| Xəbər 9453 dəfə oxunub
Bu baharın dəbi nənələrin sandığından çıxacaq

Artıq ölkəmizə yaz fəsli qədəm qoyub. Bu isə o deməkdir ki, qarderobumuzu yeniləməyin vaxtı çatıb. Soyuq qış fəslini arxada qoyduğumuz üçün qarderobumuzda çox  yer tutan qalın paltarları yeni yaz paltarları ilə əvəzləməliyik.

Hər mövsüm dəyişikliyində xanımları nələrin dəbdə olacağı, geyim alarkən hansı nüanslara diqqət edəcəyi düşündürür. Biz də yaz-yay mövsümündə nələrin dəbdə olduğunu, mağazalarda bu dəbin yer alıb-almadığını öyrənmək üçün kiçik bir araşdırma apardıq. Apardığımız araşdırmadan məlum oldu ki, dünyaca məşhur modelyerlər bu yaz və yay dəbdən düşmüş qələm ətəklərin yenidən trendə çevriləcəyini deyir. Yeganə fərq isə bu dəfə ətəklərin daha rəngarəng, daha doğrusu, canlı rənglərdən ibarət olmasıdır. Xüsusən də pələng dərili dizaynlı, zolaqlı və tək rəngli qələm ətəkləri bu yaz xanımların əynində çox görəcəyik.

Həmçinin böyük cizgili, kvadratlı modellər, güllü şəkillər, metal və cazibəli parçalar sizi bahar mövsümündə canlı tutacaq. Gözəlliyinizi vurğulamanızın ən yaxşı yollarından biri şifon və ipək paltarlar ola bilər. Çünki bu yaz şfon və ipək parçalardan hazırlanmış donlar, koftalar dəbdə olacaq. Modelyerlər bu parçaları klassik kəsimli şalvar, cins və ya saçaqlı ətəklə kombinləyə biləcəyinizi deyir. Bu bahar dəri gödəkcələr və uzun yubkaları da xanımların əynində çox görəcəyik. Feminen bir görünüş üçün uzun bahar paltarları ilə modanın əsla köhnəlməyəcək parçası olan dəri gödəkcələr geyərək, əla bir kombin yarada bilərsiniz.

Qeyd edək ki, “Louis Vuitton”, “Escada”, “Max Mara”, “3.1 Phillip Lim”, “Sonia Rykiel”, “Jason Wu”, “Fendi” kimi moda evləri yaz-yay kolleksiyalarında zolaq naxışlarına geniş yer verib. Paralel xətli paltarlar bu yaz ən zərif geyim kateqoriyasına daxil olub. Odur ki, mövsüm alış-verişində üstünlüyü romantik bluzlar və paralel cizgili midi yubkalara verin. Hərbiçi uniforması kimi yan hissələrində kontrast zolaqlı şalvarlar son dövrlərin trendlərindən biridir. Yataq üzlərini xatırladan zolaqlı kostyumlar yaz qarderobunun danılmaz və mütləq trendidir. Zolaqlı pijama kostyumları işgüzar ofis stili üçün çox əlverişlidir. Uzun, qalın və enli jaketlər mart ayının trendi olacaq. Nənəsayağı, yəni nənələrimizin jaketlərini xatırladan bu üst geyimləri yaz qarderobunun əsas bəzəyi olmağa hazırlaşır.

Yaşlı nənələrin daha çox bəyəndiyi işləməli, əlvan naxışlı, daşlı, düyməli, yaxud toqqalı və yun saplardan hörülmüş jaketləri sandıqlardan çıxartmağa hazır olun. Keçmişdə “geyinmərəm” dediyimiz nənəsayağı jaketlər indidən bir çox dəb bloggerlərinin ürəyinə yol tapıb. Hazırda böyük düyməli və boş modellər daha aktualdır. Nənəsayağı obrazlar şıqlıq və dəbdən uzaq olsa da, boş jaketlərin dar cinslər və qələm yubkalarla vəhdəti olduqca trend olacaq. Bu yazın əsas trend rəngi isə ağ rəng olacaq. Modelyerlərin fikrincə, çoxqatlı və hörmə məhsullar qarderobunuzdakı digər parçalara nisbətən daha çox istifadə olunacaq. Qabarıq ətəklər, böyük loqolu paltarlar, idman və klassik bir tərz yarada bilir. Ötən mövsüm ağ ayaqqabı trendi küçə modasını ələ keçirmişdi. Bu mövsüm isə pastel, qısa çəkmələr, idman ayaqqabıları və hündürdabanlı ayaqqabılar gündəlik kombinləri müşayiət edəcək.

2018-ci ildə iddialı geyimlərlə bərabər  ayaqqabılar toz çəhrayı, südlü qəhvə, körpə mavisi və lila rəngi kimi yumşaq tonlarda olacaq. Modası keçməyən bu ayaqqabıları hər məkana və kombinə uyğunlaşdıra bilərsiniz. Son vaxtların dəbi olan muncuqlu setka corablar bu mövsümə də damğasını vuracaq. Bu cür corablar artıq mağazaların vitrinlərində yerini almağa başlayıb. Siz muncuqlu setka corablar sayəsində kombinlərinizə fərqli bir hava qata bilərsiniz. Sadə paltarlarınızı canlandırmaq və rəng qatmaq üçün istifadə edə biləcəyiniz muncuqlu setka corabları mini paltarlar və cins yubkalarla kombinləyə bilərsiniz.

Muncuqlu setka corabları idman kombinlərində də istifadə etmək istəyirsinizsə, sneakerlə, klassik kombinlərdə istifadə etmək istəyirsinizsə, təklent hündürdaban ayaqqabılarla tamamlaya bilərsiniz. Bundan başqa, bu corabları gündəlik həyatda geyindiyiniz cırıq şalvarların altından da geyinə bilərsiniz. Çanta qadınlar üçün ən vacib aksessuarlardan biridir. Xüsusən də yaz aylarında gözəl çantalarla diqqət çəkmək bütün qadınların arzusudur. Bu yaz daha çox püsküllü, miniatür, pastel, loqolu,  büzgülü, toxunma çantalar dəbdə olacaq.

Mağazalarda bu ilin dəbi olan bir sıra paltarlar artıq yer alır. Qiymətlər isə olduqca bahadır. Ancaq geyim mağazalarına diqqət etsək, daha çox güllü və şfon uzun qısa donların, koftaların yer aldığını görərik. Satıcılar alıcıların daha çox güllü, naxışlı və al əlvən rəngli paltarlara üstünlük verdiyini deyirlər. Bir sıra mağazaların vitrinlərini “bahar endirimləri başladı”, “50 faiz endirim” sözləri bəzəsə də içəri daxil olduqda əslində endirimlərin qış geyimlərinə və ya ötən ildən qalmış və artıq dəbdən  düşmüş bahar geyimlərinə aid olduğunu müşahidə etdik.