| Xəbər 5283 dəfə oxunub
Kənd Təsərrüfatı Nazirliyinin sözçüsü qalmaqallı videodan danışdı

Yazın gəlişi ilə kənd təsərrüfatında da canlanma yaranır. Bölgələrdə əkin sahələrinin şumlanması, payızlıq əkinlərin gübrələnməsi, meyvə ağaclarına qulluq və sair işlər görülür. Məlum olduğu kimi, aqrar sektor artıq insanların fərdi təsərrüfatları üçün əkib-biçdiklərindən ibarət deyil, dövlətin bu sahəyə xüsusi diqqət ayırması ilə iri fermer təsərrüfatları formalaşıb.

Bir neçə strateji məhsulların istehsalı dövlətin nəzarəti  və dəstəyi ilə həyata keçirilir. Ölkədə pambıqçılıq , baramaçılıq, taxıl, çay, tütün, üzüm, şəkər çuğunduru, fındıq və digər strateji məhsulların istehsalı  aqrar sektor üçün prioritet elan olunub. Həmçinin heyvandarlıqla bağlı da inkişaf proqramları qəbul olunub. Dövlət tərəfindən subsidiyaların ayrılması və fermerlərin istehsal prosesinə təşviq edilməsi bölgələrdə əkin işlərini intensivləşdirib.

Bəs görəsən, yazın gəlişi ilə kənd təsərrüfatında hansı məhsulların əkininə başlanılıb? Hazırda aqrar sektorda nə kimi işlər görülür?

“Yeni Müsavat”ın suallarını cavablandıran Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyevbildirdi ki, yaz fəslinin gəlişi ilə əlaqədar hazırda əsas proses taxıl sahələrinin gübrələnməsidir: “Taxılın elə bir inkişaf mərhələsidir ki, bu işləri gecikdirmək olmaz. Hazırda yağıntı miqdarının artması da taxılçılıqda məhsuldarlığın bol olmasına gətirib çıxaracaq. Yazlıq bitkilərin, əsasən də  tərəvəzlərin, bostan bitkilərinin, kartofun, günəbaxanın, strateji məhsullardan şəkər çuğundurunun  əkini üçün torpağın hazırlanmsı prosesinə başlanıb. Bundan əlavə, pambıq əkini aprelin sonu, mayın əvvəlində başladığı üçün hazırda fermerlər tərəfindən torpağın səpinə hazırlanması ilə bağlı işlər həyata keçirilir.

Mütəmadi olaraq yaz əkinləri ilə bağlı nazirliyin işçiləri tərəfindən fermerlərlə hər bölgənin xüsusiyyətinə uyğun maarifləndirmə işləri aparılır. Məsələn, meyvə bağlarında dərmanlama  işləri, bəzi məhsulların əkini , gübrələnməsi və sairlə bağlı məlumatlandırma aparılır. Bununla əlaqədar, bölgələrdə zona müşavirələri, seminarlar, təlimlər təşkil olunur.  Yazlıq əkinlər üçün  isə hazırlıq işləri görülür".

Pambıq əkininin artması və heyvandarlıq üçün önəmli olan örüş sahələrinin pambıqçılığa cəlb edilməsi, nəticədə ölkədə  ət və süd məhsullarının qıtlığının yaşanması məsələsinə münasibət bildirən Murtuzəli Hacıyev bu fikirlərlə razılaşmadığını qeyd etdi: “Əkinə yararlı 140 min hektar sahədə pambıq əkilməsi nəzərdə tutulub. Ötən il isə 135 min hektar sahə əkilmişdi. Örüş sahələrinin pambıq əkininə cəlb edilməsi, nəticədə ətin qiymətinin qalxması yanlış bir informasiyadır. Hazırda heyvandarlığın inkişafı üçün ölkədə mühüm işlər görülür. İntensiv ferma modeli tətbiq olunur. Cins tərkibinin yaxşılaşdırılması, süni mayalanma  tədbirlərinin həyata keçirilməsi istiqamətində iş gedir. Göygöldə Qafqazın ən böyük süni mayalanma mərkəzi  açıldı. Cins tərkibinin yaxşılaşdırılması istər ət istehsalında, istərsə də digər heyvan mənşəli məhsulların istehsalında artıma səbəb oldu. Ətin qiymətində də hazırda elə bir bahalaşma yoxdur, əksinə, son vaxtlar müəyyən qədər ucuzlaşma müşahidə olunur”.

Hacıyev sosial şəbəkələrdə yayılan bir videoya da münasibət bildirdi. Videonun məzmunu belə idi ki, bölgələrdən birində məmurlar fermeri payızda əkdiyi taxılı şumlayıb yerində pambıq əkməyə məcbur edirdilər. Nazirlik sözçüsü isə belə məlumatın həqiqətə uyğun olmadığını və fermerlərə inzibati qaydada təzyiq edilmədiyini qeyd etdi: “Bu, yanlış məlumatdır, biz belə bir faktla rastlaşmamışıq. Payızlıq taxıllar artıq oktyabr ayından əkilib. Heç kim fermeri məcbur edə bilməz ki, onun yerində başqa məhsul əksin. Fermer torpaq mülkiyyətçisidir, bazara uyğun olaraq öz işini qurub, hansı məhsulu istəyirsə, onu əkib-becərir. Fermerlərə heç bir inzibati müdaxilədən söhbət gedə bilməz”.

M.Hacıyev bir çox strateji məhsulların istehsalının stimullaşdırılması üçün dövlət tərəfindən mühüm addımlar atıldığını da diqqətə çatdırdı: “Artıq dövlət tərəfindən şəkər çuğundurunun əkininə də subsidiya verilir. Çuğundurun hər tonuna görə 4 manat subsidiya veriləcək. Şəkər çuğundurunun istehsalının  artırılması istiqamətində hökumət təşviqedici addımlar atır. Əgər fermer bir hektardan 40-50 ton məhsul götürürsə, dövlət tərəfindən ona 1 hektara görə 160-200 manat subsidiya verilir. Bu yaxınlarda ölkə başçısının sərəncamı ilə arıçılığın inkişafı ilə bağlı da addımlar atıldı, bu sahəyə də subsidiya ayrıldı. Hər arı ailəsinə 10 manat  subsidiya veriləcək.  Son aylar bir neçə sahə ilə bağlı dövlət proqramları qəbul edilib. Baramaçılığın inkişafı, sitrus meyvələrin istehsalının artırılması, çəltikçiliyin inkişafı, pambıqçılıq, tütünçülük, çayçılıq və sair sahələrin inkişafı ilə bağlı ayrı-ayrılıqda proqramlar qəbul edilib. Əsas məqsəd idxaldan asılılığı azaltmaq, ölkə əhalisinin tələbatını daxili istehsal hesabına tam ödəməkdir. Hazırda da bir neçə istiqamət üzrə proqramlar hazırlanır. Taxılçılığın inkişafı, heyvandarlığın inkişafı, otlaq sahələrindən səmərəli istifadə və sairlə bağlı 14-ə yaxın dövlət proqramının hazırlanması üzərində iş gedir”.