|
"Liftçi qız" filminə çəkiləndə 6-cı sinifdə oxuyurdum"

Xalq artisti Xuraman Qasımovanın Milli.Az-a müsahibə verib.
CİA.az həmin müsahibəni sizə təqdim edir:

- Xuraman xanım, müsahibələrinizin birində demisiz ki, sizi valideynləriniz bu sahəyə yönəldib. Bəs siz hansı sənətin sahibi olmaq istəyirdiniz?

- Mən qürur duyuram ki, ziyalı ailəsində anadan olmuşam. Ailədə 3 övlad olmuşuq, mən evin ən kiçiyi idim. Evimizdə həmişə sağlam əhval-ruhiyyə olub. Dirijor Niyazi bizim evə tez-tez gəlib-gəlib, atamla söhbət edərdi. Atamızın da çox gözəl səsi var idi, anamız da musiqini sevərdi. Musiqiçi olmamaqlarına baxmayaraq musiqi alətlərində sərbəst ifa edirdilər. Məni sənətə aparan qüvvə də evdən aldığım dəstək idi. Məktəbdə də oxuyanda çoxlu musiqi dərnəklərinə gedirdim. Musiqiyə həvəs göstərirdim, amma vokalçı olmaq heç ağlımdan keçmirdi. Məktəbi bitirib jurnalist olmaq istəyirdim, amma yenə də valideynlərim məni musiqi məktəbinə yönəltdilər. Beləliklə, konservatoriyanın vokal fakültəsinə qəbul oldum.

- Bacınız Fidan xanım sizdən əvvəl sənətə gəlmişdi?

- Bəli, mən onun yolu ilə irəliləmişəm. Fidan xanım çox uğurlu tələbə idi. Müəllimləri ona böyük ümidlə baxırdı. Mən ona oxşamaq, onun kimi bacarıqlı olmaq istəyirdim.

- Bir neçə filmdə də çəkilmisiniz. Bu filmlərə sizə necə dəvət gəlib?

- O vaxtı filmlər üçün yeni simalar lazım idi. Mən də məktəbdə oxuyurdum. "Liftçi qız" filmi üçün məni məktəbdən seçdilər. Arıq, uzun boylu gənc qız axtarırdılar. Mən 6-cı sinifdə oxuyurdum, amma qəhrəmanım 17 yaşında olan gənc bir qız idi. Təsəvvür etmirdim ki, bu rol üçün məni təsdiqləyəcəklər. Foto və video sınaqlardan sonra məni rejissor Həsən Seyidbəyli seçdi.

- Filmlə bağlı hansı xatirələri bugünkü gün də xatırlayırsınız?

- Kiçik metrajlı film olduğuna görə bir çox səhnələr orada kəsilmişdi. Bu, məni çox üzdü. Bu günə qədər 3 filmdə çəkilmişəm, amma heç birində nə mahnı oxumuşam, nə də rəqs etmişəm. Bax, bu mənim arzum idi. Gənc vaxtı utancaq idim, arzularımı rejissorla bölüşmürdüm.

- Filmə çəkilərkən məktəbli qız idiniz, necə çatdırırdınız bütün bunları?

- Buna görə bir az dərslərdən uzaq qaldım. Bu da təbii idi. Artıq 2-ci filmə dəvət gələndə valideynlərim şərt qoydu ki, dərslərinə mane olacaqsa çəkilmə! Təkcə dərs yox, obrazın mürəkkəbliyi də məni yorurdu. Söhbət "Mən ki, gözəl deyildim" filmindən gedir. Bu filmdə də mənim qəhrəmanım yaşca məndən böyük idi. Çətin idi, biz Bakıdan ayrılmaq məcburiyyətində qaldıq. Film Gəncədə çəkilirdi, əksər səhnələr orda idi. 3-4 ay Gəncədə olduq. Gəncəyə çəkilişə anamla gəlmişdim, hətta anam dərslərimdən geri qalmamaq üçün məni Gəncədə məktəbə də yazdırmışdı.

- Çəkildiyiniz hansı obrazınızı çox sevmisiz?

- "Mən ki, gözəl deyildim" filmindəki Səidəni. Onun taleyi məni həyəcanlandırırdı, acıyırdım onun taleyinə. Müharibə onun da taleyinə səbəbsiz ötüşməmişdi, belə ki, atasını, anasını vaxtsız itirmişdi. O vaxtı atam sağ idi, düşünürdüm ki, bu cür səhnələri necə oynayacağam? Amma kinoda ağlayırdım, o itkini yaşamağa məcbur idim.

- Film karyeranızı özünüz bitirdiniz, yoxsa sizə gələn dəvətlər tükəndi?

- Xeyr, mən konservatoriyada oxuduğum illərdə də mənə dəvətlər gəlirdi. Amma heç bir ssenari mənim ürəyimcə olmurdu. Həm də mən ancaq musiqi haqda düşünürdüm. Bütün günümü cədvəl kimi tutmuşdum. Filmdə fikirləşirdim ki, vaxt itirirəm. Bəzən çəkiliş meydançasında oturub saatlarla gözləyirdik. Bütün bunlar hamısı mənim vaxtımı aparırdı. Buna görə kinodan soyudum.

- Opera teatrına gəlişinizi necə xatırlayırsınız?

- İlk dəfə Opera və Balet teatrına "Aldanmış kəvakib" tamaşasındakı xanım obrazı ilə gəlmişəm. Premyera günüm atam ağır xəstələndi, reanimasiyaya düşdü. Amma buna baxmayaraq mən rolumu teatrda ifa etdim. Bəstəkarlar sevinirdi ki, səhnəyə iki azərbaycanlı qız gəlib. Fikrət Əmirov "Sevil" operasını bizim üçün yenidən qurdu. Biz bir müddət teatrda fəal çalışdıq. Sonra teatrımız yandı. Hadisə qəfil baş vermişdi. Teatrımız təmirə bağlanmışdı, təhvil veriləcəyi müddətə az qalmış yanğın baş verdi. Bu, bizə çox pis təsir etdi. Sonuncu operam "Xurşudbanu Natavan" tamaşasında Natavan oldu. Bizim Opera və Balet teatrında fəaliyyətimiz uzun olmadı.

- Bugünkü fəaliyyətiniz necədir?

- Bugünkü gündə biz ancaq gənc nəsil yetişdirməklə məşğuluq. 90-cı illərdən bu günə qədər Üzeyir Hacıbəyli adına Milli Konservatoriyada çalışırıq. Bizim yetişdirdiyimiz gənc vokalçılar Azərbaycanı xarici ölkələrdə layiqincə təmsil edir.