| Xəbər 2901 dəfə oxunub
Konstitusiya Məhkəməsi bu gün seçkinin nəticələrinə dair qərar verəcək

Azərbaycan Respublikası Prezidenti seçkilərinin nəticələrinin rəsmən elan olunması ilə əlaqədar aprelin 17-də Konstitusiya Məhkəməsinin Plenumunun iclası keçiriləcək.

Qanuna görə, Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunlarını səsvermə günündən sonra 14 gün ərzində rəsmən təsdiq etməlidir.

Mərkəzi Seçki Komissiyası (MSK) aprelin 15-də Seçki Məcəlləsinin tələblərinə əsasən, prezident seçkiləri ilə əlaqədar səsvermənin ümumi yekunlarına dair protokol tərtib edərək, Konstitusiya Məhkəməsinə təqdim olunması barədə qərar qəbul edib.

MSK-nın yekun protokoluna əsasən, aprelin 11-də keçirilmiş prezident seçkilərində İlham Əliyev 86,02 faiz səslə qalib gəlib.

Zahid Oruc 3,12 faiz, Sərdar Cəlaloğlu 3,03 faiz, Qüdrət Həsənquliyev 3,02 faiz, Hafiz Hacıyev 1,52 faiz, Araz Əlizadə 1,38 faiz, Fərəc Quliyev 1,17 faiz, Razi Nurullayev isə 0,74 faiz və səs toplayıb.

MSK-nın yekun protokolunda qeyd edilib ki, səsvermədə seçicilərin 74,30 faizi iştirak edib. 12 403 səs etibarsız sayılıb.

Konstitusiya Məhkəməsinin seçkinin nəticələrini təsdiqləməsindən sonra yaxın bir həftə ərzində yeni prezidentin andiçmə mərasimi gözlənilir.

Prezidentin andiçməsi və yeni dönəm üçün fəaliyyətə başladığı gün, qanunvericiliyin tələbinə görə, Nazirlər Kabineti buraxılacaq. Bundan sonra prezident yeni hökuməti formalaşdıracaq.

Aprelin 23-də AŞPA-nın büro iclasında isə Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı müşahidə missiyasının məlumatları dinləniləcək. APA-nın məlumatına görə, büro iclası AŞPA-nın aprelin 23-27-də keçiriləcək yaz sessiyası çərçivəsində baş tutacaq.

Qeyd edək ki, aprelin 11-də Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə bağlı AŞPA-nın 33 nəfərlik müşahidə missiyasına Viorel Rişard Badea rəhbərlik edib.