|
Ekspert: Paşinyan status-kvonu saxlamaq üçün danışıqlardan yayınır

Ermənistanın baş naziri Nikol Paşinyan status-kvonu saxlamaq üçün danışıqlardan yayınır.

Trend-in məlumatına görə, bunu siyasi ekspert Arzu Nağıyev bildirib.

O qeyd edib ki, N.Paşinyan Ermənistanın baş naziri seçildikdən sonra verdiyi açıqlamaların çoxu qeyri-ciddi və qeyri-adekvatdır: "Bunun da əsas səbəbi onun və ümumiyyətlə, Ermənistan hakimiyyətinin iqtisadi, siyasi və hətta hərbi proqramlarının olmamasıdır. Mitinqlər yeni başlayanda bunu “məxməri inqilab” kimi qələmə verməyə çalışan Paşinyan özü də bilirdi ki, onun konkret proqramları olmalıdır. Bu məsələ sadəcə Sarkisyan rejimini yıxmaqla bitmir".

Ekspert deyib ki, separatçılara müstəqillik söz verən N.Paşinyan Azərbaycanın heç vaxt separatçı rejimi tərəf kimi qəbul etməyəcəyini bilir: "Görünən odur ki, Paşinyan status-kvonu saxlamaq üçün danışıqlardan yayınır".

A.Nağıyev bildirib ki, səhra komandirlərindən və cinayətkar ünsürlərdən təşkil edilmiş Sarkisyan-Koçaryan hakimiyyəti Ermənistanın məhvi, öz hakimiyyətlərini qorumaq üçün əllərindən gələni etdilər: "Lakin onlar hakimiyyəti sona qədər saxlaya bilmədilər, bu gün də çalışırlar ki, məsuliyyətdən yayınmaq üçün hakimiyyətə yenidən qayıtsınlar. Paşinyan bunu dərk edərək Dağlıq Qarabağ münaqişəsinin həlli üçün danışıqlar aparmaqdan çəkinir və məsuliyyətdən qorxur".

O, erməni kilsəsinin siyasi proseslərdəki fəaliyyətinə də toxunub: "Kilsə istər xarici lobbiçilər, istərsə də daxildəki siyasətçilər vasitəsilə, demək olar, Ermənistana tam nəzarət edir. Qəbul edilən qərarlarda kilsə birbaşa iştirak və müdaxilə imkanına malikdir. Hətta kilsənin özünün qeyri-qanuni silahlı birləşmələrinin mövcudluğu sirr deyil. İşğal olunan ərazilərdə və Ermənistanın özündə bu silahlardan daim istifadə edilib. Bu gün də kilsə Sarkisyan rejimini dəstəklədiyi üçün Katolikos ll Qareginin həbsini tələb edir. Yəni, Ermənistanı idarə edən hərbi xunta rejimi daim ll Qareginin “xeyir-duası” ilə həm öz xalqına, həm də başqalarına qarşı cinayətlər törədib. Buna görə də kilsə rəhbərliyi tam şəkildə cinayət məsuliyyəti daşıyır".