| Xəbər 6008 dəfə oxunub
İnsan yaşlandıqca paxıllığı da azalır

Paxıllıq hissi həm kişilərə, həm də qadınlara xas bir xüsusiyyətdir. Bununla belə, bu hiss 30 yaşına qədər olan insanları daha çox özünə tabe edir - bu iddianı San Diegoda Kaliforniya Universitetinin alimləri ediblər.

Psixologiya professoru Christine Harris və onun tələbəsi Nicole Henniger tədqiqat çərçivəsində iki müstəqil təcrübə həyata keçiriblər. Birinci təcrübə 18 yaşdan 80 yaşa kimi olan 987 insan arasında keçirilib. İnsanlardan bu hissi keçirib-keçirmədiklərini soruşublar. İkinci sorğuda isə 843 nəfərdən paxıllıq obyekti olub-olmadıqlarını soruşublar.

Təhlilin nəticələrinə görə, təcrübədə iştirak edənlərin çoxu son il ərzində bu hissi keçirdiklərini etiraf ediblər. Onlardan 79,4 faizi qadın, 74,1 faizi isə kişi olub. Bununla belə, 80 faiz otuz yaşdan aşağı insanlar ətrafındakı insanların uğurlarına paxıllıqla yanaşdıqlarını boyunlarına alıblar. Bununla da tədqiqatçılar belə qərara gəlib ki, yaş artdıqca insanların paxıllıq hissi də azalmağa başlayır.