| Xəbər 6473 dəfə oxunub
“Təkcinsli məktəblər açılsın” təklifinə reaksiyalar

Son günlər Azərbaycan məktəbləri və məktəbliləri ilə bağlı bir-birindən fərqli informasiyalar mediada ciddi müzakirə yaradıb. Bir ay öncə Bakının mərkəzindəki məktəblərdən birində iki azyaşlı şagirdin intim görüntülərinin yer aldığı videonun yayılması, ardınca təhsil eksperti Kamran Əsədovun “məktəbli qızların abortu” ilə bağlı məlum açıqlaması onsuz da valideynlərin gərilmiş əsəblərini daha da gərginləşdirdi. Ardınca isə cəmiyyətdə bu hallara qarşı mübarizə vasitəsi kimi oğlan və qız şagirdlərin ayrı-ayrı siniflərdə, məktəblərdə oxuması ilə bağlı təkliflər səslənməyə başladı. Bu təklif müəlliflərindən biri də millət vəkili Fazil Mustafa oldu.

“Yeni Müsavat”ın martın 12-də facebook üzərindən həyata keçirdiyi canlı yayım verilişində də bu təklif müzakirə edildi və oxuculardan gələn reaksiyalar arasında buna dəstək verənlərin çoxluq təşkil etdiyi üzə çıxdı.

“Yeni Müsavat” isə ekspert rəylərinə keçmədən öncə kiçik bir gəzişmə apararaq, dünyanın hansı ölkələrində oğlan və qız şagirdlərin ayrı təhsil alması ilə bağlı faktları toplayıb.

Avropa və Amerikada təkcinsli təhsil nümunələri - fərqli, ilginc təcrübələr

Amerikada sadəcə qızların təhsil aldığı universitetlərin yarıya qədəri kilsələrə və dini cəmiyyətlərə aiddir. Yüzlərlə qız universiteti və qız kolleci olan ABŞ-da bu məktəblərin akademik uğuru bu məktəblərə qarşı güclü tələbatın da ortaya çıxmasına səbəb olub. Bu ayırmanın təhsildə keyfiyyət artımına səbəb olduğunu görən bir çox dövlət məktəbi də qız və oğlanlara ayrı sinif açmağa başlayıb. 1995-ci ildə 3 dövlət məktəbində həyata keçirilən “ayrı-ayrı təhsil sistemi” 2009-cu ilə gələndə 500 məktəbi aşmış vəziyyətdədir.

ABŞ miqyasında qız məktəblərinə gedən şagird faizi %2 olduğu halda, ABŞ Senatı və konqresdəki qadınların 20 faizi də, sadəcə, qızların getdikləri məktəblərdən məzun olublar. Amerikada xarici işlər naziri vəzifəsində olan və son prezident seçkilərində demokratların namizədi olan Hillari Klintonun da Vellesley Qız Universitetində oxuduğu məlumdur. Amerikada bu gün 84 qız universiteti var.

2011-2012 tədris ilində tək cinsiyyətli təhsil verən məktəblərin sayı 506-ya qədər artıb. Bunların 116-sında təkcə qız, ya da təkcə oğlan şagirdlər olduğu halda, 309-unda qarışıq təhsil həyata keçirilməklə yanaşı, tək cinsiyyətli siniflər də var.

Yenə Amerikada 2008-ci ildə Stetson Universitetinin həyata keçirdiyi 4 illik  bir araşdırmanın nəticələrinə görə, qarışıq məktəbdə oxuyan kişilərin 55 faizində imtahanı uğurla verdikləri halda, təkcə kişilərin oxuduğu məktəbdə eyni imtahandakı uğur göstəricisi 85 faizə qədər artmışdı.

Avstraliya isə tək cinsiyyətli təhsilin ən çox yayıldığı ölkələrdən biri olsa da, qarışıq təhsil müzakirələri bu ölkədə də hələ davam etməkdədir. Avstralya Təhsil Bürosunun yayımladığı statistikalara görə, 1985-ci ildə orta təhsil səviyyəsindəki qız şagirdlərin 54 faizi, oğlan şagirdlərin isə 55 faizi tək cinsiyyətli təhsil verən məktəblərdə oxumaqdadılar. Ancaq 1995-ci ilə gəldiyimizdə bu faiz qız şagirdlərdə 45 faiz, oğlan şagirdlərdə isə 41 faiz geriləyib. 1985-ci ildən günümüzə qədər Avstraliyada tək cinsiyyətli təhsil verən məktəblərin sayında azalma olduğu görülür.

Avstraliyada tək cinsiyyətli təhsilin məqsədi daha yüksək dərs nəticələri və akademik uğur olaraq göstərilir. Sidneydə liseylərin 12 faizi tək cinsiyyətli təhsil verməkdədir. Avstraliyada 2010-cu ildə oğlan liseylərində “Yeniyetməlikdən kişiliyə” adlanan və gəncləri qadın-kişi münasibətlərinə hazırlayan bir dərs verilməyə başlanıb. Bu dərslə təkcə kişilik detalları yox, eyni zamanda qadınlara qarşı davranış məsələləri də tədris edilir.

Avropa Birliyinə (AB) üzv olan bütün ölkələrdə tək cinsiyyətli təhsil verən məktəblər var. Amma bu cür məktəblərin qurulması daha məsrəfli olduğundan onların çoxu özəl məktəblərdir. Avropa ölkələrindən Danimarka tək cinsiyyətli təhsilə keçid edən ilk ölkədir. Özəlliklə oğlan uşaqlarının uğur səviyyəsinin aşağı olması və qızlara daha çox imkan və özgüvən atmosferinin yaradılması düşüncəsi, Danimarkada tək cinsiyyətli məktəblərin açılmasında mühüm faktor olub.

tek cinsli okul ile ilgili görsel sonucu

İngiltərə Təhsil Nazirliyi də məktəblərdə şagirdlər arasındakı şiddət və davalara son vermək üçün tək cinsiyyətli təhsilə şərait yaradıb. İngiltərədə də tək cinsiyyətli təhsil sistemi tətbiq olunan 400-ə yaxın məktəb var. “İngiltərə Beynəlxalq Təhsil Araşdırmaları Qurumu”, 2002-ci ildə məktəbin böyüklüyü və tipinin (qarışıq və ya ayrı) akademik performans üzərindəki təsirlərini araşdırıb. Qurum tək cinsiyyətli dövlət liseylərinin geniş yayıldığı İngiltərənin hər tərəfindən 2954 lisey üzərində çalışıb. Qurumun bu araşdırma nəticəsində yayımladığı sənəddə qız və oğlan şagirdlərin akademik qabiliyyəti baxımdan tək cinsiyyətli məktəblərdə daha çox uğur qazandığı ortaya çıxıb.

Almaniyada isə özəl məktəb və kurslarda qarışıq təhsil məcburiyyəti olmadığı halda, dövlət məktəblərindəki qarışıq tədris məcburiyyəti də 2001-ci ildən etibarən aradan qaldırılıb. Almaniyada dövlət məktəblərini seçmək istəyən valideynlərə öz uşaqlarını qız və ya oğlan məktəblərində oxutmaq variantı təqdim edilir. Qız və oğlanların tamamən ayrılmadığı məktəblərdə dil, riyaziyyat, fizika, kimya, kompüter və idman kimi qız və oğlanların qabiliyyətlərinin fərqli olduğu dərslər ayrı keçirilir. Dövlətin təşviq etdiyi bu sistemdə tələbələrin öz uğurunu yüksəltdiyi qeydə alınıb.

İngiltərədə liseyi tamamlama imtahanı olan A level ve GCSE; (bizdəki qəbul imtahanı kimi) nəticələrinə baxaraq aparılan araşdırmaya görə, qız və oğlan şagirdlərin uğur faizi qarışıq təhsil verən məktəblərə görə daha yüksəkdir. Araşdırmaya görə, ilk üçlüyə girən məktəblərin hamısı özəldir.

Ekspertlər qeyd edirlər ki, qarışıq təhsil verilən məktəblərdə motivasiya əksikliyi və hədəfdən yayınma, diqqətin azalması kimi problemlər daha böyükdür.

Bütün hallarda Azərbaycanda bu sistemin həyata keçirilməsi ideyası hələlik sözdədir. Bunun ölkəmizi bir neçə əsr geriyə apara biləcəyini düşünənlərlə yanaşı, tərəfdarları da var. Dini ekspert Kənan Rövşənoğlu “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, qarışıq və ya tək cinsli təhsil mövzusu təkcə müsəlman ölkələrində deyil, dünyada müzakirə mövzusudur. Onun sözlərinə görə, bu da mövzunun dini və ya müsəlmanların məsələsi olmadığını göstərir: “Məsələn, Britaniyada 400, ABŞ-da isə 500-dən çox orta məktəbdə təkcinsli təhsil var. Bəzi məktəblərdə tamamən qız və oğlanlar ayrı siniflərdə təhsil alır, bəzilərində isə ümumi məktəblərdə bu cür ayrı sinifər var. Hətta 2012-ci ildə Hillari Klinton və daha bri neçə senatorun bununla bağlı müraciəti vardı, onlar da müdafiə edirdilər”.

Məsələnin dini aspektdən qiymətləndirilməsinə gəlincə, müsahibimiz dedi ki, İslam qanunlarında qadın və kişinin bir sinifdə dərs alması yasaqlanmır: “Amma şəriət hökmlərdə qadın və kişinin bir otaqda yalnız olması, həmçinin başörtüyü və sair kimi tələblərdən çıxış edərək bir çox şəriət alimləri qız və oğlanların bir sinifdə dərs almamalı olduğunu müdafiə edir. Bunu praktikada, İranda, Səudiyyə Ərəbistanı və daha bir çox ölkələrdə tətbiq edirlər”.

Azad isazadə ile ilgili görsel sonucu

Psixoloq Azad İsazadə isə hesab edir ki, bizdə belə təcrübə 30-40-cı illərdə olub. Amma daha sonra bu ənənənin yerini qarışıq məktəblər alıb. Müsahibimizin fikrincə, haqqında danışdığımız məktəbli probleminin həlli məktəblərin təkcinsli və ya qarışıa olmasından asılı deyil: “Təkcinsli məktəblərdə şagirdlərin əks cinslə yox, öz cinsi ilə əlaqələri qeyd olunur. Bu da xoş tendensiya deyil. Konkret məktəblilərlə bağlı yayılan videoda hadisənin baş verdiyi məkan məktəb olub, düzdür. Amma belə hadisələrin 80-90 faizi məktəbdən kənarda baş verir. Yeniyetmələr evlərdə görüşürlər. Bu problem hər zaman yeniyetmələr arasında vardı - 10 il öncə də, 100 il öncə də. Sadəcə, onda internet və mobil telefonlar bu qədər yayılmamışdı və ya ümumən yox idi. Görüntülər də sosial şəbəkələrə düşmədiyi üçün olaya çevrilmir”.

A.İsazadə vurğuladı ki, problem məktəbdə deyil. Bəzən bu sayaq hadisələr üçün məktəb, sadəcə, məkan olur:“Məktəbdə məkan olmasa, başqa yerdə məkan tapılacaq. Məktəblilərdə praktiki cinsi savad sıfır dərəcəsindədir. Nə ailədə, nə də məktəbdə bu savad verilir. Avropada cinsi savad məktəbdə açıq formada göstərilib. Bizə müsəlman əhalisi olan ölkə üçün belə açıqlıq lazım deyil. Cinsi savadı təkcinsli qruplara bölüb, dərs keçməklə şagirdlərə vermək olar. Uşaqların hüquqi savadı da yoxdur. Onlar anlamırlar ki, belə videoları yaymaqla və ya hansısa neqativ hərəkətləri etməklə cinayət törədirlər”.