| Xəbər 839 dəfə oxunub
Azərbaycanın VTB Bankdakı pulları təhlükədədir

Ötən həftə ABŞ Senatına təqdim olunmuş və Rusiyaya qarşı yeni, daha sərt sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsinin mətninin açıqlanması Rusiya iqtisadiyyatında ciddi rezonansa səbəb olub. Belə ki, mətn yayıldıqdan sonra Rusiya maliyyə bazarında neqativ proseslər cərəyan etməyə başlayıb - dövlət banklarının səhmləri ucuzlaşıb, dolların məzənnəsi 65 rublu (son 2 ilin minimumu), avronun məzənnəsi 75 rublu ötüb.

Qeyd edək ki, “Amerikanın təhlükəsizliyinin Kremlin aqressiyasından müdafiəsi üzrə Akt” (“Defending American Security from Kremlin Aggression Act - DASKAA) adlanan sənədin ən təsirli müddəası budur ki, orada Rusiyanın aparıcı banklarının (”Sberbank", VTB, “Qazprombank”, “Rosselxozbank”, “Bank Moskvı”, VEB, “Promsvyazbank”) ABŞ-dakı müxbir hesablarının və aktivlərinin bloklanması, hər hansı əməliyyat aparmalarına qadağa qoyulması nəzərdə tutulub.

Politoloq Şahin Cəfərlinin dediyinə görə, bu, faktiki olaraq, həmin bankların dollar sistemindən kənarlaşdırılması deməkdir: “Bu sahədə digər təsirli addım Rusiyanın borc kağızlarının satın alınmasına qadağa qoyulmasıdır. Bunun gerçəkləşməsi durumunda Rusiyanın kənardan borc cəlb etməsi çətinləşəcək.

Bundan başqa, bütün dünyada Putinin şəxsi varidatının axtarışı və üzə çıxarılması üzrə praktik fəaliyyətin başlanması, sanksiya tətbiq olunacaq rusiyalı oliqarxların, məmurların siyahısının yenidən hazırlanması, Rusiyanın enerji layihələrinə sanksiyalar, ABŞ ordusunun anbarlarında qalmış və istifadə olunmayan silahların ehtiyacı olan NATO ölkələrinə bağışlanması, ABŞ-ın NATO-dan çıxmasının yalnız Senatın üçdə iki səs çoxluğu ilə mümkün olması məsələləri də sənəddə əksini tapıb. Dövlət katibinə tapşırılır ki, Rusiyanın terrorizmin sponsoru olan dövlətlərin siyahısına daxil edilmək üçün müvafiq kriteriyalara uyğun gəlib-gəlmədiyini araşdırıb Konqresə məlumat versin.

Şahin Cəfərli ile ilgili görsel sonucu

Əslində bu sanksiyaların bəziləri 2017-ci ildə qəbul olunmuş sanksiya qanununda (CAATSA) əksini tapıb. Lakin həmin qanunda sanksiyalar məcburi xarakter daşımır və onların tətbiqi hökumətin öhdəsinə buraxılır. Ötən müddətdə isə Tramp bu sanksiyaların bir çoxunun tətbiqinə həvəs göstərməyib, üstəlik, senatorların fikrincə, Putinlə görüşdə və NATO zirvəsində özünü “yaxşı aparmayıb.” İndi yeni qanunla Rusiyaya qarşı tətbiq olunmuş bütün sanksiyalar sistemləşdirilir, məcburi hala gətirilir və sırf bu məsələ ilə məşğul olacaq xüsusi idarə yaradılır. Bununla da Trampın Putinlə münasibətlərdə əli-qolu bağlanır və o, Rusiya ilə münasibətlərdə dar bir dəhlizdə hərəkət etmək zorunda buraxılır".

Konqresin tətilə çıxması ilə əlaqədar qanun layihəsinin sentyabr-oktyabr aylarında (noyabr seçkisindən öncə) qəbulu planlaşdırılıb.

Ş.Cəfərli Rusiya iqtisadiyyatındakı təlatümlərin səbəbini də açıqlayır: “Səbəb odur ki, xarici oyunçular, investorlar sanksiyaların ciddiliyini görüb,  aktivlərindən çıxmağa, əllərindəki səhmləri (”Sberbank" və VTB səhmləri başda olmaqla), Rusiya istiqrazlarını (OFZ) və avrobondlarını satmağa başladılar. OFZ və bondların qiyməti ucuzlaşdı, faizləri yüksəldi

Rusiya maliyyə bazarlarında çaxnaşma bu gün də davam edir. Bu dəfə səbəb həmin qanun layihəsi deyil, ABŞ hökuməti tərəfindən “Skripal işi” ilə əlaqədar Rusiyaya qarşı ikimərhələli sanksiya planının elan olunmasıdır. Xəbər dünən axşam yayıldı, bu gün birjalar açıldıqdan sonra Rusiya şirkətlərinin səhmlərində növbəti ucuzlaşma başladı. “Aeroflot”un səhmləri 12 faizdən çox, “Sberbank”ın səhmləri 6 faiz civarında, VTB-nin səhmləri 7 faizdən çox ucuzlaşdı, rubl da düşməyə davam etdi".

Qeyd edək ki, avqustun 22-dən etibarən ABŞ Rusiyaya milli təhlükəsizlik sahəsi ilə bağlı olan elektron qurğuların və onların komponentlərinin, o cümlədən aviasiya sahəsində istifadə olunan cihazların ixracını tam dayandıracaq. Bu, kimyəvi və bioloji silahlar üzərində nəzarət və onların tətbiqinin qadağan olunması haqqında 1991-ci il tarixli qanuna əsasən edilir: “ABŞ şərt qoyur ki, Rusiya bu tip silahlardan bir daha istifadə etməyəcəyinə dair 3 ay ərzində təminat verməli və öz ərazisinə beynəlxalq müfəttişlərin buraxılmasına razılaşmalıdır. Əks təqdirdə, sanksiyaların ikinci, daha ağır mərhələsi başlayacaq. Rusiya ilə diplomatik əlaqələrin səviyyəsi aşağı salınacaq (səfir geri çağırılacaq), ”Aeroflot"un və Rusiya hökumətinin nəzarətindəki digər aviaşirkətlərin ABŞ-a uçuşları dayandırılacaq, qida məhsulları istisna olmaqla, ABŞ-dan Rusiyaya ixracat tam dayandırılacaq və bu ölkədən ABŞ-a idxal (o cümlədən neft və neft məhsulları) qadağan ediləcək, Rusiyaya beynəlxalq maliyyə qurumlarından yardım və kreditlərin ayrılması əngəllənəcək".

Ş.Cəfərlinin sözlərinə görə, yuxarıda qeyd olunan qanun indiyədək yalnız iki ölkəyə qarşı tətbiq edilib: 2013-cü ildə Suriyaya və 2018-ci ildə Şimali Koreyaya qarşı: “Rusiya faktiki, bu ölkələr və İranla eyni kateqoriyaya aid edilir və onun qarşısında kimyəvi silahlarının saxlanıldığı hərbi obyektlərini beynəlxalq müfəttişlərə açmaq tələbi qoyulur. Aydındır ki, Moskva alçaldıcı görünən şərtləri yerinə yetirməyəcək, bunu şərt qoyanlar da bilməmiş deyil.

Belə görünür ki, Putin geri addım atmasa, onun qarşıdakı 5,5 illik səlahiyyət müddətində sanksiyalar ağırlaşmaqda davam edəcək, nəticədə Rusiya iqtisadiyyatı komaya düşəcək".

Onu da qeyd edək ki, bankların sanksiyalara məruz qalması barədə məlumat yayıldıqdan sonra Rusiyada əmanətçilər kütləvi şəkildə həmin banklardan vəsaitlərini çəkməyə başlayıblar. Belə ki, dollarla əməliyyatları qadağan olunacaq 6 bankda rusiyalıların 40 milyard dollardan yuxarı əmanəti saxlanır. Bu qədər vəsaitin sanksiya qorxusu ilə geri çəkilməsi bankları müflis edə bilər.

Rusiyaya qarşı sanksiyalar Azərbaycanın valyuta ehtiyatlarına da təhlükə yaradır. Belə ki, Azərbaycan Dövlət Neft Fondu sanksiyalara məruz qalacaq VTB Bankda 2,95 faiz paya malikdir. Bu payı fond 2013-cü ildə 500 milyon dollara əldə edib. Bu ilin aprelində VTB Bankın prezidenti Andrey Kostinin adı ABŞ-ın sanksiya tətbiq etdiyi şəxslər sırasında açıqlandıqdan sonra bankın səhmləri bir neçə gün ərzində 10 faiz dəyərdən düşmüşdü. Son sanksiya xəbəri isə daha 7 faiz ucuzlaşmaya səbəb olub. Sanksiyalar qüvvəyə minərsə, VTB Bankın iflas həddinə çatması istisna edilmir. Bu isə Azərbaycanın bu banka yatırılan vəsaitlərinin itirilməsi demək olar.

Onu da qeyd edək ki, VTB Bankına edilən ilkin investisiya tarixindən (2013-cü il) bəri ARDNF-yə ödənilmiş toplam dividend gəliri 32 milyon dollardan bir qədər yüksək olub. Yəni fondun əldə etdiyi gəlir banka qoyduğu vəsaitlərin 10 faizi qədər də deyil.