|
Ekspert: Dindarların guya təqib edilməsi ilə bağlı yayılan məlumatlar antiazərbaycan qüvvələrin növbəti təxribatıdır

Sosial şəbəkələrdə dindarların guya təqib edilməsi ilə bağlı yayılan məlumatlar antiazərbaycan qüvvələrin növbəti təxribatıdır. Bunu Trend-ə açıqlamasında "SƏS" qəzetinin baş redaktoru Bəhruz Quliyev deyib.

B.Quliyevin sözlərinə görə, həmin məlumatları yayan şəxslər əslində bəzi qüvvələrin sifarişini yerinə yetirirlər:

"Təəssüfedici haldır ki, Azərbaycanda və xaricdə fəaliyyət göstərən bir sıra qruplar “milli”, yaxud da “dini” təəssübkeş simasında maskalanaraq, ölkəmiz əleyhinə çirkin kampaniyalar aparmaqda davam edirlər. Bu gün din pərdəsi altında var-gəl edən həmin qruplar sifariş xarakterli videomateriallar, şərhlər hazırlayaraq, ölkəmizdə guya din, vicdan və s. azadlıqların pozulduğunu iddia edirlər. Lakin bir reallığı unudurlar ki, hazırda xidmət etdikləri radikal dini təşkilatlar bilavasitə Azərbaycanı istəməyən qüvvələrdir. Həmin şəxslər müəyyən maraqlar naminə Azərbaycana düşmən mövqeyində dayanan qüvvələrə yardım edirlər, onların təsiri altına düşürlər".

Ekspert vurğulayıb ki, bu şəxslər hətta hakimiyyətin Qarabağı qaytarmaq istəməməsi kimi sərsəm iddialarla çıxış edirlər: "Halbuki təkcə 2016-cı ilin aprel və bu ilin mayında Ordumuz düşməni məhv edərək torpaqlarımızın bir hissəsini işğaldan azad edib. Məgər bütün bunlar Qarabağın azadlığı uğrunda atılan addımlar deyilmi? Onlar bu hərəkətləri ilə həmin döyüşlərdə şəhid olan oğullarımızın, onların ailələrinin heysiyyatına toxunmaqdan da çəkinmirlər. Düşünürəm ki, belə iddiaları irəli sürənlər ermənilərə işləyirlər”.

B.Quliyev bildirib ki, Azərbaycan hüquqi və demokratik dövlətdir, ölkədə din sahəsinin inkişafına xüsusi diqqət yetirilir: "Ölkəmizdə mövcud olan multikultural dəyərlər, o cümlədən milli, etnik dözümlülük dünyanın ən aparıcı ölkələrində belə yoxdur. Ona görə də hesab edirəm ki, Azərbaycan əleyhinə fəaliyyət göstərən radikallar və onların ağaları heç vaxt öz istəklərinə çata bilməyəcəklər. Onların qarşısında güclü Azərbaycan dövləti, bu dövlətin ətrafında birləşən güclü xalq faktoru dayanıb”.