|
6 seçki dairəsi deputatsızdır

Nazirlər Kabinetinin yeni tərkibinin formalaşdırılmasında Milli Məclis sanki kadr bankı funksiyasını daşımış oldu. Belə ki, ölkə prezidentinin sərəncamına əsasən, 4 deputat Nazirlər Kabinetinin strukturuna daxil olan mərkəzi icra hakimiyyəti orqanına rəhbər təyin olunub.

Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədr müavini Rövşən Rzayev Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Fuad Muradov Diasporla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin sədr müavini Vüsal Hüseynov Dövlət Miqrasiya Xidmətinin rəisi vəzifəsinə, deputat Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri vəzifəsinə təyinat alıblar.

Xatırladaq ki, Azərbaycan Konstitusiyasının 89-cu maddəsinin 4-cü hissəsinə əsasən, Milli Məclisin üzvü icra hakimiyyəti orqanlarında vəzifə tutduqda parlament üzvlüyündən istefa verməlidir. Həmin şəxs bunun üçün MSK-ya müraciət etməli, MSK isə bu müraciətə maksimum 2 ay müddətində baxıb deputatın mandatına xitam verilməsi ilə bağlı qərar verməlidir.

Artıq Rövşən Rzayev barədə belə bir qərar verilib. Bu günlərdə digər üç nəfər barəsində də eyni qərar veriləcək. 4 deputatın mandatının ləğvi o deməkdir ki, Milli Məclis üzvlərinin sayı daha dörd nəfər azalıb, 125-dən 119-a düşüb. Belə ki, ölkənin birinci xanımı Mehriban Əliyeva birinci vitse-prezident təyin edildiyi üçün 2017-ci ilin martında onun deputatlıq səlahiyyətlərinə xitam verilib. Bundan əlavə, iki həftə öncə deputat Astan Şahverdiyev qəfil ürəktutmasından dünyasını dəyişib.

Hazırda Milli Məclisdə 6 deputat yerini boş saymaq olar.

Siyasi dəhlizlərdə gəzən söhbətlərə görə, bu ilin payızında Milli Məclisin buraxılması və yeni parlament seçkilərinin keçirilməsi ehtimalı var. Lakin bu, baş verməsə belə, boş qalan 6 deputat yerinə seçkilər keçiriləcək.

Yuxarıda qeyd edilən hadisələrə görə deputatsız qalan dairələr bunlardır: 14 saylı Xəzər, 120 saylı Cəbrayıl-Qubadlı, 101 saylı Göygöl-Daşkəsən, 43 saylı Sumqayıt üçüncü, 34 saylı Xətai ikinci, 91 saylı Ucar Seçki Dairəsi.

Milli Məclisin deputatı Zahid Oruc ile ilgili görsel sonucu

Milli Məclisin deputatı Zahid Oruc bildirib ki, növbədənkənar parlament seçkilərinin keçirilməsi zəruri deyil, lakin boş qalan dairələrə seçkilər keçirilə bilər: “Parlament nəyə görə növbədənkənar seçkilərə getməlidir ki?! Hətta parlamentin yarı heyəti getsə belə, növbədənkənar seçkilərə getməyə ehtiyac olmaz. Sadəcə olaraq, boş qalan yerlərə seçkilər keçirilməlidir. Prosedur tam olaraq belədir. Öncə həmin 4 deputatın mandatı alınmalı, sonra onların dairəsində təkrar seçkilər keçirilməlidir”.

Ä°lgili resim

Deputatsız qalan dairələrdə yeni seçkinin keçirilib-keçirilməyəcəyinə gəlincə, MSK katibi Mikayıl Rəhimov bildirdi ki, deputat mandatına xitam verildikdən sonra boş qalan dairədə yeni seçkinin təyin olunması Seçki Məcəlləsinin tələbi ilə tənzimlənir. Seçki ölkə prezidentinin sərəncamı ilə təyin edilir və bundan sonra həmin dairədə seçkilər keçirilir:“Odur ki, deputatsız dairələrdə yeni seçkinin nə zaman olacağı prezident sərəncamı verildikdən sonra bəlli olur”.

Qeyd edək ki, Seçki Məcəlləsinin 176-cı maddəsinə görə, deputat mandatının boş qalmasından sonra bir ay müddətində müvafiq birmandatlı seçki dairəsi üzrə əlavə seçkilər təyin edilməlidir. Konstitusiyanın 87-ci maddəsində isə qeyd olunur ki, parlamentin səlahiyyət müddətinin bitməsinə 120 gündən az müddət qalarsa, hər hansı səbəbdən deputatsız qalan dairələrdə seçkilər keçirilmir. Hazırkı Milli Məclis isə 2015-ci ilin noyabrında seçilib. Bu isə o deməkdir ki, növbəti parlament seçkilərinə iki ildən artıq müddət qalıb. Deməli, qanunvericilik boş qalan dairələrdə yeni seçkilərin keçirilməsi zərurəti yaradır.