|
Əli Əhmədov: Yaxın illərdə icbari tibbi sığorta bütün ölkə üzrə həyata keçiriləcək

“Güman edirəm ki, yaxın illərdə icbari tibbi sığorta Azərbaycanın bütün ərazisində həyata keçiriləcək".

Trend-in məlumatına görə, bunu jurnalistlərə baş nazirin müavini Əli Əhmədov bildirib.

Ə.Əhmədov bildirib ki, Yevlax, Mingəçevir və Ağdaşda icbari tibbi sığortanın pilot layihə kimi tətbiqi uğurlu nəticə verib.

 

Baş nazirin müavininin sözlərinə görə, payız aylarında Milli Məclisə icbari tibbi sığorta ilə bağlı yeni qanun layihələri, eyni zamanda qanunlara yeni dəyişikliklər təqdim ediləcək: “Bu sənədlər qəbul olunduqdan sonra bütün Azərbaycan miqyasında icbari tibbi sığortanın tətbiqi mümkün olacaq”.

İcbari tibbi sığorta haqqına gəlincə isə baş nazirin müavini bildirib ki, Azərbaycanın işləyən vətəndaşları əməkhaqlarından müəyyən faizlər ödəyəcək, işləməyən, bizneslə məşğul olan vətəndaşlar isə müəyyənləşdirilmiş dərəcədə tibbi sığortaya töhfələrini verəcəklər: "Amma bəzi kateqoriyalar, məsələn, pensiyaçılar, uşaqlar, əlillər icbari tibbi sığorta haqqını ödəməkdən azad olunacaqlar. Dövlət bu vəzifəni öz üzərinə götürəcək”.