|
“Azar. Sevgi. Təbiət”- “Artım” layihə məkanında növbəti sərgi açılıb

“YARAT” Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə “YARAT”ın rezidentləri Ozan Atalan (Türkiyə), İlkin Hüseynov və Ehtiram Jabinin (Azərbaycan) əsərlərindən ibarət “Azar. Sevgi. Təbiət” adlı sərgi açılıb.

AZƏRTAC xəbər verir ki, “Artım” layihə məkanında reallaşan sərginin əsərləri, rəssamların süniliyə göstərdiyi maraqlarla bağlıdır. Əgər toy mərasimini “biznes” nöqteyi-nəzərindən xırdalasaq, bu, kənardan necə görünər? Geniş vüsət alan urbanizasiya və landşaftların rəqəmsallaşdırılması bizim təbiətlə bağlı qavrayışımıza necə təsir göstərir? Kollektiv dinamikaya cəlb edilən şəxs, kollektivin və şəxsi arasında fərq qoya bilərmi? “YARAT” rezidentləri bu dəfə bizim “həqiqi” və “süni” kimi qəbul etdiyimiz bir çox anlayışların, habelə, bütövlükdə ikili (binar) ayrılığın sevgi, xəstəlik və təbiət mövzuları vasitəsilə məqsədəuyğunluğunu araşdırır.

İlkin Hüseynovun “Toyxana” adlı əsəri, Azərbaycan mədəniyyəti və ənənələrinin ən populyar mövzusu olan toyu multimedia layihəsində əks etdirib. Rəssam, öz sənədli yanaşması və statistik araşdırması ilə bir vaxtlar yalnız sayılıb-seçilən qonaqlardan ibarət olan, bu mötədil, kiçikmiqyaslı ənənəvi mərasimin bu gün öz əndazəsindən çıxaraq, ifrat dərəcədə israfçılığın və “yeyib-içməyin” yer aldığı möhtəşəm tədbirə, son dərəcə təmtəraqlı bir şouya çevrilməsini, nəticədə isə ailələri külli miqdarda ziyana, borca salmasını araşdırır. Əsərdə şadlıq evlərinin arxitekturası, bahalı maşınlar, geyimlər və s. kimi toy aksesuarlarını əks etdirən fotoşəkillər, toy statistikasının rəqəmləri və faktiki qida qalıqlarından ibarət instalyasiya daxildir. Bu isə bir növ barokko dövrünün məşhur vanitas janrının duyğusal təcrübəsinə çevrilir və gözəllik, tənəzzül və faniliyi özündə cəmləşdirərək, “mənasız görünüş, miskinlik, fanilik”, hətta “yalan, lovğalıq, iflas və ya absurd” mənasını kəsb edir.

Ehtiram Jabinin “Koma” adlı əsərlər silsiləsi, komatoz halın fərdi vəziyyətdən kollektiv vəziyyətlərə qədər metaforik durumunu araşdırır. Fotoşəkillərdə əks edilən obyektlər və situasiyalar gündəlik həyatdan götürülsə də, rəssam onları fərdiləşdirir və melanoxolik, “letargik” qrup mexanizmlərini sərgiləyən güc obyektlərinə çevirir. “Hiss edirəm ki, mənə ayrılan vaxtın yarısını bitirmişəm və yaşadığım bu müddəti havasız, işıqsız, rəngsiz bir mühitdə keçirmişəm. Hər zaman məni nələrsə boğub. Hər zaman fərqli bir şeylər etmək istəyərkən dayanmışam. Hər zaman başqa yerlərdə olmaq, qaçmaq istəmişəm. Hər zaman məni nələrsə saxlayır.”

Ozan Atalanın “Hiss olunan reallıq” adlı instalyasiyası, sürətlə dəyişən dünyamızda informasiya yükünün dərk edilməsi ilə bağlı nəzəriyyələri sual altına qoyur. Rəssam, “informasiya” və “məntiq” terminlərini “hisslər” və “təxəyyül” terminləri ilə qarşı-qarşıya qoyan “kiber” və ya “həqiqi reallıq” arasında mədəni qurulmuş dualizmlə deyil, əksinə, bütövlükdə transformasiya prosesin, ələlxüsus, “spekulyativ estetika” nəzəriyyəsinin necə təqdim edilməsi ilə maraqlanır. “Çağdaş dünya həm insan transformasiyalarına, həm də təbii transformasiyalara məruz qalır. Siyasətdə baş verən dəyişikliklər və təbii dəyişikliklər spekulyativ estetika prizmasından bir-biri ilə harmonik qarşılıqlı əlaqə təşkil edir. Azərbaycanın tarixini və coğrafiyasını, Bakıda baş verən şəhər dəyişikliklərini nəzərə alaraq, mənim əsərlərim təbiətə hörmət prinsipinə söykənən mədəniyyətin formalaşmasının mümkünlüyünü, təbiət və mədəniyyət arasında mədəni qurulmuş dualizmin qəbulunu sual altına qoyan təbii və mədəni vəhdətlərin birgə, lakin müstəqil şəkildə mövcudluğunu təklif edir.”

Sərgi avqustun 12-dək ziyarətçilər üçün açıq qalacaq