|
Qarabağ üçün yeni “resept”:

Moskva Avropa İttifaqının Qarabağ müzakirələrinə qoşulmasına qarşı deyil; ekspertlərin fikrincə, Peskov bunu diplomatik etikaya uyğun olaraq deyib, əslində Rusiya maraqlı deyil ki...

Bəzi Qərb ölkələri iddia edirlər ki, münaqişə hələ başa çatmayıb və ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqlar bərpa edilməlidir. Halbuki Azərbaycan Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Bakıya səfərində də münaqişəni artıq bitmiş saydığını bəyan edib. Ona görə Minsk Qrupu çərçivəsində danışıqların aktuallığı itirilib. Lakin nədənsə Kremldən vasitəçiliklə bağlı maraqlı reaksiya gəlib. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, Moskva Avropa İttifaqının Qarabağa dair müzakirələrə qoşulmasına qarşı deyil, hətta bu vasitəçilik səylərini alqışlamağa da hazırdır.

Amma Qarabağa dair müzakirələr yalnız 10 noyabr sənədi üzərində aparıla bilər. “Yeni Müsavat” bildirir ki, üçtərəfli razılaşmasından irəli gələrək regionda nəqliyyat əlaqələri bərpa edilməli, o cümlədən “Zəngəzur dəhlizi” açılmalı, Ermənistanla yekun sülh razılaşması imzalanmalıdır.

Kremlin yanaşmasından isə göründüyü kimi, Avropa İttifaqının Qarabağ müzakirələrində iştirakı ancaq əldə edilmiş üçtərəfli razılaşmaların həyata keçirilməsinə dəstək baxımından alqışlana bilərdi. Yəni münaqişənin nizamlanması adı ilə hansısa yeni format və ya yeni vasitəçilərin meydana çıxması Rusiyada da qəbul edilmir. Üstəlik, Avropa İttifaqının üzvü olan bəzi aparıcı ölkələr, o cümlədən Fransanın aşkar ermənipərəst siyasət yürütdüyünü nəzərə alsaq, Aİ-nin vasitəçiliyi nə verə bilər ki?

Peskovun sözlərinə görə, əgər vasitəçilik səyləri stabillik gətirəcəksə, mövcud razılaşmaların həyata keçirilməsinə kömək edəcəksə, o zaman bunu ancaq alqışlamaq olar. Bəs niyə Moskva Qərbin vasitəçilik təşəbbüslərini dəstəkləsin?

Azad MƏSİYEV

Azad Məsiyev

Siyasi ekspert, Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri Azad Məsiyevin “Yeni Müsavat”a bildirdiyinə görə, Minsk Qrupunda həmsədr ölkələr 30 il erməni mənafeyinə xidmət ediblər və yalnız 44 günlük müharibə ilə bu status-kvoya son qoyulub. Siyasi şərhçinin fikrincə, Rusiyanın bölgədə böyük maraqları var və əsl Qərbin regionda təşəbbüskarlığı ələ almasına razı olmaz.

“Sadəcə, Peskov diplomatik etikaya uyğun olaraq açıqlama verib. Məncə, ümumi bir çağırışdır. Əslində Rusiya maraqlı deyil ki, Qərb təşkilatları, yaxud ABŞ təşəbbüskarlığı ələ alsın. Üstəlik, Avropanın nə təşəbbüsü olacaq? Əgər münaqişənin həllində səyləri olsaydı elə bu 30 ildə edərdilər. Ona görə bundan sonra nəyi edəcəklər ki? Hazırda Rusiyanın regionda sülhün təmin olunması üçün planları var və bu istiqamətdə iş aparır”.

Ramiyə Məmmədova: “Bayden hökuməti İrana yeni sanksiyalar tətbiq edilə  bilər”

Ramiyə Məmmədova

Siyasi təhlilçi Ramiyə Məmmədovanın sözlərinə görə, bundan əvvəl də Rusiya tərəfi Minsk Qrupunun fəaliyyətinin zəruriliyini dilə gətirib: “Hətta Qarabağın ”statusu"nun bu formatda həll edilməli olduğunu bildirib. Kreml heç də Minsk Qrupunu arzulamır, sadəcə, Qərblə bu məsələdə konsensusa gəldiyini guya göstərir. Ona görə oxşar mövqe Avropa İttifaqı ilə bağlı sərgilənib. Rusiya regionda məsələlərin Türkiyə ilə birgə həllində maraqlıdır".

Ekspert qeyd edir ki, Peskovun açıqlamasını diplomatik gediş adlandırmaq lazımdır: “Moskva özünü elə göstərir ki, regionda sabitliyin əldə olunmasında tək çıxış etmir. Aydın məsələdir ki, sülhməramlı qüvvələrini yerləşdirməklə Rusiya istəklərini reallaşdırıb. Ancaq bu dəfə Türkiyə ilə hesablaşır və bu da bizi qane edir. Digər tərəfdən, Avropa İttifaqından bizə nə xeyir gələcək? Şübhəsiz ki, onlar regionda sülh üçün səy göstərəcəklərsə, Bakı bunu loyal qarşılayacaq. Amma Fransa başda olmaqla, ermənilərin təəssübünü çəkənlərin regionla bağlı obyektiv mövqe nümayiş etdirəcəyini gözləmirəm”.

R.Məmmədova bildirir ki, Aİ Ermənistana yardım ayırmağı nəzərdə tutur, bu halda sülh üçün hansı təşəbbüsdən söhbət gedə bilər: “Şarl Mişel İrəvana səfər edərkən Ermənistandakı ”prioritet proqramlar" üçün 2,6 milyard avro dəyərində maliyyə paketinin ayrılması ilə bağlı planlarını təsdiqləyib. O, ayrılacaq vəsaitin infrastruktur, rabitə, nəqliyyat və demokratik institutların inkişafı kimi sahələrə yönəldiləcəyini deyib. Bu baxımdan Avropa İttifaqından gözləntimiz yoxdur".