|
Toyuq əvvəl yaranıb, yoxsa yumurta?

Novruz bayramının ən gözəl adətlərindən biri yumurta boyamaqdır. Elə bir novruz xonçası olmaz ki, orada əl-əlvan boyanmış yumurta olmasın. Həmçinin yumurta döyüşdürmək də Novruz adətləri sırasındadır. Xüsusilə də uşaqlar yumurta döyüşdürməkdən böyük zövq alırlar. Bəs görəsən yumurta boyamağın və döyüşdürməyin xüsusi mənası varmı və bunlar nə məqsədlə həyata keçirilir? Ailem.az Milli kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanovun bununla bağlı maraqlı məlumatlarını diqqətinizə çatdırır.

 

Toyuq yumurtası bir çox xalqların bayramında süfrələri bəzəyir. Demək olar ki, dünyada mövcud olan bütün kosmoqonik əsatirlərin hamısında yumurta varlığın əsasını qoyan, cansız aləmdən canlı aləmə keçid simvolu kimi göstərilmişdir. Belə hesab edilir ki, əgər uşağı olmayan qadın yuxuda yumurta görürsə, onda həmin qadın tezliklə hamilə olar: "Qırmızı rəngə boyadılmış yumurta günəşi ifadə edir. Yaşıl rəngə boyanmış yumurta bitki aləmini, göy rəngə boyanmış yumurta isə səmanı əks etdirir. Yumurta bayramda təkcə qida deyil. O, bayram süfrəsini bəzəməklə yanaşı uşaqlar və gənclər arasında keçirilən oyunlarda oyuncaq rolunu oynayır. Məsələn, Pasxada "yumurta vurma", azərbaycanlılarda isə bu oyun "Yumurta döyüşdürmək" oyunu adlanır. Yumurta sözü yumru, dairəvi sözündən əmələ gəlmişdir ki, bayramlarda yumurtanı yerlə, torpaqla müqayisə edirlər. Yer kürəsinin yumru formada olması haqqında məlumat bizə şumerlərdən qalıb. Alimlər bizi şumerlərin birbaşa nəsli hesab edirlər. Yeri gəlmişkən, Novruz ənənəvi fəlsəfi "Toyuq əzəlidir, yoxsa yumurta?" sualına çox gözəl cavab verir. Yəni Novruz bayramı mərasimi sübut edir ki, cansızdan canlıya doğru keçid simvolu kimi yumurta əzəlidir. Məsələ ondadır ki, yumurta bir tərəfdən cansız, digər tərəfdən isə canlıdır, yəni cansızla canlı arasındakı formadır və canlıdan əvvəldir. Yumurta döyüşdürmək oyununun da əsas məqsədi bunu yoxlamaqdır. "Canlıdır, yoxsa cansızdır" deyə sanki yumurtanı qırıb yoxlayırlar. Bundan başqa hər şeydən əzəli yerdir (torpaq) ki, bu da ən ilk və ən böyük yumurtadır".