, su, istilik və digər kammunal xidmətlər var. Onlar təbii ki, birmənalı olaraq toxunulmaz olaraq qalır”.
Ekspert hesab edir ki, yenilik əmlak bazarına pis təsir edəcək. Onun sözlərinə görə, yeni qaydanın tətbiqi çıxarışlı torpaqların qiymətinin artmasına səbəb olacaq, bu isə bir əmlak bazarına bir sıra mənfiliklər yaradacaq: “Belə olduğu halda çıxarışlı torpaqların qiyməti artır və digər torpaqlara isə tələbat azalır. Əgər vətəndaş ev tikib daha sonra ora qaz, işıq, su və digər lazımi kommunal xidmətləri çəkdirə bilməyəcəksə, həmin ərazidən ev almırlar. Hazırda çox insanlar var ki, torpaq alıb ev tikiblər, amma sənəd ala bilmədikləri üçün bu sahəyə yatırdıqları kapital məhv olub”.Çıxarışsız torpaqların qiyməti, hansı ki ora kommunal xidmətlər çəkilə bilməyəcək o torpaqların qiyməti düşür, digərləri isə artır – deyə Elnur Fərzəliyev əlavə edib.
Xatırladaq ki, Azərbaycan Prezidentinin Fərmanı ilə Cinayət Məcəlləsinə edilən dəyişikliklərə görə cəza tədbirləri nəzərdə tutulub. Belə ki, oktyabrın 1-dən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan tikilməkdə olan və ya tikilmiş tikinti obyektlərinin təbii qaz, su, kanalizasiya, elektrik və ya istilik enerjisi təchizatı müəssisələrinin vəzifəli şəxsləri tərəfindən mühəndis-kommunikasiya təminatı sistemlərinə qanunsuz qoşulması – 2 min manatdan 4 min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.