|
Heydər Əliyevin mühafizəçisini və polkovniki öldürmək istəyənlərin işi - biri mühafizəçidir

Bakıda polis əməkdaşını da öldürməyə cəhddə irtiham edilən şəxslərin məhkəməsi başlayıb.

Zərərçəkmişlərdən biri mərhum prezident Heydər Əliyevin mühafizə xidmətinin əməkdaşı, sabiq polis rəisi Müşfiq Mədətovdur.

Musavat.com xəbər verir ki, Müşfiq Mədətovu və hazırda Səbail RPİ-nin əməliyyat işləri üzrə rəis müavini, polis polkovniki Orxan Axundzadəni öldürməyə cəhddə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhləmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib. Prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Naxçıvanda anadan olan, ali təhsilli R.Ağayev evlidir, himayəsində 2 azyaşlı övladı var.

Naxçıvanda anadan olan orta təhsilli, subay M.İsmayıl əvvəllər xuliqanlıqda ittiham edilərək məhkum olunub.

Ordubad rayonunda anadan olan ali təhsilli K.Abbasov subay olduğunu bildirib.

Naxçıvanda anadan olan E.Həsənov evlidir, himayəsində azyaşlı uşaqları var. "Baghlan Group" şirkətində mühafizəçisi işləyib.

Zərərçəkmiş kimi tanınan 6 nəfər prosesdə iştirak etməyib. Cinayət işi məhkəmə baxışına qəbul edilib.

Proses mayın 2-də davam etdiriləcək.

Rəsmi məlumata görə, oktyabrın 14-də saat 19 radələrində Bakı şəhəri, Səbail rayonu, Ş.Şamil küçəsi 16 saylı ünvanda yerləşən çay evində naməlum şəxslər Mədətov Müşfiq İsrafil oğluna qarşı xuliqanlıq hərəkətləri edib ictimai qaydanı kobud surətdə pozaraq sonuncunu bıçağın dəstəyi ilə vurub ona xəsarət yetiriblər

Həmin faktı üzrə Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221.2.1 (xuliqanlıq) və 221.3-cü (xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb.

Oktyabrın 15-də saat 04.00 radələrində həmin cinayət işi üzrə hadisəni törətmiş şəxslərin müəyyən edilməsi istiqamətində Səbail RPİ-nin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri zamanı Bakı şəhəri, Nizami rayonu ərazisində “Leksus” markalı 90-LT-997 dövlət nömrə nişanlı avtomaşında olan şəxslər üzərlərində olan odlu silahlardan əməliyyat tədbirində iştirak etmiş polis əməkdaşlarına atəş açıb, nəticədə Səbail RPİ-nin Əməliyyat işləri üzrə rəis müavini, polis polkovniki Axundzadə Orxan Abdulla oğlu xəsarət alıb.

Hadisəni törədən şəxslər həmin avtomobillə hadisə yerindən qaçıblar.

Həmin fakt üzrə Nizami rayon Prokurorluğunda Cinayət Məcəllsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb və hadisə yerinə baxış keçirilib. Hadisə yerindən 1 ədəd 12 mm və 6 ədəd 9 mm kalibrli gilizlər götürülüb və müvafiq ekspertizalar təyin edilib.

Cinayət işləri istintaqın davam etdirilməsi üçün Bakı şəhər Prokurorluğunun icraatına verilib.

Bakı şəhər Prokurorluğu və Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən aparılmış təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan cinayət əməllərini törətməkdə şübhəli bilinənlər - 1992-ci il təvəllüdlü Abbasov Kazım Tapdıq oğlu, əvvəllər məhkum olunmuşlar - 1982-ci il təvəllüdlü İsmayılov Məhəmməd Həsən oğlu və 1976-cı il təvəllüdlü, Həsənov Emin Vaqif oğlu olması müəyyən edilib. Onlar Cinayət Məcəlləsinin 221.2.1, 221.3, 29, 120.2.3 və 315.2-ci (hakimiyyət nümayəndəsinə müqavimət göstərmə) maddələri ilə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunublar.

Onu da qeyd edək ki, Müşviq Mədətov 1991-ci ildən 1995-ci ilədək Azərbaycanın eks-prezidenti Heydər Əliyevin mühafizəçisi olub. O, daha sonra Nizami Rayon Polis İdarəsinin 23-cü polis bölməsinin rəisi vəzifəsində çalışıb.

Daha sonra həbs edilib və 11 il müddətə azadlıqdan məhrum edilib. Prezident İlham Əliyevin əfv sərəncamı ilə azadlığa buraxılıb.