|
Elmar Məmmədyarov: "Cənub Qaz Dəhlizi" Azərbaycan-İtaliya əlaqələrinin daha da inkişafına xidmət edəcək

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Enzo Moavero Milanesi ilə görüşüb.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, görüş əsnasında nazirlər İtaliya prezidenti Sercio Mattarellanın Azərbaycana həyata keçirilən rəsmi səfərini iki ölkə arasında siyasi dialoqun və hərtərəfli əməkdaşlığın yüksək səviyyəsinin göstəricisi kimi qiymətləndiriblər.

E.Məmmədyarov İtaliya prezidentinin ölkəyə ilk səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə keçirdiyi görüşün və apardığı müzakirələrin siyasi, iqtisadi-ticarət, enerji, mədəniyyət, elm-təhsil və digər sahələrdə əməkdaşlığın təşviqi üçün mühüm təkan verəcəyini qeyd edib.

O, İtaliyanın bu il ATƏT-in fəaliyyətdə olan sədri funksiyasını həyata keçirdiyini nəzərə alaraq, İtaliyanın Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə gedən danışıqlar prosesinə diqqət yetirməsinin əhəmiyyətinə toxunub. E.Məmmədyarov bütün beynəlxalq ictimaiyyətin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini və münaqişənin bu prinsiplər əsasında BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə uyğun olaraq həll edilməli olduğunu bildirib.

İtaliyanın Azərbaycanın əsas ticarət tərəfdaşı olduğunu xatırladan E.Məmmədyarov Cənub Qaz Dəhlizinin işə düşməsinin əlaqələrin daha da inkişafına xidmət edəcəyinə əminliyini ifadə edib.

E.M.Milanesi ölkəmizə səfərindən məmnunluğunu bildirib. İkitərəfli əlaqələrlə barabər İtaliyanın Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığının genişləndirilməsini dəstəklədiyini deyib.

Görüş əsnasında qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.