| Xəbər 5183 dəfə oxunub
Məktəblilər sanitar-gigiyenik və düzgün qidalanma ilə bağlı maarifləndirilir

Paytaxt məktəblərində “Reproduktiv sağlamlığın tədrisi” proqramı çərçivəsində növbəti seminarlar keçirilir.

Bakı şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, proqramın məqsədi gənc nəslin sağlam böyüməsi, onların zərərli vərdişlərdən qorunması, habelə gələcəkdə sağlam ailə qurması üçün uşaq və yeniyetmələr arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıqla bağlı maarifləndirmə işlərini genişləndirməkdən ibarətdir.

 

Seminarlarda məktəblilərə reproduktiv sağlamlıq üzrə məlumatlar verilir, həmçinin, onlar sanitar-gigiyenik qaydalar, düzgün qidalanma və hər cür zərərli vərdişlərdən uzaq olmaq barədə maarifləndirilir.

Seminarlar çərçivəsində reproduktiv sağlamlığa dair videoçarxlar nümayiş olunur. Eyni zamanda, şagirdlərə reproduktiv sağlamlıqla bağlı kitabçalar paylanır, onları maraqlandıran suallar cavablandırılır.