|
Timur Əsgərov Sankt-Peterburqda qala-konsertdə çıxış edəcək

Mayın 25-də Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrında Marius Petipanın anadan olmasının 200 illiyinə həsr edilən qala-konsert olacaq. Tədbirdə Marius Petipanın quruluş verdiyi baletlərdən fraqmentlər oynanılacaq.

Qala-konsertdə balet artisti Timur Əsgərovun çıxışı da nəzərdə tutulur. O, Pyotr Çaykovskinin “Yatmış gözəl” baletindən Dezirenin partiyasını ifa edəcək.

Bu tamaşanın Mariya Teatrında premyerası 1890-cı ildə Marius Petipanın xoreoqrafiyasında olub.

Timur Əsgərov 2008-ci ildə Bakı Xoreoqrafiya Akademiyasını bitirib, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, Ukrayna Milli Akademik Opera və Balet Teatrında çalışıb. 2011-ci ildən Mariya Teatrında fəaliyyət göstərir. Gənc balet artisti 2015-ci ildə Rusiya Böyük Teatrının səhnəsində görkəmli Azərbaycan bəstəkarı Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletində Fərhadın partiyasını oynayıb. O, Mariya Teatrı truppası ilə birlikdə Avropa, Amerika və Asiya ölkələrində qastrol səfərlərində olub.