| Xəbər 1806 dəfə oxunub
Bakıda nümayiş olunacaq fransız filmlərinin proqramı açıqlanıb

Fransanın Azərbaycandakı səfirliyi, Bakıdakı Fransız İnstitutu və “Landmark Hotel Baku”nun birgə təşkilatçılığı ilə avqust və sentyabr aylarında hər cümə günü, azərbaycanlı məşhurların təqdimatında, onların sevimli fransız filmləri bakılı kinosevərlərə təqdim ediləcək.

Fransa səfirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Mənim fransız filmim” layihəsi çərçivəsində ölkənin sevilən sənət adamları, “Landmark”ın səmaya açıq terrasında nümayiş ediləcək fransız filmləri haqqında təəssüratlarını bölüşəcəklər.

Artıq layihənin ilk filmi nümayiş olunub. Proqrama əsasən avqustun 10-da Elza Furtadonun (fransalı aktrisa) iştirakı ilə Antonen Peretyatkonun “14 iyul qızı”, 17-də Rüstəm Hüseynovun (fotoqraf, “Artlogos” klubunun kuratoru və rejissoru) iştirakı ilə Jan-Lük Qodarın “Son nəfəsdə”, 24-də Əli İsa Cabbarovun (rejissor, prodüser) iştirakı ilə Jan-Lük Qodarın “Həyatını yaşamaq”, 31-də Teymur Hacıyevin (rejissor) iştirakı ilə Jan-Pyer Melviyin “Qırmızı dairə”, sentyabrın 7-də Teymur Daiminin (filosof, audiovizual rəssam, rejissor) iştirakı ilə Leos Karaksın “Holy Motors”, 14-də Elçin Əliyevin (memar, dizayner, sənətşünas) iştirakı ilə Lui Mal-ın “Lacombe Lucien”, 21-də İlqar Safatın (rejissor) iştirakı ilə Rober Bressonun “Pul” və sentyabr 28-də Bəhram Bağırzadənin (aktyor, rejissor) iştirakı ilə Fransis Veberin “Oyuncaq” filmləri təqdim olunacaq.

İngilis altyazıları ilə nümayiş edilən filmlərə baxmaq üçün giriş sərbəstdir