|
“Kanada silahı PKK terrorçularının əllərinə keçib”

Türkiyə Kanada hakimiyyətinə PKK terrorçularının Kanada silahının istifadəsi ilə bağlı faktı araşdırmaq tələbi ilə müraciət edib.

Trend-in türk KİV-lərinə istinadən verdiyi məlumata əsasən, daha öncə Kanadanın bir sıra KİV-lərində “Kanada istehsalı olan silah PKK terrorçularının əlinə keçib” adlı məqalə dərc olunub. Məqalədə qeyd olunur ki, PKK terrorçularında NEA-15 markalı Kanada silahı aşkarlanıb.

Məlumata əsasən, silah Türkiyə SQ-in Mardində keçirdiyi xüsusi əməliyyat zamanı aşkar olunub. Məhz bu əməliyyat çərçivəsində, mağarada keçirilən axtarışlar zamanı Kanada nümunəli avtomatlar tapılıb.

 

Silahın Ontario vilayətində “North Eastern Arms” şirkəti tərəfindən istehsal olunduğu bildirilir. Şirkət nümayəndəsinin sözlərinə görə silahın satışı “Kanada hakimiyyətinin razılığı ilə” həyata keçirilib.

Məqalənin müəlifi qeyd edir ki, 2016-ci ildə İraqın şimalında hərbi birləşmələrə NEA-15 avtomatları satılıb. Bununla yanaşı, qeyd olunur ki, şirkətin təmsilçiləri regiona səfər də ediblər: “Həmin ildə Kanadadan İraq mindən artıq silah satılıb”.

Kanada XİN-in nümayəndəsinin sözlərinə görə isə, “nazirlik məsələ ilə bağlı araşdırmaya başlayıb və İraqın rəsmiləri ilə silahın son istifadəsini aydınlaşdırır”.