|
Aqil Abbas: “Ermənistan prezidenti Qarabağa səfərinin cavabını alacaq”

“Naxçıvan ətrafında bir ay öncə baş verən hadisələr bu günlərdə açıqlanır. Azərbaycan Naxçıvanda ümumqoşun ordusu saxlayır, həmçinin Türkiyənin müasir zərbə silahları burada mövcuddur. Görünür, hansısa planları var. Bununla yanaşı, təkcə Naxçıvandakı hərbi kontingentlə müqayisədə Ermənistanın buna alternativ güc formalaşdıra biləcəyi qeyri-realdır”. Bunu Ermənistan Demokrat Partiyasının sədri Aram Sərkisyan deyib (publika.az).

Sarkisyan iddia edir ki, İrana qarşı ciddi sanksiyalar tətbiq ediləcəksə və bu ölkə daxildən qarışacaqsa, proseslər bütün regiona sıçrayacaq: “Region qarışacağı təqdirdə Azərbaycan fürsətdən istifadə edərək, Dağlıq Qarabağın azad edilməsi istiqamətində hərəkətə keçəcək. Digər tərəfdən, Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar dalana dirəndi və bu gün hərbi yol Bakı üçün əsas prioritetdir. Azərbaycan və Türkiyə ərazilərin qaytarılması üçün birgə hərəkət edəcəklər”. Erməni siyasətçi onu da qeyd edib ki, Naxçıvandan Türkiyənin ən ucqar nöqtəsinə dəmir yolu çəkilir: “Bu layihəyə əsasən dəmir yolu Bakı-Tbilisi-Qarsa birləşəcək, oradan da Avropaya çıxacaq. Bu, Azərbaycanla Türkiyənin regiondakı gələcək planlarından xəbər verir və bu planda Ermənistanı gözləyən böyük təhlükələr var”.

Bu arada Azərbaycan ordusunun silah arsenalına İsrail və Belarus istehsalı olan yeni hərbi texnika və raket komplekslərinin əlavə olunması Ermənistanı təşvişə salıb. İrəvan Naxçıvan istiqamətindəki uğursuzluğu ört-basdır etməklə daxildəki etirazları səngitməyə çalışır. Ermənistanın baş naziri Nikol Paşinyan özü etiraf edib ki, 15 min erməni gənc ordudan yayınıb və xaricə qaçıb. Baş nazir onların geri qayıtması ilə bağlı çağırış da edib. Ancaq erməni gənclər elə bir neçə gün əvvəl Xocavənd istiqamətində məhv edilən həmyaşıdlarının taleyindən ibrət dərsi götürərək çətin ki, fəlakətlər içərisinə yuvarlanan ölkəyə qayıtsınlar.

Üstəlik, İrəvan bütün davranışları ilə Azərbaycanı savaşa çəkir. İyunun 13-də Ermənistan prezidenti Armen Sərkisyan danışıqların pozulması istiqamətində növbəti addım atıb. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, erməni prezident dünən qanunsuz olaraq Azərbaycanın işğal olunmuş ərazilərinə gəlib. Bu həftə ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistana gələcək. Belə bir ərəfədə A.Sərkisyan Qarabağda peyda olursa, deməli, danışıqların nəticəsi bəri başdan bəllidir. 

Deputat Aqil Abbas “Yeni Müsavat”a açıqlamasında əvvəlcə Naxçıvan istiqamətindəki uğurlu əməliyyata kölgə salmaq istəyənlərə ünvanlı fikirlərini bölüşdü: “Elə bil bu xalqın düşmənləri var. O istiqamətdə əldə etdiyimiz yüksəkliklərlə bağlı da bəzi iddialar səsləndirilir. Unutmaq olmaz ki, həmin yüksəklikləri düşməndən təmizləyərkən Adil Tatarov şəhid oldu. 110 kv.km ərazi düşməndən azad edilib. O hadisədən əvvəl Ermənistanın müdafiə və xarici işlər nazirləri Naxçıvan istiqamətindəki cəbhə xəttinə gəlmişdilər. Gəlib Naxçıvan istiqamətinə baxdılar, yekə-yekə danışdılar, çox keçmədi ki, cavablarını o cür aldılar”. A.Abbas Ermənistan prezidentinin işğal altındakı Azərbaycan ərazilərinə səfərinin də cavabsız qalmayacağını söylədi: “Bu gün Qarabağda vəziyyət yaxşı deyil, orda da nə isə dəyişikliklər etmək istəyirlər. Ermənistan prezidenti də bu səfərinin cavabını alacaq. Bu mənim subyektiv fikrimdir, heç deputat kimi demirəm, bir qarabağlı yazıçı kimi deyirəm: bu yaxınlarda düşmən çox ciddi cavab alacaq. Aprel məğlubiyyəti ermənilərin budəfəki məğlubiyyətinin yanında muştuluq olacaq. Ayrı yol yoxdur”.

Deputat bildirdi ki, artıq torpaqların təmizlənməsinin vaxtı yetişib. Lakin həmsöhbətimiz bir məqamı da vurğuladı:“Mənim həmişə dediyim bir söz var. Dağlıq Qarabağda yaşayan ermənilər Azərbaycan qanunlarına tabe olacaqsa, konstitusiyamızı qəbul edəcəksə, onlar orada yaşamalıdır, bu, onların haqqıdır. Biz faşist deyilik ki, hamını qıraq. Yaxud biz erməni deyilik ki, etnik təmizləmə aparaq. Kim qanunlarımıza tabe olarsa, qalıb yaşayar, hətta deputat da seçilər, nazir də ola bilər, necə ki, əvvəllər olublar. Biz Dağlıq Qarabağdakı  erməniləri erməni faşistlərinin əlindən təmizləyəcəyik. İkincisi, bəzən müharibə deyirlər, bu, müharibə deyil. Qardaş, müharibə iki dövlətin arasında olur. Amma daha sən terrorçulara, separatçılara qarşı mübarizə aparırsansa, bu, müharibə anlayışına uyğun gəlmir. Rusiya, Türkiyə, ya başqa dövlətlər antiterror əməliyyatları aparırlar, bu, müharibə deyil. Özü də Müdafiə Nazirliyi qarışmadan, ölkədə asayişi qoruyan təşkilat olaraq Daxil Qoşunlarımız Qarabağda antiterror əməliyyatı keçirə bilər. Necə ki, vaxtilə Daxili Qoşunlar əməliyyatlar aparırdı. Minlərlə polisimiz Qarabağda şəhid olub, xeyli milli qəhrəman, qazi polisimiz var. Yəni Daxili Qoşunların köməyi ilə Qarabağı terrorçulardan təmizləməyə gücümüz çatar. Bərkə düşərsə, təbii ki, Müdafiə Nazirliyi Daxili Qoşunlara kömək etməli, ölkənin müdafiəsində töhfəsini verməlidir. İstənilən halda düşmən cavabını alacaq”.

“Yeni Müsavat”