| Xəbər 6124 dəfə oxunub
“Gəncləşən” və artan intiharlar – nə etməli?

Son bir həftənin statistikasına nəzər salsaq, intihar hallarının həddən artıq çoxaldığını görərik. İntihar edənlərin yaş kateqoriyalarına diqqət edəndə isə ən çox uşaqların və gənclərin bu yola əl atdığını söyləmək olar. Məsələn, martın 11-də Gəncədə 11-ci sinif şagirdi, Xaçmazda isə 20 yaşlı oğlan özünü asaraq intihar edib.

Gənclər və uşaqlar gələcəyimizdir və bu gələcəyin də intihara sürüklənməsi artıq ciddi həyəcan siqnalı çalmağın zamanı olduğunu deyir. Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) görə, intihar edənlərin böyük bir qismi depressiyaya düşmüş insanlar olur. Bəs həyatın qayğıları ilə çox da yüklənməyən bir uşaq, gənc niyə depressiyaya düşüb, intihar etməlidir ki?

Deputat-həkim Musa Quliyev bunun bütün dünyada sürətlə genişlənən bir problem olduğunu dedi: “Hər bir intihar hadisəsindən sonra məhkəmə olur. O məhkəmədə də müəyyən qərar olur ki, hansı səbəbdən intihar baş verib. Sadəcə, psixoloqlar, psixiatrlar, pedaqoqlar bunun statistikasını aparıb nəticəyə gələ bilərlər ki, Azərbaycanda hansı yaş qrupunda, hansı bölgədə və yaxud da hansı ixtisas sahibləri arasında intihar halları çoxdur və bu hansı səbəblərdən baş verir. Amma bu, mahiyyətcə heç nəyi dəyişmir. İntihar tək Azərbaycanın problemi deyil. İnkişaf etmiş ölkələrin də statistikasına baxsaq, orada da intihar hallarının xeyli artdığını və ”cavanlaşdığını" görərik. Burada çoxlu faktorlar var. Məlumdur ki, intiharın əsas səbəbi depressiyadır.

Musa Quliyev ile ilgili görsel sonucu

Depressiyaya gətirən səbəblər isə insanın tənhalaşması, ehtiyacları ilə imkanlarının üst üstə düşməməsi, özünə qapılması, telefonlar, sosial şəbəkələrdir. Yenə də nə səbəb axtarırsan-axtar, intiharın qarşısını almaq mümkün deyil. İntiharın qarşısını almaq üçün gərək insanı tək qoymayasan. İnsana ailəsi, məsul olduğu sosial qurum kömək etməlidir. İnsan arzularını reallaşdıra bilməyəndə depressiya düşür. Gərək həmin insanı tək qoymayasan, dəstək olasan. Bu gün bütün dünyada depressiya genişlənib. Bunda da qidanın, informasiyaların, genetikanın, dərmanların təsiri var. Bütövlükdə bunun bir çox səbəbləri var".

Quliyev bu il psixoloji yardım haqqında qanun qəbul ediləcəyini bildirdi: “Bu qanun artıq komitə tərəfindən hazırlanıb. Qanunda bunun profilaktikası, araşdırılması ilə bağlı nə iş görülməlidir məsələləri öz əksini tapıb. Ölkədə psixoloqlar assosiasiyası, yaxud da psixoloqlar kollegiyasının yaranmasına ehtiyac var ki, onlar vaxtaşırı bu məsələləri araşdırsınlar, səbəbləri göstərsinlər. Bütövlükdə intihar dövrün bir problemidir. Çox təəssüf ki, bunun qarşısını almaq üçün də hələlik vahid bir resept yoxdur”.

Psixoloq Vəfa Rəşidova intiharların artmasında sosial şəbəkələrin də böyük rol oynadığını bildirdi: “İntihar edən adam o demək deyil ki, yalnız və yalnız depressiyadan intihar edir. İntihar bir anın içində də ola bilər. Bəzi hallarda isə bu, genetik olur. Yəni intihar edən insanın xalası, əmisi və yaxın qohumu nə vaxtsa intihar edib. İntihar edən insan öncədən bunu mütləq şəkildə yaxınlarına işarə edir. Bu işarəni yaxınları anlamır, başa düşmürsə, o, sonda intihara əl atır. Amma bu, o demək deyil ki,  ”mən yaşamaq istəmirəm", “niyə məni dünyaya gətirirsiz” və bunun kimi sözləri işlədən hər kəs intihar edə bilər. Ola bilər ki, bu insan diqqət çəkmək, ətrafdakılardan dəstək istəyir. İntiharın artmasında sosial şəbəkələrin də böyük rolu var. Məsələn, instagram bu məsələdə böyük rol oynayır. Bu şəbəkədə insanlar bütün günü olmayan kübar həyatını sərgiləyir. İnstagramda daha çox zaman keçirənlər evdar qadınlar, işsiz, məşğuliyyəti olmayan kişilər, oğlanlardır. Bu cür insan mütəmadi olaraq kiminsə göstərişli həyatını izləyir. Belə şeylərin də insan beynində həddindən artıq oturuşması insanı ümidsizliyə, depressiyaya gətirib çıxarır. Mən yanıma gələnlərdən çox eşitmişəm deyirlər ki, mənim evim olması üçün gərək mən min il çalışım və ya həyat yoldaşım mənə dəyər vermir, amma filankəsin yoldaşı ona dəyər verir, qızıl, maşın alır və s. Təəssüf ki, bu kimi yanaşmalar intiharların artma səbəblərindəndir".

Psixoloq insanların pozitiv hadisələrə olan marağının da öldüyünü dedi: “Təəssüf ki, insanlarda pozitiv hadisələrə, xəbərlərə maraq ölür. Ancaq diqqət edin, hansısa neqativ video, xəbər paylaşılanda insanlar buna daha çox baxır, meyl edir. Meylləndikcə də insanın beynində özü də hiss etmədən dəyişikliklər baş verir. Həmin dəyişikliklər baş verdikdə isə insanın bütün sinir sistemləri pozulur. İntiharların baş verməsində ailədaxili münasibətlər də çox önəm daşıyır. Ailədə sevilməmək, duyulmamaq, təklənmək, qəbul edilməmək, səhvlərini hər zaman üzünə vurulması da çox hallarda intihara səbəb olur”.

Qeyd edək ki, dini baxımdan da bir insanın canına qəsd etməsi günah hesab edilir. İlhaiyyatçılar bildirirlər ki, azacıq dini biliyi olan insan heç vaxt intihara əl atmaz. Dini ekspert Kənan Rövşənoğlu intihar edən insanın böyük günah işlədiyini və cəhənnəmə gedəcəyini dedi: “İslam mətnləri açıq şəkildə bildirir ki, özünə qəsd edən günahkardır, cəhənnəmə gedəcək. İslam dininin məntiqinə görə, insan Allahın ona verdiyi cana qəsd etməməlidir. Çünki can Allahın əmanətidir. Tanrının əmanətinə insanların sahib çıxmaması, özlərinə qəsd etməsi İslama görə, ən ağır günahlardandır. Eyni zamanda çoxlu sayda hədis və İslamın ilk illərinə aid rəvayətlər var ki, burada Məhəmməd Peyğəmbərin (s.ə.s) öz dilindən intihar, özünəqəsd pislənilir. Azacıq, səthi dini bilgisi olan insan özünə qəsd etməz”.