Azərbaycan Prezidenti İlham Əliyevin Fransaya səfəri iki ölkə arasında münasibətlərin daha da inkişafı baxımından çox əhəmiyyətlidir.
Bu barədə Trend-ə açıqlamasında millət vəkili Fazil Mustafa deyib.
Millət vəkili bildirib ki, Fransa Dağlıq Qarabağ probleminin həllində vasitəçi olan ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir və buna görə də bu ölkə ilə münasibətlər Azərbaycan üçün daha vacibdir:
"Dövlət başçısının Fransaya səfəri Dağlıq Qarabağ münaqişəsinə obyektiv yanaşmanı təmin etmək baxımından xüsusi önəm kəsb edir. Səfər zamanı Azərbaycanla Fransa arasında iqtisadi sahədə əməkdaşlıq, gələcəkdə enerji layihələrində daha əlverişli münasibətlər qurmaq önə çəkildi".
Deputat qeyd edib ki, erməni lobbisinin güclü olduğu, ermənilərə dəstək verən ölkələrlə əməkdaşlığın gücləndirilməsi müəyyən addımlar atarkən həmin ölkələri Azərbaycanın maraqlarını düşünməyə məcbur edir: "Bu baxımdan da Prezident İlham Əliyevin Fransaya səfərinin müsbət nəticələr verəcəyini düşünürəm".