|
Baş bankirdən inflyasiya və kredit faizi açıqlaması

Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 11 faizdən 10 faizə endirilməsi, faiz dəhlizinin yuxarı və aşağı həddinin isə +/- 2 faiz səviyyəsində olması barədə qərar qəbul edib.

Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman  Rüstəmov deyib ki, faiz dəhlizinin parametrləri haqda qərar qəbul edilərkən ölkədə həyata keçirilən uğurlu iqtisadi siyasətin iqtisadi sabitliyə müsbət təsiri nəzərə alınıb.

E.Rüstəmovun dediyinə görə, Azərbaycan Mərkəzi Bankı üçün uçot dərəcəsinin 8 faiz olması komfort hesab olunur: “Ümumilikdə uçot dərəcəsi 8-10 faiz intervalında ola bilər. Bütövlükdə makroiqtisadi sabitliyin təmini üçün məqsədimiz birrəqəmli inflyasiya, məqbul volatilliyə və proqrnozlaşdırılabilən məzənnəyə nail olmaqdır. Digər qurumlarla birgə bu istiqamətdə işləməliyik”.

Baş bankir onu da deyib ki, Azərbaycanda kredit faizləri ilə bağlı vəziyyət mürəkkəbdir. Onun sözlərinə görə, bankların verdiyi kreditlərin yüksək olması makroiqtisadi səbəblərdən qaynaqlanmır: “Kreditlər üzrə faiz dərəcələrinin yüksək olmasının səbəblərini digər şərtlərdə axtarmaq lazımdır. Kreditlərə olan tələb və təklif nisbəti müəyyənləşdirilməlidir. Mən burada sağlam tələb və təklifi nəzərdə tuturam. Bilirsiniz ki, bank sektoru kredit verəndə risklərini qiymətləndirmək istəyir. Makroiqtisadi sabitlik siyasəti, monetar şəraitin normallaşdırılması tədbirləri davam etdiriləcək. Müvafiq qurumlarla birlikdə kreditlərin ekosistemi və risklərin aradan qaldırılması istiqamətində addımlar atmalıyıq. Bundan sonra yaxın gələcəkdə biz kreditlər üzrə faiz dərəcələrinin aşağı salınması, xüsusilə bazarın təklif etdiyi ipoteka kreditləri üzrə faiz dərəcələrinin birrəqəmli səviyyəyə düşməsindən daşına bilərik. Bunun üçün çox işlər görməliyik”. 

Hökumət həmçinin 2018-ci ilin sonuna inflyasiyanın birrəqəmli həddə olacağını proqnozlaşdırır: “Ötən beş ayda orta inflyasiya 3,2 faiz olub. Tədiyyə balansının yaxşılaşması davam edib. ÜDM-in 15,4 faiz səviyyəsinə profisit formalaşıb. Beş ayda ticarət balansının müsbət saldosu 2,1 dəfə, xidmətlər balansının kəsiri 2 dəfədən çox azalıb, qeyri-neft sektoru 14,2 faiz yüksəlib. Əlverişli neft qiymətləri xarici sektor göstəricilərinin artmasına səbəb olub. İlin sonuna da ticarət balansının əlverişli olacağı gözlənilir. İqtisadi aktivlikdə başlamış müsbət dinamika da davam edib. Monetar şəraitin yüksəldilməsi tarazlı makroiqtisadi sabitlikdə balansın yaranmasına xidmət edib. Ötən müddətdə pul bazasına artmasına təsir göstərən monetar siyasət yürüdülüb. Xarici valyutada depozitlərin geniş pul kütləsində çəkisi 2,1 faiz olub”.

İqtisadçı-ekspert Samir Əliyev ile ilgili görsel sonucu

İqtisadçı-ekspert Samir Əliyev deyir ki, uçot dərəcələri devalvasiyalardan sonrakı dövrdə böhranın qarşısını almaq məqsədilə qaldırılmışdı: “İndiki iqtisadi göstəricilərə istinad etsək, uçot dərəcələri çoxdan aşağı salınmalı idi. Amma hamımız bilirik ki, indiki sabitlik dayanıqlı deyil, xarici bazar şoklarından çox asılıdır. Yəni dünya bazarında neftin qiyməti kəskin  düşəcəyi təqdirdə bu sabitlik pozula bilər. Bu baxımdan, uçot dərəcəsinin ehtiyatla aşağı salınması başadüşüləndir. Eyni zamanda düşünürəm ki, ilin sonunadək inflyasiya və qiymətlər(xüsusilə dövlət tərəfindən tənzimlənən qiymətlər) artarsa, uçot dərəcəsinin yenidən qaldırılması da mümkündür”.

Azərbaycanda kredit faizlərinin yüksəkliyi neçə illərdir müzakirə olunur. S.Əliyevin fikrincə, ikirəqəmli faiz dərəcələrinin heç bir iqtisadi əsası yoxdur: “Devalvasiyadan öncə ölkədə inflyasiya birrəqəmli idi, amma kredit faizləri çox yüksək idi. İndi də təxminən eyni vəziyyətdir. Bu, arzuolunan hal olmamaqla yanaşı, ölkə iqtisadiyyatında risklərin yüksəkliyini göstərən bir amildir. Bu məsələyə iki istiamətdən yanaşmaq olar. Birinci budur ki, kredit vermək üçün bankların cəlb etdiyi resurslar bahadır. Bu gün bankların kredit resurslarının tərkibində depozitlərin payı əlli faizdən yüksəkdir. Yəni əsas resurs depozitdir. Depozit faizləri manatla ikirəqəmlidir, dollarla isə aşağıdır. Lakin dollarla əmanət yerləşdirən də azdır. Depoziti 15 faizlə götürən bank onun üzərinə öz xərcini və gəlirini də əlavə edərək kredit verir. Bu isə faizlərin yüksəlməsinə - illik 20 faizdən yuxarı olmasına səbəb olur. Əvvəllər banklar üçün digər mənbə xarici təşkilatlar idi. İndi bu da yoxdur. Üçüncü mənbə Mərkəzi Bankdır - uçot dərəcəsini bu gün 10 faizə endirib, aprelə qədər 13 faiz idi. Yəni bankların resurs cəlb etdiyi bütün mənbələr üzrə faizlər yüksəkdir. Buna görə də kredit faizləri yuxarıdır”.

Kredit faizlərinin yüksək olmasının ikinci mühüm səbəbi Azərbaycan iqtisadiyyatında risklərin yüksəkliyidir: “Real sektorda risklər yüksəkdir. Bu isə verilən kreditlərin geriqayıtmama riskini çoxaldır. Nə qədər ki, belədir, banklar aşağı faizlə kredit verməyəcəklər”.

Ekspertin sözlərinə görə, hökumətin qarşısında duran əsas vəzifələrdən biri inflyasiyanı sabitləşdirməkdir: “Uzun müddət Mərkəzi Bank manatın sabitliyini təmin etməklə idxal inflyasiyasını aşağı salmağa nail olub. Yalnız  devalvasiya zamanı bu proses nəzarətdən çıxdı, inflyasiya ikirəqəmli həddə çatdı. Hazırda Azərbaycanda inflyasiya səviyyəsinə təsir göstərən bir neçə amil var. Xarici amillərdən biri budur ki, Azərbaycanın əsas ticarət tərəfdaşları olan Rusiya və Türkiyədə milli valyutalar dollar qarşısında dəyərdən düşür. Bu isə həmin ölkələrdən gələn malların nisbətən ucuzlaşmasına səbəb olur. Manatın uzun müddətdir sabit qalması idxal inflyasiyasını minimum endirir. İnflyasiyaya təsir göstərən daxili amillərdən biri Mərkəzi Bankın dövriyyədəki pul kütləsini azaltmasıdır”.