| Xəbər 3125 dəfə oxunub
Hakimiyyətlə ATƏT DTİHB-in “ulduzları” niyə barışmır...

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) müşahidə missiyasının Azərbaycanda keçirilən bütün seçkilərə demək olar ki, eyni münasibəti ortaya qoyduğu bəllidir. Hər dəfə seçkidən sonra prosesə mənfi rəy verilir və Azərbaycan hakimiyyəti ilə bu qurum arasında gərginlik müşahidə olunur. Ona görə də cəmiyyətdə “Hakimiyyətin bu təşkilatla  ”ulduzu" niyə barışmır?" sualı yaranır.

Politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirdi ki, ATƏT-in Parlament Assambleyasının, Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun və Avropa Şurası Parlament Assambleyasının aprelin 11-də Azərbaycanda keçirilən seçkilərlə bağlı hesabatının qərəzli olacağı əvvəlcədən ehtimal edilirdi. Əvvəla, keçmiş təcrübədən də çıxış edəndə bu qənaətə gəlinirdi ki, onların rəyi necə olacaq: “Seçki prosesi müddətində müşahidə missiyasının rəhbərliyi, əlaqələndiriciləri və üzvləri ilə görüşlərdə də qərəzli yanaşmanı hiss etdik. Ehtimallarımızda yanılmadığımız ilk vaxtlardan bəlli oldu. Müşahidə missiyalarının fəaliyyəti seçki prosesini izləmək, prosesə təxribat xarakterli müdaxilələr etmədən tərəfsiz şəkildə dəyərləndirməkdən ibarət olduğu halda, ATƏT DTİHB-nin müşahidə missiyasının üzvləri seçki prosesinə birbaşa aidiyyəti olmayan məqamlarla maraqlanırdılar. Onlar seçici imzalarının toplanması prosesinə maneə yaradılıb-yaradılmamasından daha çox, namizədlərin seçici imzalarını hansı mexanizm və resurslardan istifadə edərək toplamaları ilə ilgilənirdilər. Halbuki seçici imzalarının necə, hansı siyasi texnologiya və mexanizmlərdən istifadə edilməklə toplanılması birbaşa siyasi partiyaların seçki qərargahlarının səlahiyyətinə aid olan və sırf texniki xarakter daşıyan bir məsələ idi. Əslində müşahidə missiyası prosesin Seçki Məcəlləsinin tələblərinə nə dərəcədə cavab verməsi məsələləri ilə bağlı çıxış etməli idi. Amma onlar namizədlərin və onların səlahiyyətli nümayəndələrinin seçki texnologiyaları barədə biliklərini ”yoxlamaqla" bütövlükdə prosesi gözdən salmağa çalışırdılar. Bundan əvvəlki seçkilərdə də məhz bu cür iş üslubunu seçirdilər. Ənənəvi davranış, yanaşma bu dəfə də sərgiləndi. Azərbaycan hakimiyyətinin ATƏT DTİHB ilə münasibətlərinin soyuqlaşmasına, Bakıdan etirazlara səbəb olan budur.

Elçin Mirzəbəyli ile ilgili görsel sonucu

Bildiyiniz kimi, mən prezidentliyə namizəd Qüdrət Həsənquliyevin səlahiyyətli nümayəndəsi idim. ATƏT DTİHB-nin müşahidəçiləri namizədlərin səlahiyyətli nümayəndələrinə açıq təxribat xarakterli suallar ünvanlayırdılar. Bu suallardan biri də belə idi: Sizcə, hakimiyyət inzibati resurslardan istifadə etməklə seçicilərə necə təsir göstərir?

Göründüyü kimi, sual açıq təxribat xarakteri daşıyır və müşahidə missiyası təmsilçisinin tərəfsiz olmadığını göstərir. Əgər sual “hakimiyyət inzibati resurslardan istifadə etməklə seçicilərə təsir göstərirmi” formasında qoyulsaydı, o zaman sualın seçki prosesi haqqında ətraflı və dəqiq məlumat toplamaq niyyətilə verildiyini söyləmək olardı. Seçki prosesi müddətində dəfələrlə ATƏT DTİHB-nin müşahidəçilərinin bu cür saysız-hesabsız təxribat xarakterli sualları ilə qarşılaşmışıq".

E.Mirzəbəyli qeyd etdi ki, hakimiyyətin bu təşkilatın müşahidə missiyasına etirazı haqlıdır. Çünki etiraz etmək üçün kifayət qədər əsasları məhz həmin müşahidə missiyası özü verir: “Məsələn, missiya üzvləri prezidentliyə namizədlərin görüşünə gələn seçicilərin kimliyi ilə maraqlanırdılar. Müşahidəçilər kənardan prosesi izləmək əvəzinə görüşlərin keçirildiyi ərazidə, insanlar arasında var-gəl edir, xüsusi səsyazma cihazı ilə həm prezidentliyə namizədlərin çıxışlarını, həm də onlarla görüşə gələn insanların öz aralarındakı söhbətlərini yazırdılar. Əslində bu, müşahidə missiyasının öz səlahiyyətlərindən nə qədər kənara çıxdığını, hətta kobud qanun pozuntularına yol verdiyini nümayiş etdirir. Müşahidə missiyasının prezidentliyə namizədlərin görüşlərində iştirakının yeganə məqsədi onlara bərabər şəraitin yaradılıb- yaradılmamasını müəyyənləşdirməkdən ibarət olmalı idi. Amma onların davranışlarında bu məqsəddən başqa hər şey nəzərə çarpırdı. Belə olanda, əlbəttə ki, narazılıqlar da olacaq.

ATƏT DTİHB-nin müşahidəçiləri Azərbaycana gəlməmişdən əvvəl seçki prosesinə qara yaxmaq üçün yaxşıca təlimatlandırılmışdılar. Bu, açıq-aydın görünürdü. Nə qədər ki, belə davam edəcəklər, təbii ki, rəsmi Bakının da onlarla münasibəti buna adekvat olacaq".