|
“Hərbi cinayətkarlar beynəlxalq tribunalda ədalətli cəza alacaqlar” - deputat Asim Mollazadə

Ermənistan Baş Prokurorluğu 28 iyulda həbs edilən keçmiş prezident Robert Köçəryanın zaminə buraxılması ilə bağlı parlamentin 45 deputatının imzaladığı müraciətə cavab verib. Musavat.com “RiaNovosti” agentliyinə istinadən xəbər verir ki, baş prokurorluğun ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Arevik Xaçatryan həmin müraciətə baxıldıqdan sonra rədd cavabının verildiyini açıqlayıb. “Köçəryanla bağlı həbs-qətimkan tədbirinin dəyişdiriməsi barədə verilən vəsatət təmin olunmayıb. Təhqiqat davam etdiyi müddətdə Robert Köçəryanın istintaq təcridxanasında saxlanılması üçün ciddi əsaslar var. Başqa cür araşdırmanın ardıcıl və maneəsiz gedişini təmin etmək mümkün deyil”, - Arevik Xaçatryan qeyd edib.

Xatırladaq ki, Köçəryan 2008-ci il martın 1-də Serj Sərkisyanın saxta yolla prezident seçilməsinə etiraz etmək üçün təşkil olunan nümayişləri qeyri-qanuni olaraq amansız şəkildə yatırmaqda (həmin hadisələrdə azı 8 nəfər ölüb) və bununla ölkənin konstitusiya quruluşunu zorla dəyişdirməkdə ittiham olunur.

Qeyd edək ki, bu iş çərçivəsində Ermənistanın keçmiş müdafiə naziri Mikael Arutunyan və o dövrdə İrəvan qarnizonunun rəisi olmuş Yuri Xaçaturova qarşı da ittiham irəli sürülüb. Y.Xaçaturov KTMT baş katibi olması səbəbindən həbsdən xilas ola bilib. Rusiyanın onun xilası üçün göstərdiyi cəhdlərdən sonra R.Köçəryanın da azadlığa çıxacağı ehtimalı var idi. Rusiya XİN başçısı Sergey Lavrovun “Ermənistanda baş verənlərdən narahatıq” məzmunlu açıqlamasının ardınca Köçəryan tərəfdarları fəallaşdılar, hətta onun hakimiyyətə qayıdacağına inananlar da tapıldı. Lakin baş prokurorluğun erməni deputatların vəsatətini rədd etməsi Paşinyanın bu məsələdə geri çəkilmək niyyətində olmadığını göstərir. Əslində N.Paşinyan R.Köçəryanı həbsdən buraxsa, Qarabağ klanı revanş əldə edə və parlament seçkiləri öncəsi ona ciddi problemlər yaşada bilərlər.

Bu arada Qərbdən Paşinyanın addımlarına dəstək verilməsi də diqqət çəkir. “Keçmiş vəzifəli şəxslərə qarşı açılmış cinayət işində qanunun aliliyinin qorunması vacibdir”. Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın Ermənistandakı səfiri Riçard Mills keçmiş prezident Robert Köçəryanın həbs edilməsinə münasibət bildirərkən deyib. O, Köçəryan və digər vəzifəli şəxslər barədə aparılan istintaq işinin şəffaf şəkildə həyata keçirildiyinə şübhə etmədiyini bildirib. Amerikalı diplomat Nikol Paşinyanın məhkəmə sahəsində apardığı islahatları dəstəklədiklərini də diqqətə çatdırıb.

Maraqlısı budur ki, Moskvaya yaxın adamların həbsini Qərb dairələri açıq şəkildə dəstəkləyirlər. Bu, Paşinyana manevr imkanı da qazandırır. Üstəlik, erməni baş nazir avqustun 17-də İrəvanda mitinq təşkil etməklə hədəflərini bir daha elan edəcək. Yəqin ki, bu yolla o, xalqın dəstəyini almağa və əleyhdarlarına mesaj verməyə çalışacaq.  

Belə  bir ərəfədə N.Paşinyanın Serj Sərkisyan tərəfindən həbs edilən banda üzvlərini azadlığa buraxması da maraqlıdır. “Sasna Tser” qruplaşmasının daha bir üzvü Qaqik Yeqiazaryanla bağlı həbs qətimkan tədbiri dəyişdirilib və o, məhkəmə zalından sərbəst buraxılıb. “Tsarukyan” fraksiyasının deputaları Vaqe Enfidcan, Şake İsayan və Akop Nazaryan onu zaminə götürüblər. Deputatların hər biri məhkəməyə 500 min dram ödəyiblər. Ancaq göründüyü kimi, Paşinyan R.Köçəryanla bağlı 45 deputatın müraciətinə məhəl qoymadı. Belə görünür o, Azərbaycana qarşı da çoxsaylı cinayətlər törətmiş Serj Sərkisyan və Seyran Ohanyanın həbsini də istəyir, sadəcə, kreslosunda bir az da möhkəmlənməyə çalışır. 

Robert Köçəryan əvvəlcə müdafiə naziri və müavinləri ilə görüşdü, növbəti gün - 23 fevralda isə Baş Qərargahda zabit heyəti ilə görüşərək İrəvana ordu yeridilməsi haqqında əmr verdi. Axar.az xəbər verir ki, bunu “1in.am” saytına açıqlamasında Ermənistan müdafiə nazirinin keçmiş müavini Qagik Melkonyan deyib. “1 martda müqavilə əsasında xidmət göstərən hərbçilər və zabitlər küçələrə yeridildi. Onlar arasında 18-19 yaşlı əsgərlər yox idi. Belə bir danışıq var idi ki, hər korpusdan 100-120 nəfər şəhərə gətirilsin. Biz hakimiyyətə qarşı idik. Onlara deyirdik ki, ordunun işi sərhədləri müdafiə etməkdir. Həmin günlərdə məni əmrə tabe olmamaq və müxalifətlə birgə işləməkdə ittiham edərək vəzifədən qovdular. Köçəryanın həbsdə saxlanılması doğrudur. O, cavab verməlidir. Ona görə ki, məhz o həmin vaxt prezident idi və əmri məhz o vermişdi” - deyə o bildirib.

Asim Mollazadə ile ilgili görsel sonucu

Demokratik İslahatlar Partiyasının (DİP) sədri, deputat Asim Mollazadə “Yeni Müsavat”a bildirdi ki, Robert Köçəryan və onun kimilərlə bağlı beynəlxalq tribunal öz qərarını, ədalətli hökmünü verməlidir: “Köçəryan və digərlərinin əlləri həm Azərbaycan xalqının, həm də son araşdırmalara görə, erməni xalqının qanına batıb. Belə cinayətkarlar üçün ümumiyyətlə, milli məsələ önəmli deyil. Onlar hərbi cinayətkarlardır və o şəxslərin fəaliyyəti münaqişənin uzadılmasına, daha çox qan tökülməsinə yönəlib. Erməninin, ya azərbaycanlıların ölümünün onlar üçün fərqi yoxdur. Çox təhlükəli olan bu insanların üzərində  beynəlxalq səviyyədə  ədalət məhkəməsi qurmaq lazımdır. İndi Ermənistanda Köçəryan və digərləri haqqında erməni qətlləri ilə bağlı araşdırmalar aparılır. Amma mən əminəm ki, vaxt gələcək hərbi cinayətkarlar Beynəlxalq Tribunalın ədalət hökmü qarşısında duracaqlar”. A.Mollazadə Azərbaycan dövlətinin hər zaman ölkəmizdə həyata keçirilmiş hərbi cinayətlərlə bağlı Beynəlxalq Tribunalın yaradılması məsələsini qaldırdığını söylədi: “Çox təəssüf ki, beynəlxalq təşkilatlar onların üzərinə düşən işləri həyata keçirmirlər. Baxın, bu gün Sərkisyan, Köçəryanın Ermənistanda törətdikləri cinayətlər ifşa olunur. Mən özüm görmüşdüm ki, bu cinayətkarları Avropa Şurasına necə dəvət edib onlara tribuna verirdilər. Ancaq bu gün Serj Sərkisyanın seçkiləri müzakirə mövzusudur. Hansı ki, Avropa Şurası Ermənistanda bu qurumun ”standartlarına uyğun olan seçkilər" barəsində rəy vermişdi. Bu, onu göstərir ki, ikili standartlar var və belə cinayətlərə göz yumulur. Bəli, Srebrenitsa soyqırımı ilə bağlı müvafiq tribunal yaradılmışdı. Nə üçün bunlarla bağlı yaradılmır? Nə üçün Ermənistanın törətdiyi cinayətlər, Azərbaycan ərazilərinin işğalı ilə bağlı hansısa müvafiq qərarlar yoxdur? Rusiya Gürcüstanı, Ukraynanı işğal edib, ona qarşı sanksiyalar müəyyənləşib. Nə üçün Ermənistana qarşı bu sanksiyalar yoxdur? Bunlar çox ciddi suallardır".

Deputat dedi ki, Azərbaycan beynəlxalq təşkilatlardan oyunlara son qoyub hüququn aliliyinə riayət etmələrini istəyir:“Sərkisyanın seçkiləri ”beynəlxalq standartlara uyğun" hesab olunubsa, deməli, bu standartlarda problemlər var. Nə üçün ABŞ Konqresi bu cinayətlərə göz yumur? Nə üçün Avropa Birliyində ikili standartlar var? Biz bu sualları beynəlxalq təşkilatların tribunalarından səsləndirməliyik və beynəlxalq aləmin diqqətini bu oyunlara cəlb etməliyik. Bəlkə onda haqq-ədalət bərpa oluna bilər. Ancaq hüquqi nihilizm gələcək cinayətlərə şərait yaradır. Vaxtında Köçəryan öz cinayətlərinə görə cəzalandırılsaydı, sonra Sərkisyan cinayətlər törətməzdi. Bəlkə o halda Qarabağ məsələsini də həll etmək mümkün olardı. İkili standartlar imkan vermir ki, münaqişələr həllini tapsın, hüququn aliliyi bərpa olunsun. Azərbaycana qarşı törədilmiş cinayətlər zamanında ifşa olunsaydı, cinayətkarlar cəzalandırılsaydı, bəlkə Gürcüstan, Ukraynanın işğalı da mümkün olmazdı".

Unutmayaq ki, R.Köçəryan və S.Sərkisyan keçmiş Azərbaycan vətəndaşlarıdır. Hər halda, beynəlxalq aləmə onunla bağlı müraciətlərdə bunu da xatırlatmaq lazımdır. Məsələn, S.Sərkisyanın qaçıb gizləndiyi İtaliyada həbsi üçün İnterpola müraciət də edilə bilər...