|
Nişanlısı evə hücum etdi, ana və qızını güllələdi -

Bakının Sabunçu rayonu, Balaxanı qəsəbəsində güllələnmə baş verib. APA-nın xəbərinə görə, insident zamanı ana ilə qızı güllələnib.

Sadıxcan küçəsi 13 ünvanında qeydə alınmış hadisə nəticəsində paytaxt sakini, 55 yaşlı Esmira Cəfərova və onun qızı 17 yaşlı Cəfərova Aytən Mehman qızı güllə yaraları ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Onların hər ikisinin üzərində cərrahi əməliyyat aparılsa da, həkimlər A.Cəfərovanın həyatını xilas edə bilməyib.

Bildirilir ki, ana ilə qızını A.Cəfərovanın nişanlısı olduğu ehtimal edilən şəxs güllələyib. Cütlüyün arasında münaqişə yaranıb və oğlan onların yaşadığı evə gələrək hər ikisini güllələyib.

Hadisənin təfərrüatlarını Sabunçu polisi araşdırır. Silahlı şəxsin saxlanıldığı bildirilir.

***

Sabunçu rayonunda gənc oğlan qızı və anasını güllələyib.

"Report"un əməkdaşının hadisə yerindən verdiyi məlumata görə, olay Qılman Salahov 15 ünvanında baş verib.

Belə ki, ötən gecə Balaxanı qəsəbə sakini, 1999-cu il təvəllüdlü Sabir Qədimovun ailəsi 2001-ci il təvəllüdlü Cəfərovlar ailəsinin qızı Aytən Cəfərovaya elçi gəlib. Elçilik məclisindən sonra S.Qədimov A.Cəfərovanın yaşadığı evə gələrək onunla mübahisə edib. Mübahisədən sonra o, babasına məxsus ov tüfəngini götürərək A.Cəfərovanın yaşadığı evə gəlib.

A. Cəfərovanın atası Mehman Cəfərov "Report" a bildirib ki, hadisə o evdə olmadığı vaxt baş verib. S.Qədimov tüfənglə fərdi yaşayış evinin həyətində A.Cəfərovanın başına və bədəninə atəş açıb. Onun qarşısını almaq istəyən A.Cəfərovanın anası, 1962-ci il təvəllüdlü Esmira Cəfərova əlindən və çiynindən güllə yarası alıb.

Hadisə vaxtı evdə A.Cəfərovanın bacısı da olub. O, dərhal bu barədə polisə məlumat verib. S.Qədimov hadisə yerindən qaçaraq gizlənib.

Yaralılar 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Xəstəxananın növbətçi həkimi İlham Qəmbərov "Report"a bildirib ki, E.Cəfərova sağ yanağından, sağ çiynindən və sağ yanağından güllə yaraları alıb. Cərrahi əməliyyatla onun həyatını xilas etmək mümkün olub. E. Cəfərovanın sağ əlinin üç barmağı travmatik amputasiya edilib.

A.Cəfərova isə xəstəxanaya aqonal vəziyyətdə daxil olub. O, kəllə və döş qəfəsinin arxa səthindən aldığı güllə yaralarından dünyasını dəyişib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğu və Polis İdarəsində cinayət işi başlanılıb. Hazırda polis əməkdaşları S.Qədimovu axtarır.