|
Azərbaycanlı dizaynerin kolleksiyası Nyu-York Moda Həftəsində təqdim ediləcək

Azərbaycanlı dizayner Rüfət İsmayıl Nyu-York Moda Həftəsi çərçivəsində “Power of Fire” (“Alovun gücü”) adlı yeni kolleksiyasını təqdim edəcək.

Dizaynerin mətbuat xidmətindən bildiriblər ki, Rüfət İsmayılın kolleksiyası sentyabrın 7-də dünya şöhrətli dizaynerlərin öz kolleksiyalarını təqdim etdikləri əfsanəvi “Spring Studio” moda məkanında nümayiş etdiriləcək. Ralf Loren, Oskar de la Renta, Vivyen Vestvud kimi dizaynerlərin kolleksiyalarının nümayişi də Rüfət İsmayılla bir gündə keçiriləcək.

“Power of Fire” 2019-cu ilin yaz-yay mövsümü kolleksiyasıdır. Kolleksiyaya 30 paltar daxildir. Yarımqiymətli daşlarla və mürəkkəb tikmə ilə işlənmiş bütün kolleksiya əl işindən ibarətdir. Onun yaradılması üzərində bütövlükdə təqribən 40 nəfər çalışıb.

Rüfət İsmayılın “Afffair” brendinin defilesi rəsmi olaraq Nyu-York Moda Həftəsinin cədvəlinə daxil edilib. Belə hadisə Azərbaycanın moda tarixində ilk dəfə baş verir.

Nyu-York Moda Həftəsi London, Paris və Milan moda həftələri ilə birlikdə dünyanın dörd ən əsas moda həftəsindən biridir. İldə iki dəfə keçirilir: fevralda payız-qış, sentyabrda yaz-yay trendləri nümayiş etdirilir.

Rüfət İsmayıl son illər Türkiyədə yaşayır və işləyir. 2012-ci ildə o, “Afffair” moda brendinin əsasını qoyub. Dizaynerin kolleksiyaları İtaliya, İran, Türkiyə, BƏƏ və digər ölkələrdə müvəffəqiyyətlə nümayiş etdirilib.